"Möhtəşəm film çəkilməlidir" - Tarixçi Əhməd bəy Ağaoğludan danışdı

Nəsiman Yaqublu: "Bakıda Əhməd bəyin ev muzeyinin yaradılması haqqında düşünməliyik"
"Eyni zamanda Türkiyə dövləti qarşısında məsələ qaldırılmalıdır. Çünki Ə.Ağaoğlu təkcə Azərbaycana deyil, eynilə Türkiyə cəmiyyətinə aid böyük şəxsiyyətdir"


Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın, daha sonra isə Türkiyənin ictimai-siyasi və fikir həyatına yön verən önəmli şəxsiyyətlərdən biri olub. Müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan, türkçülük ideologiyasının banilərindən sayılan Əhməd bəy Ağaoğlu türklərin milli oyanışında müstəsna xidmətlər göstərib. AXC-nin 23 aylıq varlığında, Azərbaycanın demokratik imicinin formalaşmasında, Qafqaz İslam Ordusunun formalaşmasında və digər hadisələrdə onun rolu danılmazdır. Bu baxımdan böyük düşüncə adamının zəngin irsinin bütün tərəfləri ilə daha ətraflı araşdırılmasına ciddi zərurət var. 

Ona görə də Prezident İlham Əliyev tərəfindən Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı imzalanan Sərəncam böyük əhəmiyyət kəsb edir və araşdırmaçılar üçün yeni imkanlar yaradır. Mövzu ilə bağlı suallarımızı cavablandıran Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi-alim Nəsiman Yaqublu da hesab edir ki, dövlət başçısının Sərəncamı fonunda ciddi və dəyərli işlər görülməlidir...

- Nəsiman müəllim, Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı verilən Sərəncamı necə dəyərləndirirsiniz?

- Sərəncamın imzalanması müsbət haldır. Amma əsas məsələ Sərəncamın məzmununa uyğun iş görməkdir. Bəzən sərəncamlar verilir, amma görülən işlər qənaətbəxş olmur. Hansısa görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsi və ictimaiyyətə çatdırılması baxımından ya az iş görülür, ya da mənasız işlər həyata keçirilir. Cümhuriyyətin 100 illiyi, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və başqa şəxsiyyətlərlə bağlı ortaya qoyulan işləri qənaətbəxş saymıram. Halbuki, daha geniş proqramlar hazırlamaq üçün hər cür imkan var. Ümid edirəm ki, Əhməd bəy Ağaoğlu ilə bağlı daha çox iş ortaya qoyulacaq. İlk növbədə onun Azərbaycandakı fəaliyyəti və cəmiyyətə verdiyi faydalar dərindən araşdırılmalıdır. İkincisi isə Əhməd bəy Ağaoğlunun Türkiyədəki xidmətləri geniş tədqiq olunmalıdır. Hər iki məqam ətraflı öyrənilməlidir. 70 il sovet dövründə Əhməd bəy Ağaoğlu araşdırılmayıb. Onun həyat və fəaliyyətinin öyrənilməsi qadağan edilib. Ona görə də ortada ciddi problemlər və çatışmazlıqlar var.

- Əhməd bəyin zəngin irsini, çoxşaxəli fəaliyyətini qısaca necə qiymətləndirirsiniz?

- Əhməd bəy Ağaoğlu Azərbaycanda qərbçilik və müasir avropaçılıq hərəkatının əsasını qoyan bir şəxsiyyətdir. Azərbaycan cəmiyyətinə Qərb təfəkkür tərzini, düşüncə tərzini gətirənlərdən də biri məhz Əhməd bəy Ağaoğludur. O, mətbuat tariximizə də böyük yeniliklər bəxş edib. "İrşad” qəzetini yaradıb, "Kaspi” və digər mətbu orqanlarda fəaliyyət göstərib. "Difai” təşkilatını təsis edərək, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlara qarşı cəsarətlə mübarizə aparıb. Bu məsələlərin hamısı ayrı-ayrılıqda təhlil edilməlidir.

- Ə.Ağaoğlunun adının əbədiləşdirilməsi üçün ilk növbədə hansı addımlar atılmalıdır? Yubileylə bağlı təklifləriniz nələrdir?

- Bakıda Əhməd bəyin ev muzeyinin yaradılması haqqında düşünməliyik. Onu daim yada salmaq üçün ev muzeyinin olması zəruridir. Haqqında möhtəşəm film çəkilməlidir. Həmçinin, Əhməd bəy Ağaoğlunun biblioqrafiyası buraxılmalıdır. Yazdığı məqalələrin biblioqrafik göstəricilərindən ibarət məlumat-sorğu kitabı hazırlanmalıdır. Ən əsası isə Əhməd bəyin qarabağlı olması, Şuşada doğulması xüsusi qabardılmalıdır. Torpaqlarımızı işğal altında saxlayan ermənilərə bir daha sübut edilməlidir ki, Şuşa tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Bu torpaqdan Əhməd bəy Ağaoğlu kimi görkəmli mütəfəkkirlər çıxıb. Əhməd bəy Şuşada fransız dilindən dərs deyib, bu məsələ də ciddi qabardılmalıdır. Görüləsi işlər çoxdur. Prosesə mütəxəssislər və tədqiqatçılar cəlb edilməlidir. Eyni zamanda Türkiyə dövləti qarşısında məsələ qaldırılmalıdır. Çünki Ə.Ağaoğlu təkcə Azərbaycana deyil, eyniylə Türkiyə cəmiyyətinə aid böyük şəxsiyyətdir. Onun Atatürklə yaxın çalışmaları, mətbuat səhifələrində ardıcıl çıxış etməsi, "Anadolu Agentliyi”nin yaradılmasındakı mühüm rolu, hüquq sahəsində pedaqoji fəaliyyəti, Türkiyə Böyük Millət Məclisinə iki dəfə deputat seçilməsi və s. uğurları dərindən tədqiq olunmalıdır. Təkrar vurğulayıram ki, onun zəngin irsini tədqiq edən tarixçilər mütləq işə cəlb olunmalı və prosesə dövlət qayğısı göstərilməlidir.

- Onun ideyalarının bəzən düzgün anlaşılmadığı, M.Rəsulzadə ilə aralarında ziddiyyət olduğu və s. məqamlar da gündəmə gətirilir. Yubiley fonunda belə məsələlərin qabardılmasına ehtiyac varmı?

- Əhməd bəy Ağaoğlu ilə M.Rəsulzadə arasında heç bir fikir ayrılığı olmayıb. Bütün görkəmli şəxsiyyətlərimizin əsas amalı Azərbaycanı müstəqil dövlət kimi görmək idi. Onların hamısı bu istiqamətdə çalışıblar. Sadəcə "İttihadçılar” adlanan müəyyən qruplar və cərəyanlar var idi. Onlar təklif edirdilər ki, Azərbaycan bir konfederasiya şəklində Türkiyə ilə birləşdirilsin. Rəsulzadə isə Azərbaycanın müstəqil bir dövlət olaraq fəaliyyət göstərməsini daha uyğun görürdü. Unutmayaq ki, Əhməd bəy siyasi xadim idi və Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmişdi. Yəni müstəqil insan kimi ölkəmizə gəlməmişdi.

 Bu məqama diqqət yetirmək lazımdır. Əhməd bəy Nuru Paşanın müşaviri kimi Türkiyənin mövqeyini müdafiə edirdi və müdafiə etməyə borclu idi. Ancaq Ağaoğlu ilə Cümhuriyyət qurucuları arasında ciddi qarşıdurma, ziddiyyət olmayıb. Nəticədə həmin şəxsiyyətlərin atdığı addım nəticəsində Azərbaycan xalqı müstəqil dövlətini qura bilib. Ona görə də tarixdəki hansısa xırda elementləri şişirtmək, fəlakətə çevirmək, Ağaoğlu ilə Rəsulzadə arasında ideoloji yanlışlıq kimi təqdim etmək doğru deyil. Onların hər ikisi Vətəni seviblər və aralarında ciddi fikir ayrılığı olmayıb. Əgər iddia edildiyi kimi hansısa qarşıdurma var idisə, Əhməd bəy Ağaoğlu niyə Azərbaycan Parlamentinə deputat seçilirdi?! O, Rəsulzadə ilə eyni parlamentdə əyləşib və birgə mübarizə aparıb. Sonda hamısı eyni məqama gəliblər. O məqam da Azərbaycanın müstəqilliyi idi.

- Bildiyimiz kimi, Əhməd bəy kimi övladları - Sürəyya, Tezər xanım və oğlu Səməd də Türkiyənin ictimai-siyasi tarixində mühüm rol oynayıblar. Sərəncam fonunda bütövlükdə Ağaoğlu ailəsinin tədqiq edilməsi məqsədəuyğun olarmı?

- Çox istərdim ki, "Türkiyə Cümhuriyyətində Ağaoğluların rolu və fəaliyyəti” ayrıca mövzu kimi işlənilsin. Təklif edirəm ki, Türkiyədə Ağaoğlularla bağlı beynəlxalq bir Konfrans da keçirilsin. Elə konfransın adı "Türkiyə Cümhuriyyətində Ağaoğluların rolu və fəaliyyəti” olsun. "Azərbaycan Cümhuriyyətində Əhməd bəy Ağaoğlunun rolu və fəaliyyəti” adlı digər bir tədbiri də Azərbaycanda keçirək. Hər iki konfransın beynəlxalq səviyyədə keçirilməsinə böyük ehtiyac var. Türk dünyası sadəcə Əhməd bəyi deyil, böyük Ağaoğlular nəslini, onların önəmli fəaliyyətini yaxından tanımalıdır.

- Tarixçi-alim kimi Əhməd bəy Ağaoğlunun yubileyinə hər hansı töhfə verəcəksinizmi?

- Yaxın günlərdə Əhməd bəy Ağaoğlu ilə bağlı çox maraqlı bir işə başlayacam. Əhməd bəyin fəaliyyətinin indiyədək öyrənilməyən tərəflərini araşdıracam və dəyərli bir kitab hazırlayacam. Hələlik konkret açıqlama vermək istəmirəm. Çünki işə dəstək verilməsi ilə bağlı danışıqlar gedir. Əgər razılıq olacaqsa, ortaya yaxşı bir iş qoyacam. Qısaca onu deyim ki, Əhməd bəyin həyatının Fransa dövrünün, Şuşadakı pedaqoji fəaliyyətinin və Türkiyədəki xidmətlərinin araşdırılmayan mühüm məqamları yeni əsərdə öz əksini tapacaq.

İsmayıl Qocayev



Paylaş

Bizi Facebookda izləyin
menu
menu