Prezidentin Brüssel səfəri - Ölkə başçısı çıxış və görüşləri ilə rəsmi Bakının müstəqil siyasət apardığını bir daha göstərdi

"Prezidentin Brüssel səfərində verdiyi açıqlamaların və keçirdiyi görüşlərin əsas məqsədi, Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edir"




"Sovet imperiyasının dağılmasından sonra müstəqillik əldə edən dövlətlər Avropa İttifaqı və Rusiya qarşısında seçim etmək məcburiyyəti ilə üz-üzə qaldılar”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert vurğulayıb ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin apardıqları siyasətə nəzər salsaq, görərik ki, həmin dövlətlər Aİ-dən çox asılıdır. Digər ölkələr isə daha çox Rusiyaya bağlıdırlar: 

"Bu dövlətlərin müstəqil siyasət yeritməsi tam reallaşmır. Ancaq Şərq Tərəfdaşlığının 6 ölkəsindən biri olan Azərbaycan müstəqil siyasət yürüdür. Dövlətimiz bütün vektorlarla balanslı siyasət aparmaqda davam edir. İstər Rusiya, istərsə də Avropa və digər Qərb ölkələri ilə eyni dərəcədə məsafəli, lakin strateji müttəfiqlik səviyyəsində münasibətlər qurur. Prezidentin İlham Əliyevin də Brüssel səfəri, orada verdiyi açıqlamaların və keçirdiyi görüşlərin əsas məqsədi Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edir. Dövlət başçısı Brüsseldə olarkən Dağlıq Qarabağ məsələsini də gündəmə gətirdi. Vurğuladı ki, Cənubi Qafqazda Qarabağ münaqişəsinin mövcudluğu Asiya ilə Avropa arasındakı enerji və nəqliyyat layihələrinə təhlükə törədir. Ermənistanın işğalçılıq və aqressiya siyasəti bu layihələr üçün maneədir. Söhbət məhz bu siyasətin aradan qaldırılmasından gedir”.

Avropa İttifaqı ilə bağlı bəzi narazılıqları şərh edən politoloq vurğulayıb ki, neytral memorandumlarda, o cümlədən Avropa İttifaqının Şərq Tərəfdaşlığı bəyannamələrində münaqişə ilə bağlı konkret maddələr olmur. Bunun səbəbi isə odur ki, Şərq Tərəfdaşlığı konfliktlərdən kənar missiya həyata keçirir: 

"Onsuz da, Avropa İttifaqı, Avropa Şurası və Parlamenti, o cümlədən NATO dəfələrlə öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə olan dəstəklərini ifadə ediblər. Ümumiyyətlə, Avropa ölkələri və Şərq Tərəfdaşlığı dövlətlərinin hər biri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də bu məsələdə narahatlığa əsas yoxdur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu