SOS: “Brend adı ilə ucuz qiymətə satılan parfumeriya malları ağır xəstəliklər mənbəyidir” - Dövlət məmurunun “əl”i var





Son dönəmlərdə açıq ticarət mərkəzlərində və bazarlarda çox ucuz qiymətə satılan mallara rast gəlirik. Məsələn, "8-ci km bazarı”, "20 Yanvar” metro stansiyası, "Sədərək” Ticarət Mərkəzində 1 manata uşaq paltarları, 2 manata çanta, 2,5 manata ayaqqabı, 3 manata yubka, 5 manata şalvar, don və.s satışı həyata keçirilir.

Bundan başqa çox ucuz qiymətə müxtəlif kosmetik və parfumeriya məhsullarının da satışına rast gəlmək mümkündür. Qiymətlər nə qədər cəlbedici görünsə də, onların zərərli olduğu iddia olunur. Ucuz qiymətə satılan paltarlar, parfumeriya malları insan həyatı üçün olduqca təhlükəlidir. 

Geyimlərdə toksik maddələr olur, ilk əvvəl dəriyə mənfi təsir göstərir. Həmçinin belə paltarları cəlbedici etmək üçün onları müxtəlif sintetik, tərkibində ağır metallar olan boyalarla rəngləyirlər. Nəticədə həmin paltarlara yağış, tər, su dəydikdə onlar öz rəngini və tərkibindəki toksik maddələri buraxırlar. Bu da gələcəkdə kəskin dəri xəstəliyinə rəvac verir. Mövcud durumla bağlı dəfələrlə həkimlər də həyəcan təbili çalaraq belə məhsullardan istifadəni məsləhət görmürlər.

Geyim mallarının çox ucuz qiymətə satışının bir çox xarici ölkələrdə həyata keçirildiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az”a bildirdi ki, paltarlar yenidirsə onun ucuz qiymətə satılmasında heç bir təəccüblü məqam yoxdur:

"Biznesin öz siyasəti var. Fikrimcə, həkimlərin ucuz geyimləri xəstəlik mənbəyi kimi görməsi əsassızdır. Biznes qurumu istəsə malı pulsuz da sata bilər. Bu, normal haldır və Mərkəzi Avropa ölkələrində də belə məqamlar müşahidə olunur.

Sadəcə olaraq, həmin mallar bir yerə yığılır və çoxlu sayda insanların məhsula əli deyir. Ola bilsin ki, bu zaman hansısa xəsətliklər keçsin. Amma ucuz qiymətə olan yeni geyimlər heç bir təhlükə mənbəyi deyil”.

Birlik sədri ucuz qiymətə satılan geyimlərin təhlükəli olmadığını söyləsə də, parfumeriya malları ilə bağlı eyni fikirləri bölüşmür:

"Ölkəmizə qaçaq mal yolu ilə gətirilmiş və çox ucuz qiymətə satılan parfumeriya məhsullarının satışı həyata keçirilir. Bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat, Səhiyyə və Daxili İşlər Nazirliklərinə məktub göndərmişəm. Harada bu cür təhlükəli və qaçaqmalçılıq yolu ilə satılan mallar satılırsa, ünvanları da qeyd etmişəm. İstehlakçıların özləri bizə külli miqdarda parfumeriya malları gətiriblər. 

Qanuni fəaliyyət göstərən satış şəbəkəsi ilə qiymət monitorinqi aparmışıq. Məsələn, "Sabina” mağazalar şəbəkəsinə satışda olan eyni malla qaçaqmal yolu ilə gətirilən məhsulların monitorinqini aparmışıq. Dövlət orqanlarına həmin satışı həyata keçirən mağazaların yerini də bildirmişəm. Sədərək Ticarət mərkəzində şirniyyat bazarında 1-ci zona, sıra 8, mağaza 15-də "Pupa”, "Max Factor”, "Loreal” kimi məhsulların satışı olur. 

Bundan əlavə 2-ci zona, sıra 10, mağaza 57-də bu məhsulların satışı həyata keçirilir. Həmçinin Şərifzadə küçəsi 148-də İnşaatçılar metrosunun çıxışının yanında belə məhsullar var. Bəzi firmalar kosmetik malları qanuni yolla ölkəyə gətirirlər və dövlət rüsumlarını ödəyirlər. 

Bəziləri isə qaçaqmal yolu ilə ucuz qiymətə keyfiyyətsiz məhsul satırlar. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən maraqlı bir cavab almışam. Nazirlik bazarda vəziyyətin normal olduğunu deyir. Görünür, İqtisadiyyat Nazirliyi məhsulların qaçaqmal yolu ilə satışını dəstəkləyir”.

E.Hüseynov qaçaqmal yolu ilə satılan təhlükəli məhsulların ölkəmizə gətirilməsində dövlət məmurunun "əli” olduğunu da vurğuladı:

"Sizin vasitənizlə qeyd edirəm ki, bu işin arxasında vaxtilə Xaçmaz rayon Gömrük Postunda işləmiş, indi isə başqa bir dövlət müəssisəsində çalışan şəxs dayanır. Onun adını yazıb Cənab Prezidentə göndərəcəm və əməllərini ifşa edəcəm”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu