Narkotikdən öldü





Mayın 9-da Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxması və itkin düşməsi barədə müraciət olunub.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, itkin düşmüş şəxsin meyiti mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğan üzünə və palaza bükülmüş vəziyyətdə tapılıb.
DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib və müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İlham Cəbiyev olduğu müəyyən edilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirildiyi müəyyən edilib.
F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron "Gənclər" şəhərciyindəki kirayədə yaşadığı evə gəldiyini və orada artıq miqdarda narkotik vasitə qəbul etdikdən sonra öldüyünüi, mayın 10-na keçən gecə qohumuna məxsus "Mercedes” markalı avtomobildə cəsədi qeyd edilən yerə apardıqlarını bildirib.
Araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu