Uşaqlar niyə dərsdən qaçır ? - Ekspertdən ətraflı izah

Nadir İsrafilov: “Çünki, dərsə həvəsi, məktəbə marağı yoxdur. Valideyni də onun harda, nə işlə məşğul olduğuna biganədir. Deməli, məsələyə kompleks yanaşma tələb olunur”



Dərsdən qaçan şagirdin videosu yayılıb. Hadisə 239 saylı orta məktəbdə qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videoda görünür ki, şagird dərsdən qaçmaq üçün məktəbin 2-ci mərtəbəsindən atlayaraq həyatını təhlükəyə atır. Bütün bunlar isə məktəbin nəzarət sistemində boşluğun olmasından xəbər verir. Maraqlıdır, baş verənlərdə günah kimdədir - məktəb rəhbərliyində yoxsa, şagirddə?

Sualımızı cavablandıran təhsil üzrə mütəxəssis Nadir İsrafilov "Sherg.az”a bildirib ki, məktəblərdə baş verən adi, sıradan bir məsələni videoya çəkmək, ona müxtəlif məzmun verib sosial şəbəkələrdə paylaşmaq, xüsusilə kütləvi mediada tirajlamağın və televiziya kanallarında yayılmasının qəti əleyhinədir.

Ekspert qeyd edib ki, bu kimi hallar sosial xarakterli təzahürlərdir və ictimai həyatımızda baş verənlər istənilən neqativlər məktəbə də təsirsiz ötüşmür:

"Cəmiyyət dərsdən qaçanı qınayır. Bəs, ailədən, taleyindən, bəxtindən, özündən qaçanlar azdır? Dediklərim heç də yeniyetmə və gənclərlə təlim-tərbiyə işlərinin təşkilində məktəbin rolunu və xüsusi çəkisini azaltmır. 

İstəsək də, istəməsək də etiraf etməliyik ki, hazırda təhsil müəssisələrində təlim-tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını tam itirməsə də, müəyyən deqradasiyaya uğraması istisna olunmur. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. 

Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımi səviyyədə təmin etmir. Zəmanəmizdə tərbiyə işi bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. 

Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd qəbul olunsa belə, bu prosesin səmərəli təşkili məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, uşaqları sevməsindən, onlarlarla canlı ünsiyyət qurmaq bacarığından asılıdır. Uşaq niyə dərsdən qaçır ? Çünki, dərsə həvəsi, məktəbə marağı yoxdur. Valideyni də onun harda, nə işlə məşğul olduğuna biganədir. Deməli, məsələyə kompleks yanaşma tələb olunur”.

Yeganə Bayramova



Paylaş

Bizi Facebookda izləyin
menu
menu