Nəinki limiti ləğv etmək olar...

... Hətta qaz və elektrik enerjisinin qiymətlərini əsaslı şəkildə azaltmaq mümkündür



Milli Məclisin ötən iclasında elektrik enerjisinə tətbiq edilən limitin ləğvi təklifi səslənib. Millət vəkili Fazil Mustafa elektrik enerjisinə tətbiq edilən limitin aradan qaldırılmalı olduğunu deyib:
- Təbii qaza tətbiq edilən limitin ləğvi ilə bağlı parlamentdə məsələ qaldırılmışdı. Cənab Prezidentin tapşırığı ilə qaza tətbiq edilən limit artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır. 

Çünki elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti heç də yaxşı deyil. Yay mövsümü kondisioner, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadəni qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit də aradan qaldırılmalıdır.

F.Mustafanın təklifi təbii ki, sadə vətəndaşın xeyrinədir. Çünki əhalinin böyük bir qrupu necə ki, təbii qaza tətbiq edilmiş limitin azlığından əziyyət çəkirdi, qış gəlməmiş limiti sərf edib qurtarırdı və limitsiz hissənin istifadəsinə görə əlavə pul ödəməli olurdu, eləcə də elektrik enerjisinə tətbiq edilən hazırkı limit vətəndaşlar üçün ağır sosial problem yaradır. 

Qışda evlərini isidə bilməyənlər, yayda da kondisioner yandırmasa, sərinlədə bilmir. 

Üstəlik, bir çox yeni yaşayış binalarında təbii qaz verilişi olmadığından və isti su verilmədiyindən, sənədləşmə işlərinə görə sakinlər məcburdur, ilin bütün fəsilləri elektrik plitələrindən və su qızdırıcılardan istifadə etsinlər. 

Bu da elektrik enerjisinin böyük sərfiyyatına səbəb olur. Və limit qısa zamanda istifadə edilib bitir.

Elektrik enerjisinə tətbiq edilən limiti ləğv etmək mümkündürmü?

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov «Şərq»ə açıqlamasında bunun mümkün olduğunu dedi:

- Mən bu barədə fikirlərimi mətbuatda səsləndirmişəm. Bu limitlər tamamilə ləğv edilməlidi. Bunun üçün elektrik enerjisi və qaz istehsal edən müəssisələrdə kifayət qədər böyük rezervlər mövcuddur. Bu rezervləri həmin məhsulların maya dəyərində axtarmaq lazımdı. 

Bu məhsulların maya dəyəri dərindən araşdırılsa, onda nəinki limitləri ləğv etmək olar, hətta qaz və elektrik enerjisinin qiymətlərini əsaslı şəkildə azaltmaq mümkündür.

Məlahət Rzayeva


Paylaş

Bizi Facebookda izləyin
menu
menu