Paşinyanın bütün xarici səfərləri fiaskoya uğrayır

Bu o deməkdir ki, Ermənistandakı hazırkı siyasi elita hələ də beynəlxalq aləmdə özünə yer tapa bilmir


Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla hakimiyyətə gələn yeni qüvvələr nə ABŞ, nə də MDB məkanında qəbul edilir. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mayın ortalarında Amerikaya səfəri də uğursuz olub. İrəvanın Vaşinqtondakı səfirliyinin səylərinə baxmayaraq, Ağ Evin heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ikinci dəfə onu qəbul etməkdən imtina edib. Bolton ötən il oktyabrın 26-da İrəvana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Yeri gəlmişkən, Vaşinqtonun Ermənistandakı səfiri Linn Treysi Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirib. Diplomat Amerikanın Ermənistana etdiyi maliyyə yardımından Nikol Paşinyanın daim gileylənməsindən də razı qalmayıb.

Ermənistan hökumətinin acınacaqlı durumu ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Paşinyan və komandasının MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında işi ürəkaçan deyil. Bunun əsas səbəblərindən biri müxalifətdə olarkən onun və təmsil etdiyi siyasi qüvvələrin adlarını çəkdiyimiz qurumlara qarşı çıxışlar ola bilər: 

"Paşinyan Moskvada Avrasiya İqtisadi İttifaqının qərargahındakı çıxışında demişdi ki, deputat olduğu zaman Ermənistanın bu quruma birləşməsinin əleyhinə çıxıb. Bir müddət sonra isə onun təklifi ilə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə dinləmələr keçirilib. Onun hökumət başçısı olandan sonra müxalifətdə olarkən etdiyi səhvləri düzəltmək üçün atdığı addımlar hələlik səmərəsiz qalıb. ABŞ Paşinyanın Rusiya ilə yaxınlaşmasını istəmir. Moskvaya doğru addım atanda isə Vaşinqtonun ona inamı azalır. Paşinyan Vaşinqtona sarı əyiləndə Kreml ona yaxşı baxmır. Bu da özünü Rusiyanın patronluq etdiyi təşkilatlarda da açıq-aydın göstərir”.

Analitik bildirib ki, hər halda Paşinyan üçün Avrasiya İqtisadi İttifaqının Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sammiti də uğurlu sayıla bilməz: 

"Bu, açıq-aydın görünürdü. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin şərəfinə təsis edilən "Nazarbayev” ordeni Ermənistanın baş naziri Nikol Paşinyana verilməyib. İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Qırğızıstan Prezidenti Sooranbay Jeenbekov və Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevi "Nursultan” ordeni ilə təltif edib. Mayın əvvəlində Ermənistan rəsmiləri cari ildə Paşinyanın Putinlə üç dəfə görüşəcəyini bildirirdi. Bunlardan biri Nur-Sultanda olmalı idi. Ancaq sonradan belə görüşün planlaşdırılmadığı elan edildi. 

Belə çıxır ki, heç Putin də Qazaxıstanda onunla salamlaşmayıb. Paşinyan Nazarbayevlə görüşdə böyük bir səhv buraxıb. Bildirib ki, SSRİ-nin dağılması ilə bağlı Belovej müqaviləsini Qazaxıstan lideri də imzalayıb. Ancaq hamı bu sənədi Rusiya Prezidenti Boris Yeltsin, Belarus Prezidenti Stanislav Şuşkeviç və Ukrayna Prezidenti Leonid Kravçukun imzaladığını bilir. 

Bunun da səbəbi SSRİ-nin təməlini bu üç dövlətin qoymasıdır. Səfəri uğursuz olan Paşinyan Nur-Sultanı vaxtından əvvəl tərk edib. Nikolun Qazaxıstana səfəri ikinci dəfədir uğursuzluqla nəticələnir”.

S.Soltan vurğulayıb ki, Ermənistandakı hazırkı siyasi elita hələ də beynəlxalq aləmdə özünə yer tapa bilmir: "ABŞ-da Armen Qriqoryana, Qazaxıstanda isə Nikol Paşinyana münasibət bunun göstəricisi sayıla bilər”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu