Vətəndaşların ümidi yenə mətbuatdır

Redaksiyalar şikayət məktublarına ədalətlə yanaşmalıdır
Əgər məktubdakı tənqid, qaldırılan problem haqlı şəkildə qoyulubsa, şikayətçi obyektivdirsə, ona mütləq qiymət verilməlidir



(Əvvəli ötən sayımızda)

Mətbuatın funksiyaları genişdir. Maarifçilikdən başlamış, xəbərçiliyə, ictimai-siyasi prosesləri izləyib, cəmiyyətə düzgün və dolğun informasiya çatdırmağa qədər, hər cür məlumat bazası rolunu oynamaq da həmçinin. Eyni zamanda mətbuat sosial həyatın əvəzsiz güzgüsüdür. "Molla Nəsrəddin” məktəbi bunun ən bariz nümunəsidir. Jurnalistika ixtisasını bitirənlər yaxşı bilir ki, "Molla Nəsrəddin” oxuculardan çoxlu məktub alırmış. Camaat rastlaşdığı çətinliklərdən "Molla əmi”yə şikayət edirmiş. "Molla Nəsrəddin”çilər də məktubların izi ilə o müşkülün üzərinə gedirmiş. Həll olunanı da varmış, həll olunmayanı da. Əsas məsələ odur ki, oxucu dərdini bir dərgiyə danışırmış. İnanırmış, yəqin, ona görə.

Azərbaycan mətbuat tarixində iz qoymuş qəzetlərin demək olar hamısında məktublar şöbəsi də fəaliyyət göstərib. Şöbəyə daxil olan şikayətlər, vətəndaşların hansısa məsələ ilə bağlı qəzet redaksiyasına müraciəti müxbirlər tərəfindən araşdırılırdı və adətən müsbət nəticə də olurdu. Bunu hələ sovet illərində müxbir vəzifəsində çalışmış qocaman jurnalistlərimiz, qələm sahibləri hər zaman təsdiqləyirlər. Və deyirlər ki, o zamanlar qəzetlərdən çəkinirdilər, hansısa idarə və ya təşkilat adının qəzetdə hallanmasını heç istəməzdi. Dərhal da reaksiya verirlərmiş qəzetlərdən gələn zənglərə. Şikayətlərə də baxılırmış.

Kimsə sanmasın ki, indi mətbuat oxucu şikayətlərini qəbul edib dinləmək və həllinə çalışmaq funksiyasını itirib. Bir qədər passivlik hiss oluna bilər, amma inanın, bu, zahiridir. Sürətdə internet, sosial media mətbuatı qabaqlaya bilər, amma oxucu inamı və problemlərin həllinin məhz mətbuatdan umulması ənənəsi hələ də qalmaqdadır. Bunu qəzet redaksiyalarına edilən müraciətlər və hətta redaksiyalara daxil olan şikayət məktubları da göstərir.

 Həmkarlarımız bu mövzuda fikirlərini bildirərkən həqiqət ortaya çıxır. Mövzuya toxunmağımızın səbəbkarı "Yeni Müsavat” qəzetinin 22 may 2019-cu il tarixli sayında "Samir Sarı” imzası ilə dərc olunmuş köşə yazısı oldu. Müəllif yazır ki, illərdir işimizin bir tərəfi də şikayətçiləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır: "Yekə çıxmasın, indiyədək çox işlər aşırmışıq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəlirdi. Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürlər, amma xeyli dərəcədə də başağrısı idi. Çünki əlində fərli səlahiyyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətçilər isə bəzən son cümləni belə qururlar: "Xahiş edirik problemimizi həll edəsiniz”. "Problemimizin həllinə köməklik göstərəsiniz” yox ha, birbaşa "həll edəsiniz”. Sanki "birbaşa həll” bizim əlimizdədir. Əlimizdə isə nə real güc var, nə də problemin həllinin icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valın o biri üzünü çevirib, "yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin” gönüqalınlığı edəndə şikayət-yazı və problemin həlli zənciri qırılır”.

Mövzu ilə bağlı "Şərq”ə danışan Əməkdar mədəniyyət işçisi, Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə bildirib ki, qəzet redaksiyalarına göndərilən məktublar həm oxucuların mətbuat orqanlarına inamının, həm də media qurumlarının nüfuzunun göstəricisidir. Qocaman jurnalist vurğulayıb ki, o vaxtlar mətbuat orqanlarına göndərilən hər hansı şikayətə çox ciddi yanaşırdılar: 

"Demək olar ki, müraciətlərin 90 faizi, təbii ki, əgər şikayətçi haqlı idisə, müsbət həllini tapırdı. Şikayət məktubu dərhal ictimai nəzarətə götürülür və redaksiyada müzakirə olunurdu. Ondan sonra müvafiq orqana göndərilirdi. Qurumlar da müraciətə çox ciddi münasibət bəsləyirdilər. Yəni şikayətçini narahat edən məsələ qısa zamanda ədalətli həllini tapırdı. Mən uzun illər "Kommunist” qəzetinin baş redaktorunun müavini olmuşam. Redaksiyada işləyəndə bir ay ərzində "Kommunist” qəzetinə daxil olan şikayət məktublarının sayı 50 min olurdu. Ay ərzində bu rəqəm 40-50 min arası dəyişirdi. Yəni bir il müddətində redaksiyaya təxminən yüz minlərlə şikayət məktubu göndərilirdi”.

M.Süleymanzadənin fikrincə, məktubların sayının çoxluğu vətəndaşların mətbu orqana inamını, etimadını nümayiş etdirirdi:

 "İnsanlar qəzetlərə inanırdı. Çünki mətbuat orqanlarının hər hansı şikayətlə bağlı nazirliklərə, idarələrə və təşkilatlara göndərdiyi məktublara ciddi reaksiya verilirdi. Nəzərdə tutulmuş müddət ərzində məsələ öz həllini tapırdı. Ancaq indi vəziyyət bir qədər dəyişib. Ümumiyyətlə, hazırda şikayət məsələsinə, vətəndaşların hansısa qurumla bağlı narazılıqlarına nisbətən biganə yanaşılır. Belə olan halda redaksiyalara məktub göndərmək ehtiyacı da azalır. Çünki vətəndaş probleminin qısa zamanda çözüləcəyinə inanmır”.

Peşəkar jurnalist bəyan edib ki, istənilən məsələdə ədalət prinsipi əsas götürülməlidir: "Redaksiya qəbul etdiyi bütün şikayət məktublarına ədalətlə yanaşmalıdır. 

Əgər məktubdakı tənqid, qaldırılan problem haqlı şəkildə qoyulubsa, şikayətçi obyektivdirsə, ona mütləq qiymət verilməlidir. O zaman həm mətbuata inam artar, həm də müvafiq qurumlara. Əslində biz bununla dövlətə kömək etmiş oluruq. Əgər mətbuat vasitəsi ilə vətəndaşı narahat edən hər hansı çətinlik aradan qaldırılırsa, bu həm də Azərbaycan dövlətinə, hökumətinə dəstək anlamına gəlir. Problemlərin həllində mətbuat orqanları yaxından köməklik göstərməlidir. Təəssüf ki, bu gün dövlət mətbu orqanlarında belə sözügedən məsələ lazımi şəkildə öz funksiyasını icra edə bilmir”.

M.Süleymanzadə mühüm bir məqamı da diqqətə çatdırıb: "50 illik mətbuat təcrübəsi olan, ölkənin bir nömrəli "Kommunist” qəzetində məsul vəzifədə çalışan, ilk dəfə müstəqil "Səhər” qəzetini yaradan bir adam kimi deyirəm ki, indiki mətbuat xidmətləri təmsil etdikləri qurumların rəhbərlərini əhalidən təcrid etmək üçün yaradılıb. Biz o dövrdə hansısa şikayətlə bağlı birbaşa dövlət qurumunun başında duran rəhbər şəxslərə, hətta nazirin özünə müraciət edə bilirdik.

 Amma bu gün bu, mümkün deyil. Nazirlər fövqəladə vəziyyətlərdə ictimaiyyət arasında görünürlər və onlara yaxın düşmək olmur. Birbaşa məktubla müraciət etmək isə qəribə qarşılanır. Ona görə də iş elə gətirib ki, nazirliklərdə, idarələrdə və başqa qurumlarda məsul şəxslərin əvəzinə mətbuat xidmətinin rəhbərləri cavab verir. Bu, qətiyyən yolverilməzdir. Mətbuat xidmətinin rəhbəri sadəcə nazirin fikirlərini ifadə edə və həmin fikirləri media orqanlarına çatdıra bilər. Özü də mətbuat xidmətləri müstəqil deyillər, onların xüsusi səlahiyyəti yoxdur ki, vətəndaşların problemini həll etsinlər. İnanmıram ki, bu gedişlə bəhs etdiyimiz məsələ qaneedici səviyyəyə çatsın. Münasibət kökündən dəyişməli, şikayətçiyə və haqlı tənqidə olan yanaşma başqa cür olmalıdır”.

Qocaman jurnalist vurğulayıb ki, əgər ortada qərəz yoxdursa, qaldırılan məsələ həqiqətən də ictimaiyyətin fikrini və xalqın mənafeyini ifadə edirsə, ona xüsusi yanaşılmalı və mətbuat orqanına çıxışına imkan yaradılmalıdır:

 "Bu, belə olacaqsa, o zaman müəyyən qədər vəziyyəti düzəltmiş olacağıq. Bir dəfə sosial şəbəkədə yazmışdım. Mənə elə gəlir ki, ölkədə bu qədər mətbuat xidmətlərinə ehtiyac yoxdur. Mətbuat xidmətlərinin sadəcə aparıcı nazirliklərdə, güc strukturlarında, yaxud da əhalinin taleyi ilə bağlı operativ məlumat verə biləcək qurumlarda olması kifayət edir. Ucdantutma hər təşkilatda ayrıca mətbuat xidməti yaratmaq və bütün məsuliyyəti onların belinə yükləmək kökündən yanlışdır. Çünki indiyədək bunun bəhrəsini görməmişik. Çox güman ki, bundan sonra da görməyəcəyik”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Şərq”ə bildirib ki, medianın işi cəmiyyəti maraqlandıran məsələlər barədə informasiya vermək və araşdırmalar aparmaqdır: "Mətbuat ictimaiyyətin marağında olan məlumatları oxuculara çatdırır. Sosial şəbəkələr isə kommunikasiya vasitəsidir. Yəni media qurumlarının istehsal etdikləri xəbərlərin daha rahat və tez formada yayılmasını həyata keçirən meydandır. Amma sosial şəbəkələr araşdırma aparan platforma deyil. Daha çox insanların öz emosiyasını dağıtmaq üçün istifadə etdikləri məkandır. Yəni bir hadisə baş verir və həmin hadisə barədə insanlar özlərinin şəxsi düşüncələrini yayırlar. Lakin jurnalist kimi konkret hansısa hadisəni tədqiq edərək, dərin araşdırma həyata keçirmirlər, prosesin arxasınca getmirlər. İki platforma arasında fərqlər kifayət qədər yüksəkdir. 

Sosial şəbəkələr problemi operativ baxımdan ictimailəşdirmək üçün əlverişlidirsə, ictimailəşmiş problemin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etmək və məsələni lazımi instansiyalara çatdırmaq ənənəvi mətbuatın işidir. Ona görə də sosial şəbəkələr nə qədər inkişaf etsə belə ənənəvi medianın dəyərlərini qoruyub saxlamaq lazımdır. Klassik mətbuatın vəzifələri arasında oxucularla daim təmasda olmaq, onların şikayətlərini və müraciətlərini müvafiq qurumlara çatdırmaq da var. Bu ənənə yaşayır və hesab edirəm ki, nə qədər ki, cəmiyyət və problemlər var, media bu funksiyasını davam etdirəcək”.

M.Ələsgərlinin sözlərinə görə, dövlət orqanları mətbuat səhifələrində gedən şikayətlərə dərhal reaksiya verirlər və verməlidirlər:

 "Sosial şəbəkələrdən fərqli olaraq ənənəvi mediada gedən məqalələr, qaldırılan məsələlər reallığı əks etdirir və ciddi araşdırma nəticəsində meydana çıxır. Düzdür, bəzən sosial şəbəkələrin çevikliyi müəyyən çaşqınlıq yaradır. Amma operativlik heç də real informasiya anlamına gəlməməlidir. Fikrimcə, dövlət qurumları sosial şəbəkələrə deyil, mətbuat orqanında gedən informasiyalara daha çox diqqət yetirməlidir”.

İsmayıl Qocayev

Paylaş

Bizi Facebookda izləyin
menu
menu