Ramiz Rövşən yeni “pəncərə” açdı: "Oxucu var, lakin yaxşı kitab azdır" – MÜZAKİRƏ

Fazil Mustafa: “Azərbaycan insanı ədəbiyyata, sənətə duyarlıdır. Ali və orta məktəb mühitində, televiziyalarda təbliğatlar aparılmırsa, uşaq mütaliəyə dair mesajı haradan almalıdır? !”
Taleh Mansur: “Gənclərin kitaba olan marağını bir az da elə gənc yazarların özləri öldürür”

Nəriman Əbdülrəhmanlı: "Yaxşı kitabın oxucusu həmişə var. Yüksək intellektual səviyyəsi, ədəbiyyata sədaqətli olan oxucular çoxdur”





Son illər gənclərin kitaba, mütaliəyə marağının az olmasından daha çox bəhs edilir. Hətta bu məsələ cəmiyyətin ciddi problemi səviyyəsinə qədər yüksəlib. Və məlum məsələ ətrafında istər mediada, istərsə də sosial şəbəkələrdə dəfələrlə müzakirələr açılıb. Həmin müzakirələrdə daha çox bu düşüncə vurğulanıb:"Yaxşı kitablar, əsər və ya şeirlər var, amma oxucu yoxdur”.

Fəqət, dünən tanınmış şair Ramiz Rövşənin imza günündə yaşanan oxucu izdihamı bu düşüncəni alt-üst etdi. Həmin oxucular arasında gənclərin üstünlük təşkil etməsi isə fikrimizin təsdiqi hesab oluna bilər. Bütün bunlar onu göstərir ki, ölkəmizdə insanların kitaba olan maraq və istək heç də öləziməyib. Yəni, sözügedən hadisədən sonra əksəriyyət bu cür düşünməyə başlayıb: "Oxucu var, lakin yaxşı kitab azdır". 

R.Rövşənin imza gününə qatılan və bu izdihamın canlı şahidinə çevrilən millət vəkili Fazil Mustafa "Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə yalnız Azərbaycan yox, dünya ədəbiyyatının oxunması ilə bağlı müəyyən problemlər var.

Deputatın qənaətincə, bu problemlər ciddi narahatlıq yaradır:

"Azərbaycan cəmiyyətində mütaliə ənənəsi olduqca aşağıdır. Amma bir məqamı qeyd etmək istərdim. Məsələn, Azərbaycanda mənasız, əxlaqsız adamların televiziyada məsləhətləri o qədər ciddi xarakter alır ki... Amma televiziyaların heç biri Ramiz Rövşənin dünənki gözəl tədbirini vermədi. Bu nə deməkdir? Deməli, bizdə problem yalnız gənclərin mütaliədən uzaq düşməsi ilə bağlı deyil. Problem maarfiçilik işinin, təbliğatın, yaxşı nümunələrin və alternativlərin verilməməsidir. Yoxsa Azərbaycan insanı ədəbiyyata, sənətə duyarlıdır. Ali və orta məktəb mühitində, həmçinin televiziyalarda təbliğatlar aparılmırsa, bu uşaq mütaliəyə dair mesajı haradan almalıdır? Doğru təbliğat aparmırıqsa əlbəttə, nəticə də ürəkaçan olmayacaq. Ramiz Rövşənin dünənki qələbəsi onu göstərdi ki, insanların aclığı, ədəbiyyata sevgisi, mütaliəyə marağı var. Bunu daha da stimullaşdırsaq, böyük nəticələr ortaya qoya bilərik. Ramiz Rövşən seçilən və məhsuldar bir yazardır. Ona görə də biz mütaliə istiqamətində təbliğatı gücləndirsək, Azərbaycan insanının mütaliəyə, kitaba marağını xeyli artırmış olarıq”.

Gənc və tanınmış şair Taleh Mansurun fikrincə, ölkəmizdə gənclərin kitaba olan marağını bir az da elə gənc yazarların özləri öldürür:

"Gənc yazar tanıyıram ki, bir ilə iki kitab nəşr elətdirir. Anlaya bilmirəm, nə qədər istedadsız olmalısan ki, bir ilə iki kitablıq nəsə yazasan? İstedadsızlar oxucunun zövqünü elə korlayıblar ki, yüz istedadlı yazarın kitabını nəşr elə, xeyri yoxdur, bu yara sağalan deyil. Elə buna görə də 15 ildir ki, kitab çıxarmıram. Başqalarını bilmirəm, mən öz yazdıqlarıma hörmətlə yanaşıram, kitab halına salıb "kitab çap elətdirənlərdən" biri olmağı vicdanım qəbul etmir.

Qaldı, Ramiz Rövşənin imza gününə çox sayda insanın toplaşmasına. And olsun ulu Nizaminin əziz ruhuna, ora yığışan adamların əksəriyyəti Ramiz Rövşənin, nəinki şeirlərini, hətta səsini belə televiziyada eşitməyiblər. Bu fikri həqiqi beş-on oxucuya şamil etmək kimi bir fikrim yoxdur. Sözüm bu kateqoriyaya aid olanlaradı. Şairin bir şəklini görüblər, bir də eşidiblər ki, Ramiz Rövşən böyük şairdi. Şairlə şəkil çəkdirib, sosial şəbəkədə paylaşacaqlar, beş-on "like" qazanacaqlar, vəssalam ! Söz yox, Ramiz Rövşən böyük şairdi. Məni yandıran əksər oxucuların bu böyüklüyü cani-könüldən qəbul edə biləcək qədər ürəyə sahib ola bilməməsidir. Yeri gəlmişkən, deyim ki, Ramiz Rövşənlə görüşə gələnlərin əksəriyyəti yuxarıda qeyd etdiyim - "kitab çap etdirənlər" və "kitab çap etdirməyə meylli olanlar”- yazar ordusu idi. Bu arada, ordu sözünə sayğısızlıq etdiyimə görə də müqəddəs dilimizdən üzr istəyirəm. Ramiz Rövşənə və Azərbaycan ədəbiyyatına səbr arzulamaqdan başqa əlimdən bir şey gəlmir”.

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı isə bildirib ki, yaxşı kitabın oxucusu həmişə var:

"Yüksək intellektual səviyyəsi və ədəbiyyata sədaqəti olan oxucular çoxdur. Bir də var ki, zamanın tələbi ilə oturub-duran oxucular kitabları oxuyub onun dəyərini fikirləşmirlər. Əgər yazılan əsərin bədii dəyəri, sanbalı varsa, o gec-tez öz oxucusuna çatacaq. Təəssüf ki, bəzən yazılan dəyərli əsərlər kifayət qədər oxunmur və qıraqda qalır. Bu zaman o qədər də təlaş içində olmaq lazım deyil. Çünki dünya ədəbiyyatında əksər yüksək səviyyəli əsərlər öz zəmanəsində diqqətdən kənarda qalıb. Amma müəyyən müddət keçdikdən sonra həmin kitablar əsl dəyərini qazanıb. KİV-lərin, televiziyaların, radioların üzərinə böyük yük düşür. Onlar bədii ədəbiyyatı nə qədər çox təbliğ etsələr, yüksək səviyyəli ədəbiyyatın oxucularının sayı da çox olacaq”.

Yeganə Bayramova


Paylaş

Bizi Facebookda izləyin
menu
menu