İmkan vermək olmaz

Məhəmməd Əsədullazadə: "Rusiyanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması ölkəmizin geosiyasi maraqlarına ziddir"




Rusiya Azərbaycanın mühüm layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatından istifadə etmək niyyətində olduğunu bildirib. Moskva bu dəmiryolundan yararlanmaqla yüklərini Türkiyəyə, eyni zamanda əks istiqamətdə Rusiyaya daşınmasına nail olmaq istəyir. Məlumdur ki, təcavüzkar Ermənistan da mühüm dəmiryolu xəttindən istifadə etmək məqsədini heç vaxt gizlətməyib. Hətta Gürcüstanın da razılığını ala bilib. 

Lakin Azərbaycanın kəskin mövqeyi nəticəsində işğalçı ölkə layihədən tamamilə kənarda saxlanılıb. Ancaq Azərbaycan və Türkiyə Rusiyanın bu marşrutdan istifadə etməsinə etiraz etməyib. Məsələ ondadır ki, bu dəfə rəsmi Tbilisi Rusiyanın sözügedən dəmiryoluna qoşulmasına etirazını bildirib.

Mövzu ilə bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın geosiyasi layihəsidir. Amma burada Türkiyə və Gürcüstanın da müəyyən söz sahibliyi var:

 "Dəmir yolu Rusiyadan yan keçməklə Çindən gələn yüklərin Avropaya daşınmasının ən qısa marşrutudur. Bundan əlavə, bu dəmir yolu iqtisadi layihədən əlavə, siyasi layihədir. ABŞ birbaşa bu marşruta dəstək verib. Azərbaycanın razılığı olmadan heç bir ölkə dəmiryolundan istifadə edə bilməz. Həmçinin, bu haqq Türkiyə və Gürcüstana da şamil olunmalıdır. Hesab edirəm ki, Rusiya ilə bağlı rəsmi Tbilisinin etirazı qəbul edilməlidir. 

Rusiyanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması ölkəmizin geosiyasi maraqlarına ziddir. Rusiya dəmiryolu vasitəsi ilə Ermənistana hərbi təyinatlı olmasa da, ticari məqsədli yüklər daşıyaraq Gürcüstan üzərindən Ermənistana yola salacaq. Məsələnin digər tərəfinə gəldikdə isə biz Gürcüstanın narazılığını qəbul etməklə, sabah Abxaziya dəmiryolunun və digər Ermənistana gedən yolların bağlı saxlanılmasını tələb edə biləcəyik. Bu, bizim əlimizə Gürcüstana təsir etməyə əlavə imkanlar verir”.

Analitikin fikrincə, Bakı-Tbilisi-Qars dəmiryolunun Rusiyaya aidiyyəti yoxdur və bu layihədən istifadəsi əvvəldən nəzərdə tutulmayıb: 

"Sadəcə, Rusiya bu dəmiryolundan istifadə etməklə regiona əlavə nəzarət mexanizmini ələ keçirmək məqsədi güdür. Ona görə Rusiyaya imkan vermək olmaz. Onsuz da Türkiyə və Rusiya arasında dəniz vasitəsi ilə ticari əlaqələr yüksək səviyyədədir”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu