Əhməd Qəşəmoğlu " ONA"dan iş istədi

"Əgər Vüsalə xanım ciddi Mərkəz yaratmaq istəyərsə, mən ona kömək edə bilərəm"
"SSRİ-də bu tip Mərkəzlərin yaradılması sahəsində ilk dissertasiyanı Moskvada mən yazmışam"


Məlum olduğu kimi, APA informasiya agentliyi fəaliyyətini bərpa edib. Media qurumun rəhbəri Vüsalə Mahirqızı bildirib ki, agentliyin fəaliyyətə başlamasından sonra "ONA” fərqli formatda fəaliyyətini davam etdirəcək. Baş redaktorun sözlərinə görə, yaxın günlərdə sosial sahədə analitik araşdırma mərkəzi yaradılacaq: "Dünyanın əksər ölkələrində ictimai proseslərin təhlili iki istiqamətdə aparılır. Birincisi, xəbər istehsalı, yəni bizim informasiya obyekti kimi gördüyümüz iş, ikinci istiqamət isə fikir istehsalıdır. Məşhur sosial sorğu, sosial araşdırma mərkəzləri bununla məşğul olur. ONA sosial araşdırma mərkəzinin informasiya resursu kimi yoluna davam edəcək”. V.Mahirqızı Sosial Araşdırmalar Mərkəzinin biznes strukturu kimi fəaliyyət göstərəcəyini söyləyib:

"Araşdırmalar, təhlillər, analizlər müxtəlif xarici və yerli qurumlara, Azərbaycanı tanımaq istəyən iqtisadi qurumlara, banklara və sairə təqdim olunacaq. Bir çox tanınmış yerli və xarici analitiklərlə danışıqlara başlamışıq”.

Baş redaktorun təşəbbüsünü "Şərq”ə dəyərləndirən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, əgər bu tipli Mərkəzlər peşəkarcasına, müasir tələblərə uyğun qurularsa, böyük müsbət nəticələri ola bilər: 

"Təəssüf ki, bu tip mərkəzlər adətən formal olaraq qurulur və daha çox konyuktur xarakter daşıyır. Yəni yalan məlumatlar elan edərək öz niyyətlərinə uyğun fikir formalaşdırmaqla məşğul olurlar. Çox arzu edərdim ki, Vüsalə xanımın qurmaq istədiyi təşkilat həqiqi Mərkəz olsun! Buna ölkəmizin də böyük ehtiyacı var. Müasir inkişaf etmiş ölkələrin heç birini bu cür mərkəzlərsiz təsəvvür etmək mümkün deyil. Həm də belə mərkəzlərin qurulması ölkədə demokratiyanın, müasirliyin, elmi təminatın zəruriliyinin dərk edilməsinin mühüm bir göstəricisidir. Əgər Vüsalə xanım ciddi Mərkəz yaratmaq istəyərsə, mən ona kömək edə bilərəm”.

Professor təəssüflə bildirib ki, indiyədək belə mərkəzlər yaratmaq istəyənlər nədənsə ondan qaçıblar: 

"Reklam üçün yox, məlumat üçün sizə deyə bilərəm ki, bu sahədə heç kim onlara mənim qədər kömək edə bilməz. SSRİ-də bu tip Mərkəzlərin yaradılması sahəsində ilk dissertasiyanı Moskvada mən yazmışam. Bununla bağlı sizə sənəd də göndərə bilərəm. Bu sahədə ölkəmizdə 4 dəfə ciddi və obyektiv Mərkəzlər yaratmışam. 

20 yanvar hadisələri ilə bağlı gizli sosioloji sorğular mənim rəhbərliyimlə aparılıb və bütün dünyada, eləcə də SSRİ Ali Sovetinin deputatları arasında yayılıb. Sonradan 10 il ərzində hamının etibar etdiyi xeyli ciddi araşdırmalarımız olub. Yaşlı nəsil bunu yaxşı xatırlayır. Yeni Mərkəzə böyük uğurlar arzu edirəm”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu