“Doğrudan da Heydər Əliyev müstəqilliyimizin xilaskarıdır” – Elmira Axundova

“Bütün bu məşəqqətli anların şahidi olmuş, həmin acıları öz dərisində hiss etmiş bir insan kimi tam məsuliyyətlə deyə bilərəm ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Respublikamız mövcud olmazdı”




"Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişini və ümumiyyətlə, həmin günləri çox yaxşı xatırlayıram”.

Bunu "Sherg.az” millət vəkili, xalq yazıçısı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  sanballı əsərlərin müəllifi Elmira Axundova deyib.

Xanım parlamentari qeyd edib ki, ümummilli liderə həsr etdiyi kitabının 5-ci cildi H.Əliyevin Naxçıvandakı fəaliyyəti dövrünü əhatə edir:

Kitabın sonunda isə tam təfərrüatı ilə Milli Qurtuluş Günü hadisələrinə öz qiymətimi vermişəm. Qurtuluşdan əvvəl cərəyan edən hadisələrin hamısı bizi məyus etmişdi. Vətəndaş qarşıdurması başlamışdı. Çox böyük inamsızlıq hökm sürürdü. İnsanlar hakimiyyətə inanmırdı. Dahi Konfutsinin yaxşı bir kəlamı var. O deyib: "Dövlət bir müddət silahsız, hətta çörəksiz yaşaya bilər, amma inamsız heç vaxt yaşaya bilməz”. O zamanlar da xalqımız inamını itirmişdi. Ona görə də bütün xalqın diqqəti Naxçıvana yönəlmişdi və hamı bir ağızdan deyirdi: "Yalnız Heydər Əliyev ölkəni və xalqı bu xaotik durumdan çıxara bilər” Hər zaman demişəm, Əbülfəz Elçibəy naşı insan olsa da, onun tarixdə bəzi yaxşı addımları olub. Ən yaxşı addımlarında biri o idi ki, Elçibəy Heydər Əliyevi Bakıya çağırıb, mövcud gərgin durumu düzəltmək üçün ona kömək etməsini xahiş etdi. Çünki, Elçibəy özünün qeyri-professionallığını başa düşdü və bildi ki, o, ölkəni bu ağır durumdan xilas edə bilməyəcək.”.

Xalq yazıçısı diqqətə çatdırıb ki, həmin günlərdə Heydər Əliyevdən başqa heç kim bu çətin və dözülməz vəziyyəti tənzimləyə bilməzdi:

"Yalnız Heydər Əliyevin dühası, gücü və xalqın ona olan inamı bu durumu düzəldə bilərdi. Bu da baş tutdu. İlk növbədə vətəndaş müharibəsinə son qoyuldu və mövcud ağrılı, iztirablı durum tədricən aradan qalxdı. Əlbəttə, bu hal və ya hərc-mərclik bir müddət sonra da davam etdi. Amma 2-3 ay müddətində ümummilli lider vəziyyəti ələ aldı. Könüllü birləşmələr cəbhədə xaos yaradırdı, buna soy qoyuldu. Dərhal milli ordunun qurulması prosesinə başlanıldı. Milli ordu 1993-cü il noyabrından başlayaraq 1994-cü ilin aprelinə qədər hücuma keçdi və fevral-mart ayına qədər neçə-neçə yaşayış məntəqələrimiz geri alındı. Bütün bu məşəqqətli anların şahidi olmuş, həmin acıları öz dərimdə hiss etmiş bir insan kimi tam məsuliyyətlə deyə bilərəm ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Respublikamız mövcud olmazdı. Sonradan biz məkirli planlar haqqında xəbər tutduq. Öyrəndik ki, Azərbaycanı üç yerə böləcəklər. Bəzi qüvvələrin respublikamızı parçalamaq planları var idi və bu niyyətlərini həyata keçirməyə başlamışdılar. Nə yaxşı ki, Heydər Əliyev kimi dahi və cahanşümul insan bu planları pozdu. H.Əliyev olmasa idi, bəlkə də Respublikamız indiki hüquqlarla mövcud olmayacaqdı”.

E.Axundova Dağlıq Qarabağ münaqişəsinin həllinə də diqqət çəkib:

Düzdür, hələ ki, Dağlıq Qarabağ məsələsini həll etməmişik, lakin bütün beynəxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, hər zaman bütün sənədlərdə hüquqi cəhətdən əks olunub. Ona görə də gec-tez problemlər mütləq həll olunacaq. Başqa yol yoxdur. İşğalçı dövlət nə qədər istəyirsə torpaqları işğal altında tutsun, amma tarixdə heç vaxt belə bir hal olmayıb ki, hansısa dövlət ömrü boyu işğal altında qalsın. Heydər Əliyev o dövrlərdə insanlarımızın inamını geri qaytardı, hərtərəfli siyasət qurdu və Respublikamızı beynəlxalq aləmdə müstəqil dövlət kimi tanıtdırdı. Ona görə də biz 15 iyunu Milli Qurtuluş Günü kimi qeyd edirik. Bu, məntiqli və ədalətlidir. Çünki, doğrudan da Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin xilaskarıdır”.

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu