Güclü ordumuz var: “İstənilən vaxt işğaldakı ərazilərimizi geri qaytarmağa hazırıq”





"Bu günün Azərbaycanı ən güclü orduya, ən güclü silahlara və ən güclü kadr potensialına malikdir. Azərbaycan Ordusu Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmrlərini yerinə yetirməyə hazırdır. Ordu düşmənlə təmas xəttindəki mövqelərdə müdafiə xarakterli hərbi tapşırıqları yerinə yetirir. Əsas vəzifə həmin xətti müdafiə etmək və təmas xətti yaxınlığındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdir”.

Bunu "Sherg.az”a ehtiyyatda olan polkovnik Şair Ramaldanov Silahlı Qüvvələrimizin gücündən danışarkən deyib.

Polkovnik vurğulayıb ki, əsas vəzifə istənilən xarici təcavüzü dəf etmək, ərazilərimizi erməni qəsbkarlarının işğalından azad etməkdir:

"Azərbaycan Ordusu bilir ki, istənilən vaxt işğal olunmuş torpaqları geri qaytarmağa hazır olmalıdır. Və buna Silahlı Qüvvələrimiz hər zaman hazırdır.
Hərbi elm inkişaf edir, yeni silahlar yaranır, hərbi əməliyyatlardan və qarşıya qoyulan vəzifələrdən çıxış edərək Ordumuz bütün zəruri texnika ilə təchiz edilir”.

Ordumuzun kadr potensialına gəlincə, polkovnik Ramaldanov qeyd edib ki, ölkədə onların hazırlanması üçün çox perspektivli proqramlar mövcuddur:

"Cəmşid Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir ki, orada gənclər özlərini hərbçi kimi görürlər və artıq məktəb partası arxasında hərbi işlərin əsaslarını öyrənirlər. Ali hərbi məktəblər fəaliyyət göstərir. Eyni zamanda mayordan başlayaraq yuxarı səviyyələrə qədər zabit hazırlayan hərbi məktəblər var.
Azərbaycan ordusunun vəziyyəti ildən-ilə yaxşılaşır. Hərbi qulluqçuların sayı azalmır, əksinə, müddətdən artıq hərbi xidmət keçənlərlə bağlı keyfiyyət yaxşılaşıb. Hərbi xidmətdən sonra zəruri ixtisaslar üzrə hazırlıq kursu keçib, sertifikat alıb, sonra peşəkar səviyyədə öz vəzifələrini yerinə yetirirlər".

Ş.Ramaldanov bir daha qeyd edib ki, Silahlı Qüvvələrin zabir və əsgərləri Prezident İlham Əliyevin komandasını gözləyirlər:

"Ölkə başçısının da qeyd etdiyi kimi, güclü Azərbaycan Ordusu hər an erməni terrorçularının işğalda saxladığı ərazilərimizi azad etməyə hazırdır. Düşmən Azərbaycan torpaqlarından çıxmalıdır. Bu birmənalı mövqeyimizdir. Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Əgər düşmən müvafiq nəticələr çıxarmasa, Silahlı Qüvvələr öz gücünü göstərəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan Ordusunun gücündən də danışıb.
Ölkə başçısı vurğulayıb ki, Ordunun gücünü artırırıq: "Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır".

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu