Madrid Bakıya uduzdu - Rusiya mediası




Dünya KİV-ləri Bakıda Avropa Liqasının və Madriddə Çempionlar Liqasının final matçları haqqında materialların dərcini davam etdirirlər. Mayın 3-də Rusiyanın "İnfo24” portalında "Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub” sərlövhəli məqalə yerləşdirilib. AZƏRTAC həmin məqaləni təqdim edir.

***

Bir həftə ərzində UEFA-nın iki əsas matçı - mayın 29-da Bakıda Avropa Liqasının finalı və iyunun 1-də Madriddə Çempionlar Liqasının finalı keçirilib. Final matçlarında Britaniya klubları mübarizə aparıblar: birinci matçda "Çelsi” 4:1 hesabı ilə "Arsenal”a qalib gəlib, ikinci matçda "Liverpul” 2:0 hesabı ilə "Tottenhem”i məğlubiyyətə uğradıb. Hər iki matç çox maraqlı keçib və futbolçular əla oyun nümayiş etdiriblər, amma finallar təşkilatçılıq səviyyəsinə görə bir-birindən kəskin fərqlənib.

Skeptiklər Avropa Liqasının finalının keçirilməsi üçün Azərbaycanın seçilməsini pisləyirdilər. "Liverpul”un məşqçisi Klopp onun fikrincə, çətinliklə gedilən şəhər olduğuna görə Bakını qızğın tənqid edirdi, halbuki onun yetirmələri Bakıda oynamırdılar. Nəticədə azarkeşlərin Bakıya gəlməsi ilə bağlı heç bir problem yaranmadı.

Başqa təşkilati problemlər də olmadı: fanatlar fan-zonaya maneəsiz daxil oldular və oyunun özündən də, stadiondan da, şəhərdəki əyləncə məkanlarından da razı qaldılar.

"Liverpul” və "Tottenhem” arasında final matçı üçün Madridə gələnlər isə böyük tıxaclar kimi dəfedilməz maneələrlə qarşılaşdılar və 2-3 saat bu tıxaclarda gözləməli oldular.

Britaniyalı futbol eksperti Brayan Herli Madriddə baş verənləri "cəhənnəm” adlandırıb. O, "Bu, Çempionlar Liqası tarixində ən pis matç idi”, - deyərək matç barədə hökmünü verib.

Bakı isə əksinə, B.Herli tərəfindən tərif yağışına tutulub. O, BBC-yə müsahibəsində deyib: "Bakının uzaqda olmasına baxmayaraq, matç mükəmməl keçdi. Şəhər təmiz və təhlükəsiz, stadion isə çox rahat idi. "Çelsi” ilə "Arsenal” arasında matça tamaşa etmək üçün Bakıya gəlmiş on minlərlə azarkeş, o cümlədən mən təşkilatçılığın, infrastrukturun və təhlükəsizliyin təminatı səviyyəsinə heyran qaldıq”.

Finalı qəbul edən azərbaycanlıların qonaqpərvərliyindən və gülərüzlüyündən çoxları danışıb. Özü də bu, britaniyalıların öz obyektiv rəyi olub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib: ”Meydan da, stadion da dünya səviyyəsində idi”.

"Arsenal”ın azarkeşi Riçard Skeyls fikirlərini belə ifadə edib: "Son dərəcə ürəkaçan ab-hava hökm sürürdü. Oyun, final, Bakı xoşuma gəldi. Çox gözəl şəhərdir. Burada hamı mehribandır. Əla səyahət idi”.

Təəssüf ki, azarkeşlər Madrid haqqında deməyə xoş söz tapmayıblar. Qəbul edən tərəf futbolsevərlərlə bayram ovqatı bəxş edə bilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu