Media ekspert məsələsində gender bərabərliyini qorumalıdır

Balansı qorumaq mümkündür, sadəcə jurnalistlər ekspert siyahılarını yeniləməlidirlər
Gender bərabərliyinin təmin olunması üçün media bütün imkanlarını səfərbər etməlidir


Bakıda "Gender bərabərliyi və media” mövzusunda keçirilən konfrans bu sahədəki vəziyyətə işıq salıb. Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, tədbirlər həyata keçirilir: "Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da öz növbəsində vurğulayıb ki, hələ Avropa Şurasının yaranmasından 30 il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib. Sədrin sözlərinə görə, Azərbaycanda bu sahədə də balanslaşdırılmış siyasət aparılır: "Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb. Gender bərabərliyi insan hüquqlarının tam həyata keçirilməsi üçün əvəzolunmaz şərtdir. Bu gün dünyada elə bir məsələ yoxdur ki, orada gender komponenti yer almasın. Hətta qəbul olunan bütün sənədlərdə, qətnamə və konvensiyalarda bu məsələ xüsusilə qeyd olunur”.

Komitə rəhbəri bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci məqsəd 2030-cu ilədək gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaqdır: "Lakin bununla yanaşı, digər məqsədlərin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilib. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olması unudulmamalıdır. Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir”.

Gender bərabərliyinin təmin edilməsində medianın rolu

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova isə Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının hüquqlarının pozulduğunu deyib:

- Bu və digər hüquq pozuntularının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi işində medianın böyük rolu var. Azərbaycan qadınları yaradıcılıq, biznes, sahibkarlıq və digər sahələrdə geniş imkanlara malikdir. Bu imkanlardan daha səmərəli istifadə edilməlidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova mediada irqi, dini, sosial sahələrdə olduğu kimi, cinsi sahədə də ayrı-seçkiliyə yol verilməməli olduğunu deyib: "Təəssüf ki, dünyada bu sahədə çatışmazlıqlar hələ də qalır. Ölkəmizdə aparılan sosial islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına öz töhfəsini verməkdədir. Qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün media da bütün imkanlarını səfərbər etməlidir. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırırdı. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

«Jurnalistlərin peşə davranışı qaydaları»nda gender balansı məsələsi də var

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası "Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları”na "Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”ni də əlavə edir. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması, söz və mətbuat azadlığı məsələsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Zaman-zaman müxtəlif layihələrlə bağlı birgə işlər görülüb və çox dəyərli nəticələr əldə edilib. Görülən işlərin məntiqi davamı olaraq insan hüquqları sahəsində layihələr həyata keçirilir. Burada həm gender bərabərliyi, həm də bunun mediada təmin olunması prinsipi öz əksini tapıb. Xatırladaq ki, XXI əsrdə gender balans məsələsi dünyanın əsas mövzularından biri olaraq qalır. Gender təkcə mənəviyyat, mədəni məsələ deyil, həmçinin müəyyən sosial-iqtisadi anlam daşıyan anlayışdır. BMT hər il gender məsələsi sahəsində müəyyən hesabatlar hazırlayır. Təqribi fikir bundan ibarətdir ki, gender balansı tam təmin olunarsa, dünyada ümumdaxili məhsulu təxminən 5,5 trilyon dəyərində inkişaf etdirmək mümkündür. Lakin aparılan statistikalar göstərir ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada gender bərabərliyinin təmin olunması sahəsində irəliləyişlər deyil, müəyyən qədər geriləmələr müşahidə olunur. Bu geriləməni durdurmaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir.

Yaxşı olardı ki, hər hansı məsələyə bir qadın və bir kişi ekspertin fikirləri əsas götürülsün

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında hələ 10 il əvvəl mətbuatda gender bərabərliyi mövzusunda monitorinq apardıqlarını xatırladıb:

- Yadıma gəlir, on il bundan əvvəl media ancaq qəzetlərdən ibarət idi. Belə bir monitorinq aparmışdıq və onda müəyyən etdik ki, gender bərabərliyi bizim mediada təmin edilmir. Problem nə idi? Hər hansı məsələyə münasibətin öyrənilməsində daha çox kişi ekspertlərin rəyi öyrənilirdi və birinci onların fikirləri səsləndirilirdi. Qadınların fikri sonda qeyd edilirdi. İkinci hal qəzetin son səhifəsində qadınlar haqqında yazılara yer verilirdi. Bu gün isə vəziyyət xeyli fərqlidir. İndi gender bölümünü müşahidə etmək üçün saytlarda araşdırma aparmaq elə də asan məsələ deyil. Bəzən bu, mümkün olmur. Daha çox qadınlara qarşı zorakılıqla bağlı çox qüsurlu başlıqlarla üzləşirik. Bu başlıqlar gender bərabərliyinin təminini kənara atır və əslində qadına qarşı qısnama, zorakılıq hallarını formalaşdırır. Amma yenə də hər hansı bir məsələyə münasibətdə gender balansını qorumaq kimi bir hal ciddi qorunmur.
Media ekspert seçimində niyə daha çox kişilərə üstünlük verir, qadınları arxa plana keçirir? Halbuki, müxtəlif sahələrdə çalışan və kifayət qədər aktiv olan xanımlarımız da var. Bunu necə izah etmək olar? Yenə də daşlaşmış stereotiplərmi?

M.Zeynalova da savadlı, öz sahəsinə bələd xanımların çox olduğunu və onların əminliklə hər hansı mövzuda səlis məntiq yürüdə biləcəklərini söylədi:

- Qadın ekspertlərimiz çoxdur və çox da sanballı ekspertlər var. Sadəcə, nədənsə jurnalistlər ekspert siyahılarını təzələmək fikrinə düşmürlər. Məsələn, götürək elə gənclər məsələlərini. Bu mövzularda gənc ekspertlərin fikirlərini öyrənməklə onları dəstəkləmək, onların tanıtımlarını genişlətmək lazımdır. Bəzən sosial şəbəkələrdə bir neçə fikirlə ekspert seçimi edilir. Bu da doğru yanaşma deyil. Ekspert həmin sahə üzrə ixtisaslaşmış elmi və praktik biliklərə malik insanlar olmalıdır. Yaxşı olardı ki, hər hansı məsələyə bir qadın və bir kişi ekspertin fikirləri əsas götürülsün. Bəzən bir məsələyə yalnız kişi gözü ilə baxmaq tam doğru deyil və belədə obyektiv nəticə də əldə edilmir. Eyni məsələyə fərqli baxış və bundan irəli gələrək obyektiv çözüm istəyiriksə, rəylərin öyrənilməsində də gender bərabərliyi qorunmalıdır.

Jurnalistlər ailə məsələlərini işıqlandırarkən xüsusilə həssas olmalıdır

Xatırladaq ki, bir müddət öncə də Avropa Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mediada gender bərabərliyi” mövzusunda jurnalistlər üçün təlim keçirilmişdi. Təlimlərdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədi barədə danışaraq bildirmişdi ki, bu seminarların keçirilməsində məqsəd gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır. O, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulamışdı. Xüsusən də media nümayəndələrinin və bu istiqamətdə fəaliyyətə başlamaq arzusunda olan gənc jurnalist tələbələrin bu mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini qeyd etmişdi: "Bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işıqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”. Sədr müavininin sözlərinə görə, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar: "Eyni zamanda jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər. 


Həmin seminarda iştirak edən media eksperti Ələsgər Məmmədli isə Azərbaycan Konstitusiyası ilə qadınların kişilərlə bərabərliyinin qorunduğuna diqqət çəkmişdi. Konstitusiyanın 25, 34-cü maddələrindən sitat gətirən ekspert bildirmişdi ki, hüquq bərabərliyi həm də cinslərarası bərabərlik deməkdir. Ə.Məmmədli boşanmalar haqda da danışaraq demişdi ki, əvvəl Azərbaycanda hər 10 qurulan ailədən biri dağılırdı. Lakin artıq hər 4 ailədən biri dağılır, tərəflər boşanır. Amma bu rəqəmlər ailə institutunun dağılması kimi başa düşülməməlidir". Ekspert daha çox "Qadınlar konvensiyası" adlandırılan "Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” haqda da məlumat vermişdi. Media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılırdı və məqsəd də mediada çalışmağa hazırlaşanların gender bərabərliyi haqqında məlumatlara sahib olması, gələcək fəaliyyətlərində qanunun tələblərinə uyğun davranmaları idi.


Məlahət Rzayeva


Paylaş

Bizi Facebookda izləyin
menu
menu