“Şeirimi oğurlayır, mənə də deyir elə bildim, özüm yazmışam” – Şair gileyləndi

Elçin Mirzəbəyli: "Bəzilərinin plagiatlıqla məşğul olmalarına səbəb natamamlıq kompleksləridir. Allahın hər insana verdiyi bir boy var. Niyə həmin boydan böyük görsənmək istəyirlər ki ?!"



"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq və şair Elçin Mirzəbəyli bəzi şəxslərin plagiatlıqla məşğul olmasından gileylənir. Şair bu barədə şəxsi Feysbuk hesabında status yazıb:

" "Sənin ürəyində hansı fəsildi” - Təkcə bu misramla bağlı və yalnız FB-də axtarış verdim... Ən azı beş şairin şeirindən çıxdı. Sıralarında gənc və tanınmış olanı da var, kənd müəllimi də...
Ad çəkmək istəmirəm, başqa şairlərin misralarını da oğurlayırlar. Amma mənim misralarımı, şeirlərimdən ayrı-ayrı beytləri, bəndləri və hətta bütöv şeirlərimi oğurlayırlar. Həm də vicdansızcasına, xüsusi həyasızlıqla... Səbəbini bilmirəm. Yazmaqdan, deməkdən də yorulmuşam”.

Daha ətraflı məlumat əldə etmək üçün şairlə əlaqə saxladıq. Müəllif hüququnun qorunmamasına səbəb kimi bəzi şəxslərin fərqlənməyə çalışdığını deyən E.Mirzəbəyli "Sherg.az”a bildirdi ki, Azərbaycanda kifayət qədər şeir yazanlar var.

Onun sözlərinə görə, həmin şəxslər içində şair adlandırılmalı olanlar da var, sadəcə elə-belə şeir yazanlar da:

"Onların hamısının özünəməxsus üslubu, dəst- xətti yoxdur. Öz üslubu olan azsaylı adamlar var ki, barmaqla sayılacaq qədərdirlər. Həmin adamların bir misrasından da bilinir ki müəllif kimdir. Bu baxımdan mən kiminsə misrasını və yaxud şeirlərini oğurlayanlara belə addım atmağı tövsiyyə etməzdim. Çünki insan yalnız özünü aldadır, heç kimi yox. Oxucunu aldatmaq mümkün deyil. Xüsusilə peşəkar oxucu misranın və üslubun kimə məxsus olduğunu anında bilir.

Bəzi şəxslərin plagiatlıqla məşğul olmalarına səbəb natamamlıq kompleksləridir. Allahın hər insana verdiyi bir boy var. Niyə həmin boydan böyük görsənmək istəyirlər ki ? İnsan necədirsə, elə də olmalıdır. 

Bəzən çox sadə və bəsit sayılan ədəbi nümunələr bu gün şedevr saydığımız ədəbi nümunələrdən daha uzunömürlü olur. Məsələn, bu gün mənim yaxşı bir misramı və ya beytimi götürüb mənimsəyən adamın sadəcə, öz istedadına uyğun olaraq yazdığı şeir daha çox yaddaşda qalacaq, yoxsa oğurladığı şeir? Bunu bilmək olmaz, zamanın öhdəsinə buraxmaq lazımdır”.

E.Mirzəbəyli vurğulayıb ki, kiminsə şeirində faydalanmaq normal haldır:

"Həmin şəxs şeirdən təsirləndiyi üçün qeyd edə bilər ki, "filankəsin şeirindən və yaxud köşə yazısından təsirləndim”. Necə ki, mən bunu qeyd edirəm. 

Bu hal ilk növbədə mədəniyyət nümunəsidir. Müəllif hüquqlarına hörmət etmək mədəniyyətin göstəricisidir. Bu gün sən müəllifə hörmət etməlisən ki, sabah sənin özünə də bu hörməti göstərsinlər. Belə hallar utancverici bir məqamdır. Əslində bu mövzunu müzakirə etməyə utanıram.

"Bir gün mən olmasam” adlı şeirim var. 1990-cı illərdən bu yana xalq artistimiz Laləzar Mustafayeva onu çox gözəl ifa edir. 

Bu şeir olduqca məşhurdur. Amma onu bütövlükdə oğurlayan adam var. Həmin şəxsdən səbəbini soruşanda isə dedi ki, şeiri oxuyub əzbərlədim və elə bildim ki, özüm yazmışam. 

Təəssüf ki, bu gün ədəbiyyat adamları içərisində çoxlu sayda plagiat və oğurluqla məşğul olan, primitiv dünya görüşü və bəsit mütaliəsi olanlar var. Həmin insanlar dünya fəlsəfəsindən, ədəbiyyatdan anlayışı olmayan, söz yığınını yanbayan düzüb şeir yığını kimi təqdim edənlərdir”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu