Qaz itkiyə gedir, sayğaclar ona görə dəyişdirilir





Qaz sayğacları dəyişdirilir. Bir neçə gündür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində abonentlərin qaz sayğacları sökülür, əvəzinə yeniləri quraşdırılır. Soruşanlara da deyirlər ki, bu sayğaclarda qaz itkiyə gedir, ona görə dəyişirlər. Amma sakinlər durumdan çox da məmnun görünmür. Səbəb də budur ki, köhnə sayğaclar dönəmində qazın verilişi dayandırılıb sonra bərpa edildikdə sakinlər əllərində smart-kart Milli ÖN aparatlarının qarşısında növbəyə dayanırdılar, çünki sayğaclar «kod»a düşürdü. 

«Kod»dan çıxmaq üçün də, bəzən iki, bəzən hətta 3 dəfə karta üst-üstə qaz yükləməli olurdular. Bu «kodadüşmə» müəmmasını da bir kimsə çözə bilmirdi. İndi də sakinlər həmin əyyamları xatırlayıb, «görəsən, indi nə fırıldaq var» deyə şübhələnirlər. Və bir tərəfdən baxanda, haqsız da sayılmazlar. O səbəbdən ki, sayğaclar işlək vəziyyətdədir, yenilənməyə nə hacət? Üstəlik, sayğaclar yeniləndikdən sonra abonentlər gərək yeni smart-kart əldə etmək üçün «ASAN Kommunal»da növbə gözləsinlər. Yayın bu cırhacırında vacibdimi?

Biz də bu sualı «Azəriqaz» ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəlayevə ünvanladıq.

İ.Kəlbəlayev «Şərq»ə açıqlamasında «Azəriqaz» tərəfindən qazlaşdırma və istismar müddəti bitmiş qaz sayğaclarının yenilənməsi işlərinin mütəmadi aparıldığını dedi:

- İstifadə müddəti bitmiş, texniki problem olan sayğaclar yenilənir. Təkcə sayğaclar deyil, qaz borularında itki olduqda borular da yenilənir.

İ.Kəlbəlayev sayğaclar yeniləndiyi üçün smart-kartların da yenilənəcəyini bildirdi:
- Sayğacları quraşdıran əməkdaşlar tərəfindən akt tərtib edilərək abonentlərə veriləcək və abonentlər də o aktı ASAN Kommunala təqdim edib yeni smart-kartları əldə edəcəklər. Bu işi onlayn sistemlə həyata keçirmək mümkündü. Həm də sayğacların dəyişdirilməsi kütləvi hal almadığından yeni smart-kartları əldə etmək abonentlər üçün vaxt itkisinə səbəb olmayacaq. Əvvəlki smart-kartda qaz balansı varsa, o da yeni karta keçiriləcək.

Məlahət Rzayeva

P.S. Molla Nəsrəddinin oğru ilə əhvalatı yadıma düşdü. «Səsi sonra çıxacaq» məsəli. Yeni sayğacların da mərifətini yaxın zamanda görəcəyik. Təki, deyildiyi kimi abonentlərin xeyrinə olsun.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu