Təcili Yardım neyləsin?

"Çağırışa gedən həkimlər ünvan tapa bilmir"


Xırdalan şəhərində təcili tibbi yardım maşını çağırışa nə az, nə çox, tam 1 saat gecikib. Axşam çağı Xırdalan şəhərinin mərkəzində 40 yaşlarında bir nəfərin halı pisləşib. Ətrafdakılar ona ilkin yardım göstərməyə çalışıb. Kimsə təzyiqini ölçüb, başqa birisi su içirib. Və Təcili Tibbi Yardıma zəng ediblər. Lakin Təcili Yardım briqadası 1 saat sonra zəng edib ünvanı soruşub. Onlara da cavab verilib ki, «xəstə sağaldı, çıxıb getdi». Təcili yardım briqadasının həkimi isə əlacsız halda etiraf edib ki, həkim sayı azdır: «Nə edək? 3 «ambulans», 3 də həkim briqadası var. Hökməliyə gedən «skorı» Xırdalana ancaq 1 saata qayıda bilir».

Həqiqətən də Abşeron rayonu ərazisi üçün Təcili Yardım briqadalarının sayında çatışmazlıq varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev «Şərq»ə bildirdi ki, təcili yardım maşınlarının sayı ərazi üzrə qeydiyyatda olan əhalinin sayına uyğun müəyyənləşir. Təcili yardım maşınları hər bölgəyə kifayət qədər verilib.

Daha ətraflı məlumat almaq üçünsə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlamağımızı məsləhət gördü.

R.Nağıyev də «Şərq»ə açıqlamasında təcili yardım briqadalarının əhali sayına görə müəyyənləşdiyini dedi:

- Əhali yaşadığı ərazi üzrə qeydiyyata düşməlidir. Heç kim bilmir ki, hansı ərazidə nə qədər əhali məskunlaşıb. Sovet dövründə əhali yaşadığı yer üzrə mütləq qeydiyyata alınırdı. Belədə bilinirdi ki, hansı ərazidə, hansı inzibati rayonda əhali sayı nə qədərdir, təcili yardım briqadaları da buna müvafiq müəyyənləşirdi. İndi vəziyyət fərqlidir. Çağırışa gedən həkimlər ünvan tapa bilmir. Vətəndaşlarımız gərək özləri qeydiyyata alınmaqda maraqlı olsunlar. Dövlətimiz qeydiyyat prosedurlarını xeyli asanlaşdırıb. 

Hündürlüyü 12 metrdən aşağı olan tikililər problemsiz qeydiyyata alınır. Bəli, sənədsiz evlər, qanunsuz tikililər var. Amma yaşayış binalarının qeydiyyata alınması proseduru sadələşdirildi. Fərdi evlərdə yaşayanlar da fərdi qaydada lazımi instansiyalara müraciət edib, qeydiyyata düşməlidirlər. Bizim camaat deyir ki, mən harada yaşayıram, həkim ora gəlsin. Gərək həkim – təcili yardım ünvanı bilsin ki, gəlsin də. Qeydiyyat əsas problemdir. Bu məsələ mütləq həllini tapmalıdır. Paytaxtda təcili yardım briqadaları əhalinin sayına görə ayrılıb. Qeydiyyatda olmayanlar problemi isə həqiqətən də təcili tibbi yardımın işini çətinləşdirir.

Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında təcili tibbi yardım sistemində həkim briqadalarının sayının az olduğunu bildirdi:

- Söhbət Abşeron rayonundan gedirsə, 3 həkim briqadası həqiqətən də azdır. Xırdalan özü böyük şəhərdir artıq. Orada görün, nə qədər əhali məskunlaşıb. 3 həkim briqadası bu qədər əhaliyə necə təcili xidmət göstərə bilər? Bu, faktiki mümkün deyil. Eyni problem başqa ərazilərdə də təkrarlanır. Günəşli-Qaraçuxur ərazisində əhalinin sayı artıb. Qaraçuxur özü də böyük qəsəbədi. Bəzən təcili yardım çağırışa 40 dəqiqə gecikir. Bu o demək deyil ki, həkim oturub bekar, çağırışa getmir. Xeyr. Həkim briqadaları bir çağırışdan digərinə gedib çatınca, vaxt itkisi yaranır.

 Çünki çağırışlar çoxdur, ərazilər kifayət qədər böyükdür, vətəndaşın dəqiq ünvanı yoxdur. Bəzən təcili yardım briqadası bir ünvansız ünvanı tapmaq üçün xeyli vaxt sərf etməli olur. Əhalinin də sayı xeyli artıb. Urbanizasiya prosesi gedir. Bakıda böyük sıxlıq var hazırda. Qeydiyyatsız yaşayanlar, müvəqqəti məskunlaşanlar. Bunlar hamısı təcili yardımın işinə mane olur, operativliyin təmin edilməsini çətinləşdirir. Təcili yardım briqadaları isə 20 il əvvəlin statistikası ilə hesablanıb. 20 il əvvəlki əhali sıxlığı hara, indiki sıxlıq hara?! Təcili Yardıma Çağırış stansiyasında telefon zənglərini qəbul etmək üçün 70-80 xanım əyləşib, heç çatdıra bilmirlər.

Ş.Məmmədov Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılmasını vacib sayır:

- Səhiyyə Nazirliyi qarşısında mütləq məsələ qaldırılmalıdır ki, həkim briqadalarının sayı artırılsın. Təcili yardımda həkim ştatı da artırılsın. Təcili yardımda həkim ştatı azdı deyə, çağırışlara gecikmiş gedirik. Döyülürük, söyülürük…

Məlahət 




Paylaş

Bizi Facebookda izləyin
menu
menu