Rus sevgisi...

Son döyüş amansız olacaq
"Qarabağ erməniləri" Paşinyana meydan oxuyur, sürprizlər hələ qabaqdadır


Düşmən ölkənin işğalçı və soyqırım törədən dövlət kimi tanınmasında başlıca rol oynayan keçmiş prezident Robert Koçaryanın həbsdən buraxılması ölkədəki vəziyyəti bir daha ifşa etdi. Məlum oldu ki, Ermənistanın məhkəmə orqanları xarici dövlətin nəzarəti altındadır və onun tapşırıqlarını icra edir. Bu arada "Jamanak”ın yazdığına görə, Qarabağdan olan "generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər: "Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar” bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşdə Samvel Aleksanyan da iştirak edib”. Ümumiyyətlə, Ermənistan bölgənin araqarışdıran, sabit olmayan ölkəsidir. Qonşu dövlətlərə qarşı əsassız ərazi iddiası onun pozuculuq fəaliyyəti ilə məşğul olmasını təsdiqləyir. Qərbə inteqrasiyaya mane olan Ermənistan üçüncü qüvvələrin bölgədə maraqlarının təmin olunmasına, sabitliyi pozmasına, regionun təhlükəsizliyinin təhdid olunmasına yardım edir.

Düşmən ölkədəki vəziyyəti "Şərq”ə dəyərləndirən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, "Aprel döyüşü”ndən sonra Ermənistan cəmiyyətində və hakimiyyətində parçalanma yarandı. 2018-ci ilin hakimiyyət dəyişikliyi erməni cəmiyyətini toparlamağa müəyyən mənada nail olsa da, məhkəmə binaları qarşısında keçirilən piketlər Ermənistan cəmiyyətinin parçalanmış halını ortaya qoydu: 

"Etiraz aksiyasında iştirakçıların azlığı, Avropaya inteqrasiyaya qarşı çıxışlar, Ermənistanda və işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında maraqların toqquşması, ziddiyyətlərin artması erməni cəmiyyətinin birliyi mifinin dağılmasını təsdiq edən faktlardır. Məlum oldu ki, Qarabağda yaşayan ermənilər Ermənistanda başlıca güc sahibidirlər. Koçaryanın zaminə buraxılması da bunu göstərdi. Ermənistanda 20 il hakimiyyətə Azərbaycan vətəndaşı olmuş ermənilər başçılıq ediblər. Robert Koçaryan 1998-2008-ci illər, Serj Sarkisyan isə 2008-2018-ci illərdə Ermənistanın prezidentləri olublar. Qarabağdan olan keçmiş Azərbaycan vətəndaşları Ermənistanda müxtəlif vəzifələrdə olublar. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan və s. Bu siyahını uzatmaq da olar. Belə çıxır ki, Ermənistanda dövləti idarə etmək üçün kadr olmayıb, yaxud ən etibarlı kadrlar Azərbaycanın keçmiş vətəndaşlarıdır”.

Analitikin sözlərinə görə, əslində, Ermənistan cəmiyyəti "qarabağlı” ermənilərdən xilas olmaq üçün 2018-ci ildə hakimiyyət dəyişikliyi etdi: 

"Görünür, onların bundan artığına gücləri çatmadı. Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda əsas söz sahibi olaraq fəaliyyət göstərir. Onların fəaliyyəti isə erməni cəmiyyətinin parçalanmasını dərinləşdirir. Bunu artıq hakimiyyətdə olanlar da etiraf etməyə başlayıblar. Ermənistanda çıxan "Past” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan ermənilər arasında parçalanmanın yaranmasını araşdırmaq üçün güc strukturlarına tapşırıq verib. Bildirib ki, Qarabağda ermənilər arasında Ermənistan hakimiyyətinin "Qarabağ ermənisi” və "Ermənistan ermənisi” yarlığı vurduğuna dair söz-söhbət dolaşır. Bunun da yersiz olmadığı təsdiqlənir. Məlum olub ki, "Qarabağ erməniləri” də Ermənistan ermənilərini sevmir. Nikol Paşinyan ermənistanlıdır”.

Siyasi şərhçi vurğulayıb ki, Nikol Paşinyan və Ermənistan erməniləri vəziyyətə nəzarət etməsə, yeni sürpriz hadisələrin baş verəcəyi ehtimalı az deyil: 

"Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı, ölkəyə edilən yardımlara "Qarabağ ermənilərinin” şərik çıxması, xarici siyasət kursunda problemlər, ölkə əhalisinin daim vahimə və xof içində yaşaması, ictimai, siyasi və iqtisadi sabitliyin olmamasının başlıca amili ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddiası, işğalçılığıdır. ABŞ-ın məşhur "Gallup” beynəlxalq sosial araşdırma şirkətinin apardığı sosial araşdırmadan bəlli olub ki, Ermənistanda vətəndaşların vacib problemi Qarabağ məsələsi deyil, işsizlikdir. Rəyi soruşulanların 45 faizi işsizliyin Ermənistanın başlıca problemi olduğunu söyləyib”.
S.Soltanın sözlərinə görə, Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr qərbyönlülərdir. "Qarabağ erməniləri” isə birmənalı olaraq, Rusiyasevərlərdir: "Ermənistan erməniləri Qərbə inteqrasiyaya üstünlük verir və onlar üçün Azərbaycan torpaqlarının işğalı elə də prioritet deyil. Habelə ölkədə sabitliyi pozanlar isə "Qarabağ erməniləri”dir. 

Onlar həm də Ermənistanın inkişafının qarşısını alır. Son bir ildə baş verənlər onu da sübut edib ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın beynəlxalq nüfuzuna da zərbə vurur. Artıq bu reallığı havadarları da inkar etmir. Deməli, Qarabağ məsələsi və "Qarabağ erməniləri” Ermənistanın müstəqilliyinin təhdid edilməsi üçün əsas alətə çevrilib. Çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından, hikkə və kindən xilas olmasından keçir. Hələlik isə Ermənistan bu yoldan uzaqdır. Dağlıq Qarabağın işğalı və "Qarabağ erməniləri” ölkənin müstəqilliyini, suverenliyini təhdid edir”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu