Qərb Ukraynanı Rusiya ilə təkbaşına savaşa buraxıb

Bu isə Kiyevə sərf etmir və yəqin ki, bunu yeni Prezident Zelenski də anlayır




Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Prezident vurğulayıb ki, Ukrayna təkbaşına Rusiya təcavüzünün öhdəsindən gələ bilməyəcək. Zelenskinin çağırışı Moskva tərəfindən sərt qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirib ki, Ukrayna rəhbərliyinin aqressiv hərəkətləri pozitiv nəticələr verməyəcək, əksinə, vəziyyəti ağırlaşdıracaq. Zaxarovanın sözlərinə görə, Zelenskinin "əlavə məhdudlaşdırıcı tədbirlər" haqqında Ağ Evə müraciəti böyük səhvdir. Xatırladaq ki, bir müddət öncə Zelenski və Putinin qarşılıqlı yumşaq ifadələri tərəflər arasında müəyyən müsbət müzakirələrin olacağı ehtimalını yaratmışdı. Amma indiki vəziyyət göstərir ki, rəhbərlik dəyişsə də, Kiyevin Moskvaya münasibəti dəyişməyib. Ekspertlərin fikrincə, Zelenskinin bəyanatları onsuz da gərgin olan əlaqələri daha da kəskinləşdirə bilər.

Tərəflər arasındakı qarşıdurma ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, hər iki ölkə biri-birinə əzələ nümayiş etdirir. Lakin hər iki tərəfin öz problemləri kifayət qədərdir: "Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var və Qərb dövlətlərindən yardım istəyir.

 Zelenskinin Krım və Donbass siyasəti də bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq o, Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə bilər. Lakin Moskva ilə yaxınlaşmaq Ukraynada növbəti qarşıdurma yaradar. 

Bundan başqa, Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq. Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa, Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu, bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil, çünki müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq”.
Siyasi şərhçinin sözlərinə görə, Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər: 

"Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olar. Rusiya Kiyevi bundan çox sıxa bilməz. Moskva ilk növbədə Suriya böhranında söz sahibi olmaq istəyir. Belə olan təqdirdə Putin beynəlxalq imicini təhlükə altına almağa hazırdırmı? Ukrayna ətrafında münaqişə soyuq müharibə əlamətləri ilə əks-səda verə bilər. Lakin bunun fonunda adi bir həqiqəti anlamaq lazımdır: - Ukrayna iqtisadiyyatı ölkənin keçmiş rəhbərliyinin səhvləri və oğurluqları ucbatından iflas həddindədir. Ölkənin miqyaslı xarici iqtisadi yardıma ehtiyacı var. 

Rusiya təkbaşına belə yardımı təmin edə bilməz. Qərb Ukraynanı Rusiyadan qorumaq fikrində deyil. Hər halda, hər kəs üçün öz maraqları və problemləri daha vacibdir. İndi onların başı hər kəsi bezdirmiş "Breksit”ə, Almaniyadakı daxili siyasi hadisələrə, İtaliyanın iqtisadi çətinliklərinə və s. qarışıb. Üstəlik, Kiyev nə Avropa İttifaqının, nə də NATO-nun üzvüdür. Bir sözlə, Qərb Ukraynanı Rusiya ilə təkbaşına savaşa sürükləyir. Bu isə Kiyevə sərf etmir və yəqin ki, bunu yeni Prezident Zelenski də anlayır...”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu