“ABŞ-ın Avropadakı müttəfiqləri də İrana qarşı sanksiyalara qoşulacaq” - TƏHLİL







"ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar öz nəticəsini verməkdədir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

O qeyd edib ki, artıq 20 ildən çoxdur, ABŞ İrana təzyiq göstərir:

"Bu müddət ərzində İran bir çox məğlubiyyətlərlə üzləşib. Ölkənin milli valyutası ucuzlaşıb, iqtisadiyyatı ağır duruma düşüb. Bir neçə dəfə etiraz aksiyaları baş qaldırıb. Hakimiyyətdaxili münasibətlərdə gərginlik müşahidə olunub. Şübhəsiz ki, bunun səmərəsini görən ABŞ İrana qarşı sanksiyanı artırmaqdadır. Bu ay İranınn neft sektoruna tətbiq olunan sanksiyanın müddəti başa çatır. Donald Tramp isə sanksiyanın müddətini təkrar uzatdı. 

Çünki sanksiyanın tətbiqinin səmərəsi var. Bu məsələ ilə bağlı Avropadakı müttəfiqlərlə də danışıqlar başladı. Belə bir məqamda İran Amerikanın əlinə oynadı. Yeni razılaşma sənədində öhədliklərin bir qisminin çıxdığı bəyan edildi. Bu, ABŞ-ın İrana qarşı yürütdüyü sanksiyalar siyasətini həm təsdiqlədi, həm də İrana münasibətdə ABŞ-a qarşı olan müttəfiqlərini Ağ Evə yönəltdi. Mayın 13-də Avropanın aparıcı ölkələri - Britaniya, Almaniya, Fransanın xarici işlər nazirləri Avropa İttifaqının xarici şirkətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və ABŞ-ın dövlət katibi Maykl Pompeo birlikdə Tehran məsələsini müzakirə etdilər. Bu gün də Pompeo Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə ölkənin xarici işlər naziri Sergey Lavrovla Suriya, İraq və İran məsələsini müzakirə edəcək”.

Politoloqun qənaətincə, bundan sonra ABŞ-ın İrana qarşı təzyiqləri artacaq:

"Əvvəllər tərəddüd edən ölkələr də bu təzyiqlərə daha fəal şəkildə qoşulacaqlar. Bu ölkələr ABŞ-ın Avropadakı müttəfiqləridir. İranı müdafiə edən iki ölkə-Rusiya və Çinə gəldikdə isə Rusiyayla danışıqlar davam etməkdədir. Ehtimal etmək olar ki, Rusiya ABŞ-la İran məsələsində anlaşmayacaq. Məsələ təkcə İran hakimiyyətinin sanksiyalara müqavimət göstərməsində deyil, həm də İranı dəstəkləyən qüvvələrin olmasıdır. Rusiya və Çin artıq dünyada nüvə texnologiyasına yiyələnməyə icazə verən 5 ölkədən ikisidir. 

Odur ki, bu ölkələr beynəxalq öhdəliklərindən çəkinməmək üçün müqavimət göstərəcəklər. Amma son 15 ilin təcrübəsi təsdiqləyir ki, həm Çin, həm Rusiya son məqamda İrana qarşı tətbiq olunan sanksiyaları qəbul edirlər. Məsələn, ötən illərdə Rusiya və Çin İrana qarşı BMT təhlükəsizlik şurasının 3 qətnaməsinin üçünün də lehinə səs vermişdi. Nəticə etibarı ilə İran yola gəlməlidir. 

Ya ABŞ-la İran arasında birbaşa danışıqlar olacaq və İran islah olunmaq istiqamətində öhdəliklər götürəcək, ya da İran ABŞ-ın irəli sürdüyü şərtlərə razılıq verəcək. Əks təqdirdə vəziyyət gərginləşəcək. Bu isə İranda ciddi proseslərin baş verməsi ilə müşayiət oluna bilər”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu