ABŞ-ın İrana hərbi zərbələr endirməsi son variantdır





ABŞ və İran arasında son günlər müşahidə olunan gərginlik daha da artmaqdadır. Ötən gün İran hərbçiləri S-300 zenit-raket komplekslərini Fars körfəzinə yaxın bölgədə yerləşdiriblər. Raketlər atom elektrostansiyası olan Buşir şəhəri ətrafına gətirilib. Komplekslərin trallar vasitəsi ilə daşınmasını təsdiqləyən kadrlar internetdə yayılıb. Raket komplekslərinin yerdəyişməsi ABŞ hərbi-dəniz qüvvələrinin körfəzdə aktivliyinə cavab olaraq həyata keçirilib.

Vaşinqton-Tehran gərginliyini təhlil edən politoloq Qabil Hüseynli deyib ki, hazırda İran-ABŞ münasibətlərindəki gərginlik əsasən Tehranın yeni nüvə sazişinin imzalanması ilə bağlıdır: 

"Bilirsiz ki, Amerika İrana qarşı 12 şərt irəli sürüb, məsələ də bu şərtlərdədir. İran rejimi bir müddət sonra Vaşinqtonun şərtlərini qəbul edərsə, o zaman yeni nüvə sazişi imzalanacaq. Bununla da hər şey qaydasına düşəcək. Əksinə, İran bundan vaz keçərsə, onda gərginlik qalacaq. Hətta bu dəfə Ağ Ev İranı daxildən sarsıtmağa çalışacaq və sanksiyalar daha da genişlənəcək. Bu isə İran iqtisadiyyatına böyük zərbə vuracaq. Ölkədə sosial problemlər rejimə qarşı etirazları artıra bilər”.

Ekspert əlavə edib ki, Amerikanın İrana hərbi zərbələr endirməsi son variantdır: 

"Hərbi təzyiqin tezliklə olacağı inandırıcı deyil. Amma sonrakı dövr üçün mümkündür. Çünki hərbi əməliyyatlar hər zaman gündəmdə olan məsələdir. Qısa müddətdə İranın kütləvi qırğın silahı hazırlamağa imkanı yoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, İran hələ uranın saflaşdırılması üzərində işini başa çatdırmayıb. Uranın saflaşdırılması çox çətin bir prosesdir. Bir atom bombasının, nüvə silahının hazırlanması üçün ən azı bir neçə kiloqram saflaşdırılmış uran lazımdır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu