Gec-tez "Keşikçidağ" problemi həll olunacaq

Amma Gürcüstan mütləq şəkildə aqressiv siyasətdən çəkilməli, konstruktiv mövqe tutmalıdır




Bakıda Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçirilib. İclasda sərhəd xətlərinin müəyyən olunması ilə bağlı müzakirələr aparılıb. Məlumdur ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası məsələsi prezidentlər - İlham Əliyev və Salome Zurabişvili arasında fevralın 27-də Bakıda baş tutmuş danışıqlar zamanı canlanıb. Gürcüstan sərhədçilərinin Azərbaycanın "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciətindən sonra mayın 14-də Bakıda Xələfov ilə Darsaliyanın görüşü zamanı dövlət komissiyasının növbəti iclasının keçirilməsinə dair qərar qəbul olunub. 

Ümumilikdə indiyədək dövlət komissiyaları 11 iclas keçiriblər. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan-Gürcüstan dövlət sərhədinin 314 km-nin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir. Xatırladaq ki, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə dövlət komissiyaları səviyyəsində sonuncu görüş 2011-ci ildə Bakıda keçirilib. Bundan əlavə, 2015-ci ildə Gürcüstanda və 2017-ci ildə Azərbaycanda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ekspertlər səviyyəsində məsləhətləşmələr baş tutub.

İki ölkə arasında illərdir müzakirə olunan sərhəd məsələsini "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə hesab edir ki, dövlət komissiyalarının yenidən fəaliyyətə başlaması iki ölkə arasında sərhədlərin tez zamanda həllinə gətirib çıxara bilər: 

"Amma Gürcüstan mütləq şəkildə aqressiv siyasətdən çəkilməli, konstruktiv mövqe tutmalıdır. Gürcüstan Prezidenti Salome Zurabişvilinin təxribatçı addımları iki ölkənin strateji tərəfdaşlıq ruhuna zidd addım idi. Rəsmi Bakı anlayış göstərərək gürcü rəhbərliyinin bu provakasiyasına qarşı əməkdaşlıq və danışıqlar təklifini irəli sürdü. 

Azərbaycan tərəfi daima sərhəddin tez bir zamanda beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi Tbilisinin məlum "Keşikçidağ” monastırı ətrafında süni ajiotajı təbii ki, ölkəmiz tərəfindən birmənalı qarşılanmadı. 

Azərbaycan bir qarış da torpağı gürcü tərəfə güzəştə gedə bilməz. Hesab edirəm ki, dövlət komissiyası səmərəli işləyib, sərhəddin mübahisə doğuran hissələrinin həllinə gətirəcək. Azərbaycan tərəfində problem yoxdur. Gürcü tərəfi obyektiv olaraq bu komissiyanın işinə dəstək verməlidir. Əgər rəsmi Tbilisi yenidən problem yaradacaqsa, delimitasiya prosesinin həlli uzanacaq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu