Fransa məhkəməsi Ermənistana ağır zərbə vurdu: "Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdləri əbəsdir"




"Fransa məhkəməsinin çıxardığı qərar Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbədir”. Bu sözləri "Sherg.az"a xanım millət vəkili Sahibə Qafarova deyib.
Deputat qeyd edib ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etməsi və məhkəmənin 2018-ci il oktyabrın 22-də imzalanmış "sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərarı ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymətdir.

Millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir: 

"Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanır. Fransa məhkəməsinin qərarı bunu növbəti dəfə təsdiq etdi. İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. 

Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Fransa məhkəməsinin bu ədalətli qərarı təqdirəlayiqdir. Bu, həm də özündə müsbət bir tendensiyanı əks etdirir və bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaların da ləğv edilməsi üçün bir stimul rolunu oynaya bilər".

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu