Həkimdən çağırış: “ İstilərin birdən-birə düşməsi qeyri-standart vəziyyətdir” – QORUNUN !

Şahvələd Məmmədov: “Hava tutulur və açılır, bir saat içində temperatur 30-dan 35 dərəcəyə qədər qalxır, birdən 29-a düşür”


Son günlər havanın kəksin istiləşməsinin şahidi oluruq. Hətta temperaturun 35 dərəcəyə qədər yüksəldiyi bildirilir.

Ümumiyyətlə, kəskin isti havalarda əhaliyə günün altına çox gəzməmək məsləhət görülür. Xüsusilə, bir çox xəstəliyi olanlar üçün bu durum vacibdir. Lakin iyun ayı olmasına baxmayaraq indidən anormal istilərin düşdüyünü görürük. Əksər insanlarda halsızlıq, baş ağrısı kimi hallar müşahidə olunur. Çoxları bunu havaların istiləşməsi ilə əlaqələndirir.

Mövzu ətrafında fikirlərini "Sherg.az”la bölüşən həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, fəsil dəyişmələri ilə əlaqədar insanların səhhətində müəyyən problemlər olur:

"Son zamanlar Bakıda hava tutqunluğu müşahidə olunur. Bir çox ekoloji problemlərin olduğu bəllidir. Yay aylarında mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri daha çox gözlənilir. Ona görə də, yayda qidalanma faktoru önəmli rol oynayır. Qidaların keyfiyyətli olmasına diqqət yetirmək lazımdır.

Yay aylarında arterial təzyiqin qalxması, ürək-damar xəstəliklərinin daha da kəskinləşməsinə rast gəlirik. Məlumdur ki, yayda yollarda müəyyən təhlükəli hallar baş verir. Məsələn, qızmar günəş altında çox durmaq bu cür xəstələr üçün təhlükəlidir. 

Kəskin istilərin düşməsi iyun ayı üçün xarakterik olmayan haldır. Birdən-birə istilərin düşməsi o qədər də normal deyil. 

Məsələn, mərkəzi aran rayonlarında 37 dərəcəyə qədər isti var. Bakıda isə hava tutulur və açılır, bir saat içində temperatur 30-dan 35 dərəcəyə qədər qalxır və birdən-birə 29-a düşür. Bu qeyri-standart və iqlimə uyğun olmayan vəziyyətdir. Ona görə də əhali diqqətli olmalıdır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu