Dəlicəsinə




Hələ BDU-nun Jurnalistika fakültəsinə qəbul olmamışdan əvvəl onun haqqında eşitmişdim. Çoxları onu mənə öz işinin peşəkarı, bacarıqlı qələm sahibi, bir az da zəhmli insan kimi tanıdırdılar. Böyük səbrsizliklə onunla görüşəcəyim günü gözləyirdim... Söhbət "525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məciddən gedir.

İndiyə kimi Rəşad Məcidin bir neçə yazısıyla tanış olmuşam. Onlardan biri də "Dəlicəsinə” essesidir. Həmin essedə müəllif deyir ki, bir şeyi dəlicəsinə istəsən ona mütləq çatarsan və mən də müəllifin dediyi kimi onunla görüşməyi dəlicəsinə arzulayırdım. Nəhayat, bu görüş baş tutdu. Özü də "525-ci qəzet”in redaksiyasında...

Düzü, Rəşad müəllimdən müsahibə almaq istəyirdim. Amma ilk dəqiqələrdən məni o qədər səmimi qarşıladı ki, vaxt necə gəldi, necə keçdi bilmədim. Bir də baxdım ki, xeyli söhbət etmişik. Həmin anlarda həmsöhbətimin çox sevdiyim bir şeirindəki misralar yadıma düşdü və öz-özümə düşündüm: 

"Bəlkə də, bu dünyaya Rəşad Məcid kimi işinin ustadı bir daha gəlməyəcək. Gəlsə də, mənim onunla qarşılaşıb qarşılaşmamağım sual altındadır. Odur ki, fürsətdən istifadə edib Rəşad müəllimdən bacardıqca çox şey öyrənməliyəm...”

Rəşad Məcidin işinin ustadı olduğunu təsadüfi demədim. Axı o, həm də Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Eyni zamanda bir çox mükafatlara, o cümlədən Həsən bəy Zərdabi mükafatına layiq görülüb. 10-a yaxın kitabın müəllifidir. Deməli, həqiqətən, onun kimi insanlar az-az gəlir dünyaya...

Əslində haqqında oxuyanda, şəkillərinə baxanda düşündüklərimlə Rəşad Məcidlə ünsiyyətdə olanda məndə yaranan təəssürat çox fərqli idi. 

Yanına gedənə kimi onun çox ciddi, qarabaq biri olduğunu fikirləşirdim. Lakin hələ məni görməmişdən qapıdan eşitdiyim "hardadı o ağcabədili?” ,-sözləri ilə səmimiliyini hiss etməyə başladım. Ürəyimdə "torpağımın dahi şəxsiyyəti ilə axır ki , görüşdüm” dedim...Həyəcanla içəri daxil oldum. Kabinetində xeyli kitab var idi, masası yarımdağınıq vəziyyətdə idi. 

Qarşısındakı "525-ci qəzet”in sonuncu nömrəsi diqqətimi çəkdi. Məni mehribanlıqla qarşıladı və söhbətə başladıq. Danışdıqca hərdənbir nitqinə ara verir, "525”-ə baxır, barmaqlarını səhifələrin üzərində gəzdirirdi. Sanki güc alırdı səhifələrdən. Axı 25 ildən çoxdur ki, o, "525”i çıxarır, bu qəzetlə nəfəs alır. Bəlkə də, övladı qədər əzizdir...

Redaksiyada olduğum müddət ərzində baş redaktorun buradakı əməkdaşlarla səmimi münasibəti də diqqətimi çəkdi. İşçilər də sanki özlərini onlara doğma olan bir yerdə hiss edirdilər...Sözsüz ki, bu, Rəşad müəllimin "525”-i bütün kollektivin ailəsinə çevirməsindən irəli gəlir. Və mən əminliklə deyə bilərəm ki, Rəşad Məcid bu ailənin zəhmli, ancaq sevilən başçısıdır.

Sevinirəm ki, onunla söhbət etdiyimiz 1-2 saat ərzində həmyaşıdlarımdan biri kimi mənimlə ünsiyyət qurmağa çalışırdı...Bəli, uzun müddətdir görmək istədiyim Rəşad Məcidin qarşısında oturmuşdum...
O, təkcə üslubuyla zamanın ruhunu tutmur, həm də zamanə insanlarının ruhunu tutur...Hər kəsə eyni səmimilikdə rəftar etməsi onun nə qədər möhtəşəm xarakterə malik olmasından xəbər verir...Söhbətimizin sonunda mənə ən sevdiyim şeiri ilə eyni adi daşıyan bir kitabını bağışladı...

Kitaba aftoqraf yazarkən, "həmyerlim”deyə xitab etməsindən çox qürurlandım. Doğulduğum torpağa məndən daha çox bağlı olan bir şəxsi ilk dəfə görürdüm. Onun kimi bir şəxsiyyətlə eyni torpağın yetirməsi olduğumçün çox şanslıyam...O, yazıları ilə təkcə öz məzhəbini artırmır, həm də qələmindən tökülən mürəkkəblə onu sevənlərin və həmyerlilərinin yolunda yeni və uzun bir cığır açır...Bizim məzhəbimiz də Rəşad Məcid kimi vətən oğullarının qələmiylə yazılır...Rəşad Məcid oxucularının sevimlisi, ağcabədililərin fəxridir.

Rəşad müəllimlə bu görüşümü heç vaxt unutmayacam. Unuda da bilmərəm. Onunla sağollaşıb redaksiyadan çıxanda təbəssümlə dedikləri isə xatirəmə əbədi yazıldı: "Özüm bilərəkdən bəzən səninlə söz oyunu oynayırdım, ancaq sən dediklərim qarşısında "sınmadın”, aciz qalmadın...Sınağımdan uğurla keçdin.”

Rəşad müəllim, yəqin ki, məni qarşıda hələ çox sınaqlar gözləyir. İnanıram ki, onlardan da uğurla keçəcəm və peşəkar bir jurnalist olacam. Sizinlə görüşümdən sonra bunu dəlicəsinə istəyirəm...Dəlicəsinə...Axı hələ sizdən müsahibə almalıyam...

Günel Abbasova, BDU, Jurnalistika fakültəsinin II kurs tələbəsi

Paylaş

Bizi Facebookda izləyin
menu
menu