"Gürcülər Avropada nə olub, nə var, ondan istifadə etməyə çalışırlar"

Əhməd Qəşəmoğlu: "Amma biz özümüzə uyğun yolu seçməliyik"



Tbilisidə qəribə aksiya keçirilib. Aksiya iştirakçıları Gürcüstan parlamentinin binası önündə ölkənin daxili işlər naziri Qeorqi Qaxariyanın büstünü qoyublar. Büstün üzərinə quraşdırılmış düyməni basdıqda "nazir” vətəndaşlardan üzr istəyir.

Gürcü nazirin «üzrü» Azərbaycan cəmiyyətinə heç də məntiqli görünməz. Çünki burada söhbət marixuananın sərbəst istifadəsinə icazədən gedir.

Təxminən bir il əvvəl Gürcüstan polisi Tbilisidəki gecə klublarına əməliyyat keçirmişdi. Deyilənə görə, əməliyyat zamanı klubdakılara qarşı zor tətbiq edilmişdi. Həmin vaxt minlərlə insan aksiya keçirərək polisin gecə klublarında yoxlamalar keçirməsinə etirazlarını bildirib, ölkədə marixuanadan azad şəkildə istifadəni nəzərdə tutan qanunun tez bir zamanda qəbulunu, polislərin cəzalandırılmasını tələb etmişdilər.

Aksiyanın təşkilatçılarından biri olan Aleksandr Cavaxişvili jurnalistlərə deyib ki, 2018-ci il mayın 13-də axşam nazir Q.Qaxariya parlamentin qarşısındakı aksiya iştirakçılarına yaxınlaşaraq baş verənlərə görə onlardan üzr istəyib.

Nazir hökumətin marixuanadan istifadə ilə əlaqədar daha liberal qanun qəbul edəcəyinə çalışacağını və gecə klublarında aparılan reydlər zamanı gənclərə zor tətbiq etmiş polislərlə bağlı şəxsən tədbir görəcəyini vəd etmişdi.

"Nazir bu günə qədər vədlərinə əməl etməyib”, - deyə Cavaxişvili vurğulayıb.

Aksiya iştirakçıları şəhərin müxtəlif küçə və prospektlərində divarlara "Üzr istəməyə başlayırıq!”, "Azadlıq yoxdur!”, "Oliqarxa güc və hüquq!” şüarları yazılmış plakatlar yapışdırıblar.
Aksiya ertəsi gün də davam edib.

Bəs sosioloqlar nə düşünür? Bu tip aksiyalar cəmiyyətdə gərginliyi aradan qaldırmağa xidmət edə bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlu «Şərq»ə açıqlamasında bu aksiyanın köhnə təcrübə olduğunu dedi:

- Bu, təzə məsələ deyil. Bu üsulu Amerika sosioloqları ötən əsrin 30-40-cı illərində tətbiq edirdilər. Məsələn, hansısa böyük fabrikin direktoru işçilərə verdiyi vədi yerinə yetirmədikdə fabrikin qarşısında direktorun rezin büstünü qoyurdular və orda da düymə, elektron tablo kimi bir şey olurdu, işçilər gəlib büstün önündən keçəndə, narazı olanlar ona bir yumruq vururdu. Bu da qeydə alınırdı və direktor da bilirdi ki, nə qədər işçi ondan narazıdır. 

Belə üsullardan gərginliyi azaltmaq üçün istifadə edilir. Konfliktologiyada da bu üsul var. Yəni bu, sosiologiya elmində geniş yayılmış üsuldur. Amma bunu mütləq deməliyəm ki, hər ölkədə tətbiq ediləcək metod da deyil. Məsələn, Azərbaycanda bu üsulun istifadəsi doğru olmaz. Çünki hər bir ölkənin cəmiyyəti fərqli xüsusiyyətlərə malikdir. Hansısa ölkədə uğur qazandıran metod başqa bir ölkədə uğursuzluğa düçar ola bilər. Hər hansı üsulu tətbiq etməzdən öncə, o cəmiyyətin spesifik cəhətləri, əhalinin xüsusiyyətləri öyrənilməli və nəzərə alınmalıdır.

Gürcülərin belə bir aksiya keçirməyinə gəlincə, sosioloq hesab edir ki, bu, daha çox hazırkı duruma hesablanıb:

- Gürcüstan cəmiyyətində hazırda bir qədər gərginlik var. Bu cür üsullar indiki şəraitdə müsbət nəticəyə hesablanıb. Gürcülər özlərini avropalı kimi təqdim etməyə çalışırlar. Avropada nə olub, nə var, ondan istifadə edirlər. Bu, gürcü siyasətinin tərkib hissəsidir. Amma biz özümüzə uyğun yolu seçməliyik. Həmişə demişəm ki, biz avropalı deyilik və bu istiqamətdə getmək lazım da deyil. Bizim öz yolumuz olmalıdır. O yolla da getməliyik.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu