Naşir gileyləndi: “Piratçılıq vergi ödəyən nəşriyyatlara zərbə vurur”





Azərbaycana qanunsuz dərs vəsaiti gətirən şəxslərin məhkəməsi başlayıb. Pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Qeyd edək ki, son zamanlar ölkəmizə qanunsuz dərs vəsaiti və başqa təmayüllü kitablar gətirməyə cəhd edənlərə və müəyyən mənada buna nail olanlara rast gəlinib.

Maraqlıdır, görəsən bu hal niyə yaranır və qarşısını almaq üçün nə kimi preventiv adddımlar atılmalıdır ?

Sualımızı cavablandıran filologiya üzrə fəlsəfə doktoru, naşir Rafiq İsmayılov "Sherg.az”a bildirib ki, pirat dərs vəsaitlərini gətirən insanlar başqasının əməyindən istifadə edərək asan yollarla gəlir əldə etmək istəyirlər.

O qeyd edib ki, nəşriyyatlar həmin dərs vəsaitlərinin üzərində illərlə çalışırlar:

"Dərs vəsaitlərinin hazırlanmasında bir adam yox, nəşriyyatın bütün kollektivi aylarla işləyir. Vəsait işıq üzü görəndən sonra piratlar həmin kitabın üzünü skanerdən keçirib hansısa mətbəədə çap edərək satmaqla məşğuldurlar. Nəşriyyatlar intellektual bir mərkəzdir və daim yeni nəşrlər üzərində işləyirlər. Yeni layihələr üzərində işləmək üçün də müəyyən gəlir əldə etməlidirlər. 

Yəni, əvvəlcə buraxdığı kitabları satmalıdır ki, başaqa layihələri işləsinlər. Bu mümkün olmayanda isə sözsüz ki, nəşriyyat get-gedə zəifləyir. Pirat satışla məşğul olanlar isə kitabların ərsəyə gəlməsi üçün pul xərcləmirlər. 

Onlar yalnız kağız və mətbəə xidmətindən istifadə edirlər. Ona görə də daha ucuz qiymətə satışı həyata keçirə bilirlər. Sözsüz ki, bu kitabların keyfiyyəti də aşağı olur. Belə olan halda sonda zərbə vergi ödəyən rəsmi nəşriyyata vurulur. Bütün bunlar qeyri-sağlam rəqabətdir. Başqasının əməyindən istifadə etməklə kitabları ərsəyə gətirmək və pul qazanmaq düzgün yanaşma deyil”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu