"Kim deyə bilər ki, Ramiz Rövşən şair deyil?!"

Əsəd Cahangir: "Ölkədə kimin əsl şair, yazıçı olduğu aşağı-yuxarı bəllidir"
"Turalın fikirləriylə tamamilə razıyam. Sosial şəbəkələr, feysbuk, yanlış olaraq belə bir rəy formalaşdırıb ki, əgər fikrimi ictimaiyyətə çatdıra bilirəmsə, deməli, yazıçıyam"


"Ədəbiyyatda əsas meyar yenilikdir. Sən ədəbiyyata yenilik gətirmisənsə, buyur, ədəbiyyat cameəsinə, gətirməmisənsə, özündən əvvəl deyilənləri təkrarlayırsansa, bu, artıq ədəbiyyat deyil"

Ədəbiyyatımızın bugünkü durumu mənə yetim quzunu xatırladır. Kənd uşağıyam, kənddə böyüyənlər görüb, anasız quzuların boynu bükük qalmağını

Qan Turalı sosial şəbəkədə status yazıb:

«Artıq ədəbiyyat çevrəsi ikrah doğurmağa başlayıb. Konkret ad çəkmək istəmirəm, onda jurnalistlər başlayacaq dava salmağa, bununla da demək istədiklərim uçub havaya gedəcək. Bu qədər çox yazıçı, şair olmamalı idi. Bir tərəfdən AYB qapıları açdı, bir tərəfdən mətbuat, tv-lər... Ən güclü zərbəni isə sosial media vurdu. Ölkədə kitab bazarı yoxdu, nəşriyyat sistemi yoxdu. Bütün bunlar olmayanda hamı özünə yazıçı deyir, şair deyir. Mizan itir, məzhəb qarışır, tərəzi sınır. Yüzlərlə yazar var, amma hər ildə cəmi 1-2 oxunası kitab ortaya çıxır. Və bu xaosda oxucu nə etsin, hamını bir-bir oxuyub qərar versin?! Bu belə olmamalı idi...»

Qan Turalının bu paylaşımı növbəti ədəbiyyat müzakirəsini alovlandırdı. Rəylər ard-arda gəlməyə başladı. Çoxu da həmrəylik. Bir-ikisini xatırladaq.

Rumiyyə Miraslan: Hamısı işsizlikdəndi. Bir baltaya belə, sap ola bilməyənlər yazıçı, şair olub.

Mahir Dərviş İnsannamə: İnsan özü ədəbiyyata dönüb, özü bir kitab olmadısa, nə yazır yazsın, mənası olmaz. İndiki ədəbiyyat ancaq qışqırıq salıb hay-küy qoparır ki, mən də varam. Amma yoxdur.
Susmuş ədəbiyyat öz sükutunu nə vaxtsa pozacaq həzinliklə, hikmətlə, sakitcə. Qışqıranlar onda lal olacaq, qaçacaq.

Qızılgül Abdinova: Mən daha heç kimin xətrinə dəymirəm. Bilmirəm axı kim-kimdir…

Elbrus Quliyev: Təzə Layk (like) ədəbiyyatı gəlir.

Salam Salamzadə: İndi hamı oxuyub deyəcək "doğrudur", amma heç kim özünə aid etməyəcək

Günay Bağırova: Təkcə ədəbiyyat sahəsində deyil bu, vallah, incəsənətin də zibilini çıxarıblar. Bax, elə mən yazıq tələbə, bir ton gənc rəssam var, minlərlə, hamısı istedadsız, hamısı da bir-birini tərifləyir, bilmirəm kimə baxım, kimdən öyrənim, haça-paça qalmışam istedadla piyar arasında. Sərgilərə də gedirsən, biri beşinə dəyməz, beşi də birinə. Soruşanda da ''sən cahilsən, sən odunsan, hiss eləyə bilmirsən".

İradə Sadıxova: Hər bir sahədə bu belə olmamalı idi.

Şahbaz Xuduoğlu: Bir vaxtlar sizlər üçün də belə yazırdılar. Biz də onda sizləri müdafiə edirdik. Buna görə çoxluqda qorxu yoxdur. Qorxu azlıqdadır. Təklikdə. Tək olan insan, yazıçı, rəhbər çox tez əzazil, azman olur.

Azad Qaradərili: Hər zaman belə olub. Sonra təbii seçmə, zaman məsələni çözüb. Hər dalğadan beş-altı imza qalıb. Bu da belə olacaq.

İlqar Rəsul: Hamı hər şeyin eninə-boyuna dadını çıxarandan sonra ona yuxarıdan baxıb qiymət verir. Ədəbiyyat bütün dünyada belədi. Hər şey də (nəşriyyat, satış və s.) bu çoxluğun, pərakəndəliyin hesabına formalaşır. Sosial şəbəkə və media olmasaydı, yazıçıların çoxunu heç kim tanımazdı. Hələ orasını demirəm ki, sünnət xarakterli təqdimat mərasimləri məhz sosial şəbəkələrin hesabına hətta üzdə olan sayılan yazıçıları da az-çox nəşriyyatın borcundan çıxardıb. Yəni mən təbii yanaşmanın tərəfdarıyam.

Alpay Tural: Məsələ burasındadır ki, güclü ədəbiyyat ənənəsi və oturuşmuş nəşriyyat sistemi olan Fransada da bu belədir: yəni yazan çoxdur. Amma onlardan neçəsi nə dərəcədə oxunur, bunu bilmirəm.

Qan Turalı özü də bunu yazır:

Rejissor dostumla söhbətim;

- Bizdə dəhşətdir e… Adobe Premieri bilən hamı özünü rejissor sayır.
- Bizdə də "Word"ü bilən hər adam özünə yazıçı deyir…

Bəli, belə bir mənzərə ilə qarşı-qarşıyayıq. Yazıçı, şairlərin sürətli artışı bir yana, hələ kitab adlarına baxın – «oxuma məni», «açar olmayan qapı», «pozğun», «alçaq», «əclaf»… Bu mənzərəyə ədəbi tənqidçi nə deyir?

Ədəbi tənqidçi Əsəd Cahangirlə söhbətimiz bu mövzuda oldu.

- Turalın fikirləriylə tamamilə razıyam. Sosial şəbəkələr, feysbuk, yanlış olaraq belə bir rəy formalaşdırıb ki, əgər fikrimi ictimaiyyətə çatdıra bilirəmsə, deməli, yazıçıyam. Özlərini yazıçı, şair kimi təqdim edirlər, halbuki ortada bədii yaradıcılıq yoxdur. 

Bədii yaradıcılıq olmayan yerdə ədəbiyyatdan danışmaq anarxiyadan danışmaqla eynidir. Mən illər öncə Azərbaycan Yazıçılar Birliyi üzvlərinin attestasiyadan keçirilməsini təklif etmişdim. AYB-nin 2000 üzvü var. 2000 nəfər vəsiqə alır, sonra təqaüd tələb edirlər, kitab təqdimatı tələb edirlər. Attestasiya keçirilsin, yazıçı, şair olmayanlar kənarlaşdırılsın.

- «Yazıçı-şairlər»in bu qədər çoxalmasında hamı və hər kəs günahkardımı?

- «Yazıçı və şairlər»in artmasında bizim hamımızın payı var. Hamımız bura nəsə bir pay qatırıq, sonra da mücərrəd ittihamlar edirik ki, yazıçı-şair çoxdu, hamı özünü yazıçı, şair sayır və sair. Bu işin bu həddə gəlib çatmasında tək AYB günahkar deyil. Sayt rəhbərləri, mətbuat da diqqətli olmalıdır.
Oxucu zövqü aşağı ola bilər. Üzünü görmədiyim adamların kitablarını oxuyub bəyəndiyim olub. Oxucu zövqünə enmək yox, o zövqü yüksəltmək lazımdır. 

Qeyri-məşhur olanlar, «tanımadıqlarımız» bəlkə kənara çıxsa, daha yaxşı təmsil edəcək Azərbaycan ədəbiyyatını. Amma bu gün kimlər təmsil edir? Açıq danışaq, özlərini hakimiyyətə yaxın sayanlar və bir də işbazlar. Onlar daha çox təbliğ olunur xaricdə və dərd burasındadı ki, Azərbaycan ədəbiyyatı haqqında yanlış fikir formalaşdırırlar. Etiraf edirəm, AYB də lazımi sərtlik nümayiş etdirmir.

- Attestasiyanı necə keçirəcəksiz, hansı meyarla?

- 5-10 nəfərdən ibarət komissiya yaradılmalıdı, AYB üzvlüyünə kimlərin layiq olub-olmadığı bilinməlidir. Hardasa 200 nəfər qalsın AYB üzvlüyündə. Belə olsa AYB-nin də nüfuzu artar, ora üzv olmaq da prestij sayılar. Bir var 2000 nəfərin problemi ilə məşğul olasan. Bir var 200 nəfərin. Təsəvvür edin, AYB-nin 2000 üzvü var və hər kəsə Prezident təqaüdü verilir. Bir dəfə təqaüd alan bir də 30 ildən sonra təqaüd ala bilir. Bu, dəhşətdir.

- Deyirsiz, AYB üzvləri həddən artıq çoxdu?

- 10 milyonluq əhalisi olan ölkədə yaradıcı təşkilatın 2000 üzvünün olması, yumşaq deyim, normal deyil. Rusiya 100 milyonluq ölkədir. Yazıçılar Birliyinin cəmi 3000 üzvü var. Məncə, Rusiyadan sonra ən çox üzvü olan Yazıçılar Birliyi Azərbaycandır. İnanmıram ki, post-sovet məkanının başqa hansısa ölkəsində yazıçılar birliklərinin bizimki qədər üzvü olsun. Ziyanın yarısından qayıtmaq da xeyirdi. Çünki bu vəziyyətdən əsl ədəbiyyat adamları ziyan çəkir.

- Axı, meyar nə olacaq? Kimsə iddia edə bilər ki, kitabların nəşr olunub, oxucularım var, məni sevirlər, izləyicilərim, instaqram hesabım…

- Əsas meyar keyfiyyətdir. Kim deyə bilər ki, Ramiz Rövşən şair deyil?!

Yəni ölkədə kimin əsl şair, yazıçı olduğu aşağı-yuxarı bəllidir də.

- Deyirsiz, 200 nəfər qalsın AYB-də. Bunun 100-ü siz deyən kimi olsun, hamının iki əl qaldırdığı tanınmışlar, sevilənlər. Bəs yerdə qalan 100-ü necə seçəcəksiz? O keyfiyyət hansı meyarla ölçüləcək? Sizin bəyənmədiyiniz bir hekayə, yaxud şeir başqa birisinin xoşuna gələ bilər axı…
- Keyfiyyət meyarı bəllidir. Ədəbiyyatda əsas meyar yenilikdir. 

Sən ədəbiyyata yenilik gətirmisənsə, buyur, ədəbiyyat cameəsinə, gətirməmisənsə, özündən əvvəl deyilənləri təkrarlayırsansa, bu, artıq ədəbiyyat deyil. Məsələn, Salam Sarvanın bir-iki kitabı nəşr oluna, ya olunmayadı. Son 20 ildə mən Salamın yeni şeirlərini oxumamışam. Amma Salam şairdi! Attestasiyada yaş, cins, mövqe… müxtəlif kriteriyalar əsas alınacaq.

Bayaq kitab adları sadaladınız, «Oxuma məni»… tipli. Bu ifadə artıq işlənib. İkincisi, bu ad aşkar şəkildə «oxu məni» deməkdir də. Burda nə yenilik ola bilər? Biri kitabının adını «pozğun» qoyur, biri «qapı», «açar»… Bu tip adlar şəxsən məndə ikrah doğurur.

- Oxucu cəlb etmək üçün seçirlər bu adları, yoxsa elə bu düşüncənin sahibidirlər?

- Cəlb etmək üçün edirlər. Bu yola əl atmaq zorundadırlar. Sosial şəbəkədə o qədər özünü yazıçı-şair elan edən var ki! Seçilmək üçün nəsə düşünmək lazımdı. Və nə edirlər, oxucunun duyğularına hücum çəkirlər. Oxucunun duyğu orqanları da kütləşib artıq. Tələbə vaxtı, yeni nəşr olunan kitabları alıb oxuyurdum, çörək pulumu, nahar pulumu kitablara verirdim. İndi həftədə azı 100 kitab nəşr olunur. Onun hamısını necə ala bilərsən? 

Ona görə də bəziləri müxtəlif üsullara əl atırlar ki, oxunsunlar. Anlamırlar ki, ədəbiyyat adamı deyilsənsə, onsuz da səni oxumayacaqlar. Uzaqbaşı 1 ay davam edəcək, oxucunu 1 ay aldada biləcəksən. Sonu yoxdu, onsuz da. Problem bundadı ki, adam özü də başa düşür ədəbiyyat onun yeri deyil, amma tərk etmir buranı. İllər keçir axı. Bu illər ərzində o adam daha səmərəli işlə məşğul ola bilərdi. Özünü başqa sahədə realizə edə bilərdi. Amma illərini itirir. Özünə qarşı da qıcıq yaranır, ailə problemləri ortaya çıxır. Deyəndə ədəbiyyat sənin yerin deyil, xətrinə dəyir, başlayır səni təhqir etməyə, ədavət aparmağa.

Sonda Əsəd Cahangir Azərbaycan ədəbiyyatının hazırkı durumunu «yetim quzuya» bənzətdiyini dedi:

- Ədəbiyyatımızın durumu ürəkaçan deyil. Və ədəbiyyatı yönləndirəcək çox güclü ələ ehtiyac var. Ədəbiyyatımızın bugünkü durumu mənə yetim quzunu xatırladır. Kənd uşağıyam, kənddə böyüyənlər görüb, anasız quzuların boynu bükük qalmağını. Sürü qayıdanda yetim quzu gah bu, gah o biri ana qoyunun altına cumur, əmmək istəyir, ana da balası deyil deyə, qəbul eləmir. Axırı, yetim quzu çəkilir bir kənara, boynunu büküb dayanır. Bizim ədəbiyyatımızın durumu hazırda belədir. Bizim də ədəbiyyatımız hələ ki, aid olmayan ünvanlara baş vurmaqdadı. Bir gün də yorulub dayanacaq.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu