“Tehran Kremlin son şansıdır” – ŞƏRH

“Rusiya bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır. Amma ruslar farsları birdəfəlik əldən verməz”




"Moskva Vaşinqtonu tələyə salmaq üçün üzdə İranı sata bilər”

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Putin-Pompeo görüşünü dəyərləndirən professor hesab edir ki, Rusiya bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır. Amma ruslar farsları birdəfəlik əldən verməz:

"Kreml çox gözəl anlayır ki, İranın əldən çıxması Rusiya üçün ciddi təhlükə deməkdir. Tehran Kremlin son şansıdır. İnanmıram ki, nə Rusiya, nə də Çin buna getsin. Ola bilər ki, Rusiya Amerikanın İrana girməsi üçün müəyyən razılıq versin. 

Reallıq odur ki, ABŞ-ın 120 minlik ordusu Tehran məsələsində tullanıb-düşən İsrail qoşunları ilə birlikdə İrana girərsə, bu, Yaxın Şərqdə İsrail dövlətinin tamamilə yer üzündən silinməsi ilə nəticələnə bilər. Nəzərə alaq ki, hazırda ABŞ-ın iqtisadi və siyasi cəhətdən ciddi problemləri var. Amerika rəhbərinin daxili problemlərlə məşğul olması, Rusiyanın bölgədə əl-qolunu daha da açacaq. Rusiya-ABŞ arasında istənilən mövzuda müzakirələr ola bilər. Dünyada yeni iqtisadi düzənlə bağlı razılaşmaların əldə olunması məsələsi gündəmdədir. Burada Rusiyanın və Amerikanın hansı paya sahib olacağını zaman göstərəcək. Kim bilir, bəlkə Ağ Ev Avrasiya materikindən çıxmağa razılıq verəcək”.

Professorun fikrincə, Putin-Pompeo görüşü Rusiyanın Qərb tərəfindən məruz qaldığı sanksiyaların yumşalmasına təsirsiz ötüşməyə bilər:

"Əslində Qərb öz sanksiyaları ilə Rusiyaya böyük yaxşılıq edir. Çünki insan çətinə düşəndə çıxış yolları axtarmağa məcbur qalır. İradəsi zəif olanlar isə uduzurlar. Rusiya bu müddət ərzində iqtisadiyyatını yenidən bərpa etməyə nail olub. Ona görə də sanksiyaların davam etməsi Moskvanın maraqları çərçivəsindədir. Ancaq iki tərəf arasında sanksiyaların yumşaldılması ilə bağlı anlaşmanın olması mümkündür. Ən azından hər iki ölkənin kosmosla bağlı qarşıdurması yoxdur, hətta fəzada ortaq fəaliyyət göstərirlər. Deməli, digər sahələrdə də birgə iş tutmaq şansları olmamış deyil”.

C.Nuriyev ABŞ-Rusiya yaxınlaşmasının Türkiyə ilə münasibətlərə necə təsir göstərəcəyini də təhlil edib:

"Türkiyə ABŞ-ın bölgədəki oyunçusudur. Siyasi gedişlərin hamısı birmənalı şəkildə göstərir ki, Amerika Ərdoğanın əliylə öz məqsədlərinə nail olmaq istəyir. Türkiyə Yaxın və Orta Şərqdə əvvəlki söz sahibliyini itirmək üzrədir. Ölkənin iqtisadiyyatı zəifləməyə doğru gedir. Vaşinqton Türkiyədən bir növ Yunanıstanın, Ermənistanın, İsrailin heyfini çıxır. Hadisələrin gedişatı göstərir ki, yaxın bir-iki ayda Türkiyə qarışacaq. "S- 400”lərin Türkiyə ilə ABŞ arasında gərginlik yaradacağı mövzusu diqqəti yayındırmaq üçün ortaya atılmışdı. Əslində Ankara Vaşinqtonun dediklərini icra edəcək. Türkiyə S 400-ləri əldə edərsə, onları ABŞ-la paylaşacaq. Amerika da bundan yaralanaraq, müdafiə xarakterli texnikalar və proqramlar hazırlayacaq”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu