Vəkillər niyə bölgələrə getmir ? – SƏBƏBLƏR SADALANDI + Ciddi problemlər var






Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın köməkçisi Gündüz Kərimov ölkəmizdə vəkil sayının elə də çox olmadığını vurğulayıb.  Onun sözlərinə görə, elə rayon var ki, orada bir nəfər vəkil fəaliyyət göstərir:

"Son il yarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb. Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir. Vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var”.

Regionlarda vəkillərin sayının az olmasının səbəbləri ilə bağlı fikirlərini "Sherg.az”la bölüşən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, vəkillər əsasən Bakıda çalışmağa üstünlük verirlər:

"Çünki, şəhərdə müştəri dairəsi böyükdür. Hazırda rayonlarda vəkilə müraciətlə bağlı məsələlərdə müəyyən problemlər var. Vətəndaşlarımız bir çox hallarda ya hüquqlarını bilmirlər, ya da ki vəkillərə inanmırlar. Bu baxımdan regionlarda vəkillərə müraciət azdır. Halbuki, regionlarda vəkillərə daha çox ehtiyac var.

Həqiqətən də bəzi bölgələrimizdə ümumiyyətlə, vəkil yoxdur. Bəzilərində isə cəmi 1 nəfər vəkil çalışır. Vəkillər əsasən Bakıda və Gəncədə cəmləşib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən regionda vəkillərin çalışması ilə bağlı bir çox maraqlı təkliflər irəli sürülüb. Məncə, vəkillərin kollegiyaya ödəyəcəkləri vəsaitlərin bir qədər də aşağı olması daha yaxşı olardı. Yəni, regionlarda çalışmaq üçün müəyyən stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir. Rayonda fəaliyyət göstərən hakimlər, yerli icra hakimiyyəti qurumları da müəyyən imkanlar yaratmalıdırlar. Xüsusilə vəkillərə müəyyən yerin verilməsi məsələsinə baxılmalıdır. Məhkəmələrdə vəkil otaqlarının yaradılması çox vacibdir. Vəkillərin daimi və rahat fəaliyyət göstərməsi də əsasdır. Həmçinin otaqlarda müvafiq texnologiyaların olması da lazımdır. Nəzərə alsaq ki, ölkəmizdə elektron məhkəmə sistemi fəaliyyət göstərir. İlin sonuna qədər bu sistemin ölkə üzrə tamamilə qurulması başa çatmalıdır. Əlbəttə, bu əlavə imkanlar yaradacaq. Vəkillər həmin elektron məhkəmə sistemindən istifadə etmək üçün müvafiq avadanlıqlara malik olmalıdır. Ona görə də yaxşı olardı ki, məhkəmələrdə vəkillər üçün otaqlar yaradılsın və həmin otaqlarda elektron avadanlıqlar yerləşdirilsin. Bu vəkillərin daha səmərəli fəaliyyəti üçün zəmin yaradacaq”.

Ə.Nuriyev qeyd edib ki, regionlarda fəaliyyət göstərən vəkillərin kollegiyaya ödəyəcəkləri vəsaitin aşağı salınması vacibdir:

"Bu vəsaitlərin azaldılması vəkillər üçün əlavə yardım deməkdir. Beləliklə, vəkillərin regionlarda fəaliyyət göstərməsi üçün müəyyən imkanlar yaranacaq. Yeni tikiləcək məhkəmə binalarında vəkillər üçün xüsusi otaqların olması da onların regiona axınına şərait yaradacaq”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu