“Paşinyanın əleyhdarlarının sayı durmadan artır” - İflic vəziyyət




Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti dəstəkləməyən şəxslər "Facebook”da "Adekvad” adlı səhifə yaradıb, orada qrup şəkilində birləşərək eyniadlı siyasi partiya formalaşdırıblar.

"Sherg.az” "armenews.com”a istinadən xəbər verir ki, sözügedən qrup Paşinyanın apardığı siyasətin tamamilə əleyhinə olan perspktivli, milliyətçi və mühafizəkar gənclərdən ibarətdir. Hətta bu təşkilatın tərkibində ABŞ-da təhsil almış erməni gənclər də yer alıb.

Onlar Paşinyan hakimiyyətini Ermənistan və onun dəyərləri üçün təhlükə hesab edirlər. 2018-ci ildə yaradılmış bu "Facebook” qrupunun üzvlərinin sayı 27 mindən çoxdur. Onlar artıq may ayının 27-dən partiyanın yaradılmasını şərtləndirən amilləri, bir sözlə, niyyətlərini açıqlayıblar.

Məsələni dəyərləndirən politoloq Tofiq Abbasov "Sherg.az”a bildirdi ki, Paşinyana qarşı belə reaksiyaların verilməsi hakimiyyətdə səriştəsiz adamların olması ilə bağlıdır:

"Əlbəttə ki, gənc adamlar həssasdır və ölkədə baş verən prosesləri yaxından izləyirlər. 1 il ərzində Paşinyan hakimiyyəti heç nə edə bilmədi. O ölkənin problemləri ilə bağlı ortaya ayrı bir proqram qoymaq qabiliyyətində deyil. 

Bu da ondan xəbər verir ki, Paşinyanın səriştəsi çox zəifdir və ölkədə olan ağır vəziyyətlə bağlı nələrisə dəyişməkdə acizdir. Ona görə də, onun əleyhdarlarının sayı durmadan artır. Bu təkcə gənc nəslin mövqeyi deyil. Vədlər verib sonra onun arxasında durmamaq Ermənistan vətəndaşlarının Paşinyana qarşı olan fikrini dəyişir. 

Bu iflic vəziyyət Ermənistana xasdır. Ümumiyyətlə, Ermənistan siyasətində elə bir qüvvə yoxdur ki, bütün problemləri həll edə bilsin və insanların gözləntilərinə, zamanın tələbinə uyğun hərəkət etsin. Əlbəttə, burada ilk növbədə Qarabağ problemindən danışmaq daha çox yerinə düşərdi. 

Paşinyan Azərbaycanın çağırışlarına cavab verə bilmir. Bu da ondan xəbər verir ki, ermənilər başlarını itiriblər. Ermənistanda radikalizm və terrorizm var. Amma ağıl, dərrakə, sülhsevərlik və qonşuluq siyasəti yox dərəcəsindədir. Ona görə də Ermənistanın aqibəti çox ağırdır. Onlar başa düşməlidir ki, belə getikcə ancaq uçurma doğru hərəkət edirlər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu