"Gündəlik qiymət təqibi birjalarda mümkündür"

Qadir İbrahimli: "Bizdə də bu olmadığı üçün qiymət dəyişikliyi statistik rəqəmlərə yansımır"




Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov ölkədə qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: 

"Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Bəs Dövlət Statistika Komitəsi açıqladığı rəqəmləri hardan əldə edir? Və ya hardan əldə etməlidir ki, millət vəkilinin dediyi kimi, inandırıcı olsun? Statistika Komitəsinin sədri bazarda monitorinq aparası deyil hər halda.

İqtisadçı Qadir Bayramlı «Şərq»ə açıqlamasında müvafiq qurumların Statistika Komitəsinə rəqəmlər təqdim etdiyini bildirdi:

- Bu rəqəmlər bölgələrdən, müəssisələrdən, İqtisadiyyat Nazirliyindən, Vergilər Nazirliyindən, Gömrük Komitəsindən daxil olur. Komitəyə daxil olan rəqəmlər əsasında ümumiləşdirmə aparılır və hesabat hazırlanır. Bəzən iqtisadi zonalar, bəzən regionlar üzrə statistik hesabatlar tərtib edilir.

İqtisadçı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərlə reallığın üst-üstə düşməməsinin səbəbini belə izah etdi:

- Bazarda qiymətlər dəyişkəndir. Qiymətlər hər ay dəyişə bilir, bəzən bir həftə içində qiymət dəyişikliyi baş verir. Statistika Komitəsi bu qiymət dəyişikliyini təqib edə bilməz. Çünki Komitə rüblük və ya illik hesabatlar hazırlayır. 

Bəzən də aylıq hesabatları olur. Qiymətlərlə bağlı əldə edilən rəqəmlər ümumiləşdirilir. Bilirsiz, bizdə birjalar inkişaf etmədiyi üçün gündəlik qiymət dəyişkənliyini təqib etmək mümkün deyil. Gündəlik qiymət təqibi yalnız birjalarda mümkündü. Bizdə də bu olmadığı üçün qiymət dəyişikliyi statistik rəqəmlərə yansımır. 

Məlahət Rzayeva


Paylaş

Bizi Facebookda izləyin
menu
menu