Rusiyadakı güclü "səsimiz batdı" - Fuad Abbasovun deportasiyası hüquqi yox, siyasi qərardır

"Azərbaycanlı jurnalistə qarşı edilənlər milli-etnik diskriminasiyadır"
"Sapı özümüzdən olan baltalar, birbaşa Rusiyanın kəşfiyyat orqanlarına işləyən şəxslər öz maddi maraqlarını milli maraqlara qurban verdilər"









Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun ətrafında baş verənlər yerli mətbuatın və sosial şəbəkələrin əsas mövzularından birinə cevrilib. Məsələ ondadır ki, Rusiyada azərbaycanyönlü fəaliyyətləri sayəsində sosial şəbəkələrin Azərbaycan seqmentində rəğbət qazanmış Fuad Abbasov, hazırda deportasiya edilmək üçün Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Rəsmi versiya belədir ki, jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək.

Çünki Rusiyada bir neçə Azərbaycan icması Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə F.Abbasovun Rusiyada müvəqqəti yaşama hüququ ləğv olunub. Bundan sonra jurnalist hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır. 

Lakin bu hadisədən daha çox Abbasovun polislər tərəfindən saxlanılarkən ona göstərilən təhqiramiz münasibət etirazlara səbəb olub. Polis əməkdaşları F.Abbasovun qoluna qandal vuraraq, başını ikiqat yerə doğru basaraq onunla "terrorçu” kimi davranıblar. 

Hadisəni əks etdirən videogörüntülərin yayılması Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Jurnalist həmkarımız Moskvada məhz türk kanalllarından birində peşəkar karyerasına başlayıb. O, Rusiyanın dövlət telekanallarında yayımlanan regionumuza aid bütün verilişlərə dəvət olunur və siyasi şərhçi kimi çıxış edirdi. İlk vaxtlarda onu proqramlarda türk jurnalisti kimi təqdim edirdilər. İnternetdə Abbasovun Azərbaycan əleyhinə çıxışlar edən müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan politoloqların əhatəsində ölkəmizin maraqlarını müdafiə etməsinə dair kifayət qədər videolar var. 

Rusiyada demək olar ki, bütün mətbuat orqanlarının ermənilərin əlində olduğu bir dövrdə Abbasov ekspert qismində Azərbaycan xalqının milli-mədəni maraqlarını qoruyan yeganə şəxs kimi tanınırdı. Ona görə də jurnalistin bu şəkildə "zərərsizləşdirilməsi”nə böyük etiraz edilir və bu işin arxasına erməni lobbisinin olduğu vurğulanır.

Məsələni "Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Xarici İşlər Nazirliyi və səfirliyimizin çox zəif işlədiyini deyib. Professorun sözlərinə görə, Fuad Abbasov nə iş görübsə, Azərbaycan üçün edib: 

"Rusiyadakı ermənilər, o cümlədən anası və ya arvadı erməni olanlar dövləti üçün çalışan jurnalisti qəbul edə bilmirdilər. Çünki Abbasov onların zərərli fəaliyyətini ifşa edir, ermənilərin yalançı olduğunu sübuta yetirirdi. Nəinki Azərbaycan, həmçinin Türkiyə ilə bağlı da məsələlərdə milli maraqlarımızın, mövqelərimizin alovlu müdafiəçisi idi. Təəssüf ki, sapı özümüzdən olan baltalar, birbaşa Rusiyanın kəşfiyyat orqanlarına işləyən şəxslər öz maddi maraqlarını milli maraqlara qurban verdilər. Nəticədə bəziləri Fuad Abbasovun Rusiyadan deportasiya olunması üçün müraciət etdilər. O müraciəti edənlər heç vaxt Azərbaycanı sevməyiblər, həmişə ölkəyə, diaspora işinə biznes kimi baxıblar. Ermənilər hər kanalda öz adamlarını yetişdirirlər. Amma bizim heç kimimiz yoxdur, ona görə də informasiya müharibəsində uduzuruq. Fuad Abbasovun həbs edilməsi ermənilərin sifarişidir”.

C.Nuriyevin fikrincə, ermənilər Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan başda olmaqla bu işə böyük miqdarda pul ayırıblar: 

"Bizimkilər Fuadı şərləyərək ermənilərə dəstək vermiş oldular. Fuadı alverdə, dələduzluqda, narkotikada ittiham edənlərin özləri birbaşa həmin işlərlə məşğul olurlar. Təəssüf ki, Rusiyadakı ən güclü səsimizi də batırdılar. Ancaq səfirliyimiz bununla bağlı heç bir addım atmadı. Görünür, səfirlikdə kimlərsə başlarını siyasi səhətdən ağrıtmaq istəmirlər. Lakin ermənilər bundan sevinirlər. İndi rahat ola bilərlər, çünki arzularına çatdılar. Çox utanverici hadisədir”.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu da "Sherg.az”a bildirib ki, Fuad Abbasova qarşı edilənlər milli-etnik diskriminasiyadır. Söz, ifadə və fəaliyyət azadlığının məhdudlaşdırılmasıdır: 

"Heç bir demokratik cəmiyyətdə insanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırıla bilməz. Rusiya ilə Azərbaycan arasında olduqca yaxşı münasibətlər mövcuddur. Ancaq təəssüf ki, biz bir sıra hallarda bu münasibətlərə xələl gətirən hadisələrin şahidi oluruq. Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qəbul edilən qərar hüquqi yox, siyasi qərardır. Belə bir qərarın nə üçün qəbul edildiyini hamı yaxşı bilir. Diasporamızın fəal üzvü olan, jurnalist və bloqqer kimi tanınan Fuad Abbasov əslində heç də təqdim edildiyi kimi millətlərarası münasibətləri qızışdıran addımlar atmayıb. 

Tam əksinə ermənilər tərəfindən xüsusi qaydada hazırlanmış çeçen-azərbaycanlı qarşıdurmasının qarşısının alınmasında ciddi işlər görüb. Bu isə Rusiyanın dövlət maraqlarına uyğundur. Yaxşı olar ki, məhkəmə, təxribat hazırlayan erməniləri deportasiya etsin. Ya da hüquq çərçivəsində alternativ şəkildə cəzalandırsın”.
Parlament üzvü vurğulayıb ki, ümumiyyətlə şimal qonşumuzda bəzi güc mərkəzlərinin, hətta ayrı-ayrı hallarda dövlət idarəetməsində mühüm vəzifə tutan məmurların ermənipərst mövqeyi ürəkaçan deyil: "Azərbaycanlılar bu münasibətə layiq deyillər və belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə, Rusiyada da bizə qarşı münasibət elə olmalıdır. Bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək Fuad Abbasovun yanında olamalı, ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil, digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması üçün presedent kimi düşünülüb. Azərbaycanlıları özünümüdafiə haqqlarından çəkindirməyə hesablanıb. Ancaq heç kəs düşünməsin ki, Azərbaycanın belə hərəkətlərə qarşı adekvat addımlar atmaq imkanı yoxdur”.

"Cebhe.info” saytının və "Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də bəyan edib ki, Rusiyada fəaliyyət göstərən və tele-debatlarda Azərbaycanın, Türkiyənin xeyrinə danışan, haqlı mövqeyimizi müdafiə edən istedadlı jurnalist Fuad Abbasova qarşı edilənləri görmək çox üzücüdür: 

"Aydın görünür ki, onu sifariş əsasında bu cür alçaldıcı formada həbs ediblər. Burada Azərbaycanı istəməyən qüvvələrin, rus şovinist dairələrin, ermənilərin əlinin olmasına zərrə qədər şübhə yoxdur. Ancaq inanıram ki, bu işdə Fuadı qısqanan azərbaycanlıların da əli var. Ermənilərin mövqeyi aydındır, onlar düşməndir. Rus şovinist dairələrinə isə rus dilini təmiz bilən, debatlarda öz dövlətinin, xalqının marağını qoruya bilən intellektual azərbaycanlı tipi lazım deyil. Onlara Bəhram Bağırzadənin KVN-də yaratdığı bazarda işləyən, gülsatan, alverçi azərbaycanlı obrazı lazımdır. Hesab edirəm ki, Azərbaycan diasporu, dövlət orqanlarına əli çatan varlı azərbaycanlılar, media Fuada dəstək kampaniyasına başlamalıdır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu