Zelenskinin əsas hədəfi bəllidir

Gənc Prezident erkən parlament seçkiləri ilə dayaqlarını möhkəmlətməyə çalışacaq




Ukraynanın gənc Prezidenti Vladimir Zelenski andiçmə mərasimindən dərhal sonra parlamenti ləğv edib. O, parlamenti yalnız özlərini zənginləşdirməkdə maraqları olan qrup adlandırıb. 41 yaşlı Zelenski seçki kampaniyası zamanı vəd etdiyi kimi Ali Radanı ləğv etmədən öncə də Ukrayna siyasətindəki bəzi ənənələri dəyişib.

O, inauqurasiyasına ənənəvi kortejlə getməkdən imtina edərək, parlamentə doğru insanlarla dolu parkın içi ilə piyada gedib. Parlamentlə bağlı qərarını açıqlamadan öncə Zelenski Ali Radanı qeyri-qanuni zənginləşməyə qarşı qanun layihəsi qəbul etməyə və onun ölkənin müdafiə naziri, Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı və baş prokuroru vəzifələrindən azad etmək təklifini dəstəkləməyə çağırıb.

 Onun vəzifədən kənarlaşdırmaq istədiyi insanların hər üçü sabiq prezident Petro Poroşenkonun müttəfiqləridir. Zelenski ölkə vətəndaşları üçün bacardığı hər şeyi edəcəyini söyləyib: "Həyatım boyu ukraynalıların gülməsi üçün əlimdən gələni etmişəm. Növbəti beş il ərzində də ukraynalıların ağlamaması üçün əlimdən gələni edəcəm”. Zelenskinin Ali Radanı buraxması ölkədə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bu addımın çox erkən olduğunu bildiriblər.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Rusif Məmmədsoy bildirib ki, Ukraynada prezident seçkilərindən sonra əksəriyyət ölkənin taleyi ilə bağlı nikbin fikirdə idi. Bunun əsas səbəbi də Vladimir Zelenskinin şəxsiyyəti ilə bağlı idi: 

"Zelenski böyük fərqlə prezident seçildikdən sonra ilk işi parlamenti buraxmaq oldu. Əslində oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinin iyul ayında keçiriləcəyi deyilir. Zelenski yaxşı anlayır ki, parlamentin hazırkı tərkibi ilə bir çox məsələləri həll etmək mümkün olmayacaq. Çünki əksəriyyət ona müxalif olanlardır. Bu səbəbdən seçkilərin vaxtından əvvəl keçirilməsində maraqlıdır. 

Hesab edirəm ki, Zelenskinin əsas hədəfi parlament seçkilərindən sonra özünə dayaq yaratmaqdan ibarətdir. Zelenski andiçmə zamanı bir sıra maraqlı fikirlər səsləndirdi. Bunları həyata keçirmək mümkün olacaqmı? Bu haqda konkret nəsə söyləmək tezdir. Çünki hazırda Ukraynada elə bir situasiya hökm sürür ki, baş verənlər ölkənin xarici siyasətinə də təsirsiz ötüşmür. Zelenski hakimiyyətə gəldiyi zamandan bəri Rusiya ilə münasibətlərdə hansı yolu tutacağını da nümayiş etdirdi”.

Analitik vurğulayıb ki, Zelenski ilhaq edilmiş ərazilərdə qarşıdurma istəmir. Çünki başa düşür ki, müharibə Ukraynanı bataqlığa çəkir: 

"Rusiya da sülh danışıqlarında maraqlıdır. Lakin ilhaq edilmiş ərazilərin hər biri Ukrayna üçün təcrübədir. Abxaziya və Cənubi Osetiyanın, Dnestryanı ərazilərin vəziyyəti məlumdur. İstənilən halda Zelenski mövcud ənənələri davam etdirir. Yəni Ukraynanın xarici siyasət strategiyası dəyişməyib. Yeni prezident də Qərbə doğru inteqrasiya prosesini davam etdirir. Ancaq təcrübə göstərir ki, Qərbə inteqrasiya edən ölkələr də Rusiya ilə mübarizədə yalnız qalır”.

İsmayıl



Paylaş

Bizi Facebookda izləyin
menu
menu