“Uşaq pulunun bərpasına ehtiyac var” - Deputat





Son zamanlar Milli Məclisdə uşaq pulunun yenidən bərpası ilə bağlı məsələ gündəmə gətirilir. Bununla bağlı müəyyən təkliflər də səsləndirilib. Millət vəkili Fazil Mustafa bildirib ki, uşaq pulu anlayışı yenidən gündəmə gəlməli və bərpa olunmalıdır.

Onun sözlərinə görə, uşaqların sağlamlıq problemlərinin vaxtında həlli və keyfiyyətli qida ilə təmin olunması baxımından, uşaq pulunun bərpası çox əhəmiyyətlidir. Büdcədən 120 milyon tələb olunur ki, ən azı 6 yaşa qədər uşaqlara uşaqpulu verilsin. Bunu ünvanlı etmək, bir çox imkanlı ailələrə bunu tətbiq etməmək də olar. Hər halda, uşaqların sağlamlığı naminə bu, çox zəruri məsələdir.

Həmkarı ilə razılaşdığını deyən millət vəkili Vahid Əhmədov "Sherg.az”a açıqlamasında uşaq pulunun bərpasına ehtiyac olduğunu bildirib:

"Uşaq pulu ilə əlaqədar Milli Məclisin həm komitələrində, həm də plenar iclaslarında müəyyən müzakirələr gedir. Ümumiyyətlə, son vaxtlar Azərbaycan sosial sahədə çox ciddi islahatlara start verdi. Ölkə başçısı tərəfindən mühüm fərman və sərəncamlar imzalandı. Bu sənədlərin icrası ilə əlaqədar olaraq təxminən 2.5 milyon manata yaxın əlavə vəsait xərclənib.

Uşaq pulunun bərpası ilə bağlı konkret maliyyə mənbələrini nəzərdən keçirmək lazımdır. Ümumilikdə isə bu məsələ gündəmdən düşmür. Uşaqlara müəyyən vəsaitin ayrılmasının tərəfdarıyam. 

Çünki Azərbaycanda həmişə bu sahəyə daha çox diqqət yetirilib. Yəni, ailədə uşaqların sayı da kifayət qədər artıb. Artıq biz 10 milyonuq. Ona görə də, uşaq pulunun verilməsi məsələsinə baxılmalıdır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu