“Sosial şəbəkələrdə əxlaqsızlıq, sanki, normaya çevrilib” – Səbəblər və çıxış yolu göstərildi

Aydın Xan Əbilov:"İnternet resursları ilə bağlı da şura yaradılmalıdır. Bu internet şurası sosial medianı, internet saytlarını tənzimlənməlidir"



Ötənlərdə Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov sosial şəbəkələrdə əxlaq normalarının gözlənilməməsindən gileylənib.

O, bildirib ki, getdikcə sosial şəbəkələrdə əxlaqsızlıq, sanki, normaya çevrilib:

"Evimizin içində otur-otura ailəmizin tərbiyəsini qoruya bilməyəcək durumuna gəlmişik. Çünki, əxlaqsızlar sosial şəbəkənin imkanlarından sui-istifadə edərək öz tərbiyələrinə uyğun mübarizə metodundan istifadə edirlər. Onlar tənqid, təhqir və reklam xarakterli paylaşımlar edirlər.

Bir də görürsən ki, əxlaqsızlar televiziyada, sosial şəbəkələrdə əxlaqdan, namusdan, qeyrətdən danışırlar. Əvvəllər ictimai asayişi pozan insanlar üçün müəyyən cəza var idi. Bu gün isə sosial şəbəkə nədənsə ictimaiyyət hesab olunmur. Çünki orada əxlaqsızlıq edənlərə heç nə edən yoxdur. Hansı ki, küçədə çıxıb söyüş söysək, polis bizi cəzalandırar. Amma sosial şəbəkədə minlərlə insanın qarşısına çıxıb əxlaqsız ifadə işlədənlər cəzalandırılmır. Bütün bunlarla bağlı ölçü götürülməlidir”.

Mövcud durumla bağlı "Sherg.az”a danışan kulturoloq Aydın Xan Əbilov bildirib ki, müasir dünyada sosial şəbəkələr yeni media sayılır.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayımlanan informasiyalar, açıq-saçıq videolar, pornoqrafik şəkillərlə bağlı konkret cəza mexanizmi müəyyənləşməlidir:

"Gələcək nəslin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, onların tərbiyəsinə təsir göstərən hər hansı bir materiallar cinayət məsuliyyəti daşıyır. Məlumdur ki, sosial media həyatımızın nə qədər virtual variantı olsa da, biz günün-günorta çağı lüt soyunub bədənimizin əzalarını camaata göstərsək, bu qanunla cəzalandırıla biləcəyimiz akt sayılır. 

Son vaxtlar sosial medianın tənzimlənməsi və oradakı qanundan kənar hərəkətlər və informasiyaların yayılması ilə bağlı qanunvericilikdə bəzi dəyişikliklər olub. Xüsusilə, 3 lüt qadının mahnı oxumasını əks etdirən videoya görə, hüquq -mühafizə orqanları çox sərt mövqe sərgilədilər və həmin insanlar cəzalandırıldı. Əslində, bir çox xarici ölkələrdə olan və Azərbaycanı sevməyən qüvvələr var ki, bu tipli informasiyaları yaymaqla ictimai düşüncənin rəyini öyrənərək gələcəkdə siyasi məqsədlərdən istifadə edərək manipuliyasiyaya əl atırlar. Ona görə də belə məqamlara sərt reaksiya vermək lazımdır”.

A.X.Əbilov vurğulayıb ki, dünyanın sivil ölkələrində həm televiziya, həm kinoteatrlarda hansısa erotik və pornoqrafik filmlər yayımlanan zaman müəyyən təsnifatlar olur:

"10 yaşdan başlayaraq hətta 22 yaşa qədər olan şəxslərin belə görüntüləri izləməsinə müəyyən qadağalar qoyulur. Bunu sosial mediadakı materiallara da şamil etmək olar. Pornoqrafiyanı yayan şəxslər mütləq cəzalandırılmalıdır. Amma nə qədər qadağalara qoysaq da, insanlar hər zaman başqalarının intim həyatına maraq göstərirlər. Bu maraqlar "Min bir gecə” nağıllarından tutmuş, dastanlara, lətifələrə qədər özünü göstərir. 

Hər zaman görürük ki, bəşəriyyət həmişə digər insanların intim həyatından bəhs edən əsələri oxumaqda maraqlıdır. Ona görə də xüsusilə Şərq insanlarının bu tipli mənəvi tələbatını ödəmək üçün Azərbaycanda və digər ölkələrdə pornoqrafik məlumatlar yayan amma yaş qadağalarını nəzərdə tutan saytların da yaranmasına ehtiyac var. Əgər ölkəmizdə bu tipli informasiya resurları olmasa, Azərbaycan insanı başqa saytlara üz tutacaq. Həmin saytların da kənarlarında bəzən müəyyən reklamlar olur. Reklamlarda Azərbaycan və yaxud başqa ölkənin maraqlarına zidd olan resurslara girişlər var. Ona görə də belə məsələrlərdə bir qədər ehtiyatlı olmaq lazımdır”.

Kulturoloqun fikrincə, ölkəmizdə sırf müstəqil, estetik, fəlsəfi ictimai xadimlərdən ibarət və internetin inkişafı ilə bağlı şura yaradılmalıdır:

"Necə ki Mətbuat Şurası var. Düşünürəm ki, internet resursları ilə bağlı da şura yaradılmalıdır. Bu internet şurası sosial medianı, internet saytlarını tənzimlənməlidir. Dünyanın bir çox ölkələrinə belə şuralar var. Hətta inkişaf etmiş qərb ölkələrində sosial medianın və internetin inkişafı ilə bağlı oxşar fondlar və dövlər qurumları yaradılıb. 

Məsələn, Amerikada internet resurlarının inkişafı ilə bağlı zərərli vərdişlərin qarşısını almaq üçün alternativ və sivil materiallar olan, insanları maarifləndirən saytların inkişafı ilə əlaqədar 30 milyardlıq dövlət proqramı qəbul edilib. Niyə ölkəmizdə də belə proqramlar qəbul edilməsin? Zərərli vərdişlərə meyil göstərən insanlara alternativ olaraq faydalı məlumat verə biləcək saytlar olmasa, sözsüz ki, gənclərimiz zərərli internet resurlarına daxil olacaqlar”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu