"Keşikçidağ məsələsi ancaq hüquqi müstəvidə çözülə bilər” - Nazir müavini




"Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir. Bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir".
ONA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur: "Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Bu, dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.
X.Xələfov deyib ki, Azərbaycan və Gürcüstan 100 ildən artıqdır bu sərhədlər çərçivəsində yaşayır: "Sovet vaxtında da, Sovet İttifaqı dağılandan sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək. Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur. Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir".
O qeyd edib ki, hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji işlər görülüb: "Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz. Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu