Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri pullu olacaq ? - AÇIQLAMA





Nazirlər Kabineti «Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi» haqqında qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxsə çevriləcək. Baş nazir Novruz Məmmədov qərarı imzalayıb.

Dəyişikliyi şərh edən təhsil eksperti Kamran Əsədov «Sherg.az»a açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsinə başlanılıb:

- İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi. Çünki dövlətin varlığı başlı başına bu konseptin yaranmasını tələb edir. Bilirsiz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burda tamam başqa formada maliyyələşmədən söhbət gedir. 

Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700 dən çox hazırıq kursu, tədris mərkəzi və sayı heçdə 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repititor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər. Bilirsiz, hər bir təhsil müəssisəsində yaradılmış şərait lə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. 

Daha bir çox məktəb direktoru kimi qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. 

Belə ki, təhsil müəssisəsində rəqs dərsləri, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırılmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb.

K.Əsədov qeyd etdi ki, birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərinin pullu olması mümkün deyil:

- Qeyd edim ki, 2011-ci ildə təstiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər orta məktəb öz maliyyə vəziyyətini yaxşıadırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər.

Bu o deməkdir ki, qanunvericilik aktlarına görə məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur.

Pullu xidmət dedikdə dərsdənkənar rəsm, rəqs, hansısa bir idman növü üzrə bilik və bacarıqların şagirdlərə öyrədilməsi nəzərdə tutulur. Orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdır. 

Məsələn, Sinqapurun iki universiteti hər il ölkə büdcəsinə 1 milyard dollara yaxın vəsait gətirir. Azərbaycanda isə nə universitet, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirmir. Yalnız mənimsəməklə məşğuldurlar. Ona görə də onlar dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilərlər. Yəni əlavə xidmətlər ödənişli olacaq. Lakin problem kadr məsələsindədir. Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlarımız yoxdur. Ona görə də ilk növbədə lazımı qədər maliyyə biliyinə malik kadrları yetişdirməliyik.

Düşünürəm ki, bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevriləcək. Məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə, şagird günün ikinci yarısında hazırlığa getməz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılıqları aradan götürüləcək. Ən vacib məsələ isə bu prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır.

K.Əsədov qeyd etdi ki, yaxın zamanda ali təhsil müəssisələrinin də "publik hüquqi şəxsə çevriləcəyi gözləniləndir:

- Xatırladım ki, 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil edilib. Amma digər dövlət universitetləri üçün də bu proses gözlənilir.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu