Uşaq bağçaları Təhsil Nazirliyinə verilməlidir

Rüşvəti təşkil edən icra hakimiyyətləridir



Azərbaycan təhsil sistemində valideynləri ciddi narahat edən problemlərdən biri də uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrinin vəziyyətidir. Etibarlılıq, keyfiyyət və güvən bir yana, qəbul məsələləri də şikayət doğurur. Müraciət zamanı uşaq bağçalarında ya "yer olmur”, ya da qəbul müqabilində müəyyən məbləğdə pul tələb edilir.

Çoxsaylı şikayətlər əsasında Bakı Şəhər İcra Hakimiyyəti bu barədə yeni qərar qəbul edib. İlin sonuna kimi bağçalara qəbulun elektronlaşdırılması həyata keçiriləcək. Gələn ildən uşaqlar bağçalara məktəblərdə olduğu kimi elektron qaydada qəbul olunacaqlar. Amma valideynlər bu məsələdə nikbin deyillər. Onlar düşünür ki, bu, formal xarakter daşıyacaq və pulsuz heç kimin uşağı bağçaya qəbul olunmayacaq.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, valideynlər tam haqlıdırlar. Elektronlaşdırılma həyata keçirilsə də, mütləq bir əngəl ortaya qoyacaqlar:

 "Misir Mərdanovun təhsil naziri işlədiyi dövründə deyəndə ki, orta məktəblərdə rüşvət var, qeyd etmişdi ki, məktəblərdə rüşvəti təşkil edən icra hakimiyyətləridir. Bu, Misir Mərdanovun idarəçiliyi dövründən bəri davam edir. İcra hakimiyyəti uşaq bağçalarını məhz o məqsədlə ələ keçirib. Çünki orda ərzaq var. İstəyirlər həm pedaqoji sahəni idarə etsinlər, həm də ərzaq məsələsini.

 Yalançı təhsil ekspertlərini öyrətdilər ki, guya, uşaq bağçalarındakı çatışmazlıqlar Təhsil Nazirliyinin zəifliyi ilə əlaqədardır. Prezident Aparatından tənqidlər gəldi, sonra bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verdilər. BŞİH-nə ona görə verdilər ki, uşaq bağçalarının qaymaqlarını deputatlar öz aralarında böldülər. Biri bacısının, biri yoldaşının, biri qızının adına özəlləşdirdi. Yerdə qalan uşaq bağçaları isə dövlət sektorunda qaldı və onlar da BŞİH göstərişi ilə rüşvət "işi” ilə məşğul olmağa başladılar. Bu azmış kimi, deputatlar qanun qəbul edərək, özəl bağçaları dövlət rüsumundan azad etdilər. Halbuki, onlar dövlətə rüsum ödəməlidirlər. Uşaq bağçalarını yaxın adamlarının adına özəlləşdirmişdilər, özlərinin idi və dövlətə vergi ödəmək istəmirdilər. Elə indi də bu cür davam edir”.

Ekspert məsələnin yeganə həll yolunun uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılması olduğunu vurğuladı: 

"Elektronlaşma hələ problemin həlli demək deyil. BŞİH-dən soruşmaq lazımdır ki, sən administrativ təşkilatsan, yoxsa pedaqoji orqan? Administrativ orqansansa, get administrasiya işləri ilə məşğul ol, şəhərə başçılıq et. Yox, pedaqoji orqansansa, get siniflərdə dərs de. Birmənalı olaraq uşaq bağçaları Təhsil Nazirliyinə verilməlidir. Sizi əmin edirəm ki, uşaq bağçaları Təhsil Nazirliyinə verilsə, o, elektronlaşdırılacaq və heç bir vaxt valideynlərdən şikayət eşitməyəcəksiz. Mən valideynləri çağırıram ki, bu məsələyə qarşı çıxsınlar. 

Uşaq bağçalarının BŞİH-dən alınıb, Təhsil Nazirliyinə qaytarılmasını tələb etsinlər. Uşaq bağçaları BŞİH-nin tərkibində qalsa, elektronlaşma aparılsa belə problem həll olunmayacaq. Çünki bu orqanın işi elə korrupsiyadır. Biz bunu təcrübədə görmüşük. Elə bir uşaq bağçası yoxdur ki, orda bu problem olmasın. Təhsil Nazirliyi bu cür məsələlər üçün mexanizm yaradır. Həmin mexanizm əsasında rüşvət almaq mümkün olmur”.

Sevda Ulutau

Paylaş

Bizi Facebookda izləyin
menu
menu