UCA ÇİNAR

Əzizağa Elsevər



Azərbaycan tarixinin bir fədaisi, bir pərvanəsi də dünyasını dəyişdi. Ləyaqətlə yaşadı, ləyaqətlə də bu dünyadan köçdü. Albanşünas bir alim idi: sözü ilə, mövqeyi ilə seçilən alim. Alban tarixinin qaranlıq məqamlarına işıq tutur, məqsədli şəkildə dolaşdırılıb, labirint halına salınan mətləblərin dolaylarından keçirib gəlirdi. Özünə məxsus üslubla, düşüncə ilə. O, yazdıqlarında həqiqətə söykənir, həqiqətin dili ilə danışırdı. Təpədən dırnağa qədər milli ruhlu adam idi. Torpaqlarımızın işğalı onu ağrıdır, sözünün,söhbətinin əvvəli də, axırı da başıbəlalı Qarabağımız, qaçqınlarımız, onların ağrı-acıları olurdu. Həmişə narahat idi, həmişə gözləri yol çəkir, həmişə fikirli, qayğılı görünürdü. Qələmiylə elm səngərində o da bir döyüşçü idi. Haqqa, ədalətə söykənən döyüşçü. Mühitdən-mühitə, siyasətdən-siyasətə uymayan, dəyişməyən döyüşçü. Öz ağlına, dərrakəsinə güvənən və güvəncində də yanılmayan döyüşçü- tarixçi.

Tofiq Məmmədov uca bir çinara bənzəyirdi. Kimsə, bu ifadəyə görə qısqana da bilər. Ancaq mənim üçün o, azman çinar idi. Sözü ilə, əqidəsi, inamı ilə böyük görünən uca çinar. Hərcayi küləklər həmişə gücünü uca çinarlar üstündə göstərmək istər. Kökü torpağın dərin qatlarına işləmiş uca çinarlar həmişə məğrur, qürurlu olur. Küləklər heç vaxt kol-kosa, xırdalıqlara ilişmir. Çünki onları görmür, onlar üzərində gücünü göstərməyi bəlkə də qüruruna sığışdırmır.

Ötən əsrin 70-ci illərinin sonu- 80-ci illərinin əvvəllərində ölkədə milli oyanış prosesi gedir, mərkəzdənqaçma meylləri güclənirdi. Millətimizə qənim kəsilənlər iştahlarına güc verir, milli ədavət toxumu səpir, meyvəsini dərmək üçün zamanı gözləyirdilər. Qarabağın başı üzərində qara buludlar oynayırdı. Tarix saxtalaşdırılır, ermənilərin, rusların məkrli planları gözgörəti yalanları ayaq tutdurub yeridirdi. Azərbaycanın əbədi, əzəli torpaqlarının tarixi dolaşdırılır, kölgə altına salınırdı. Qarabağ müharibəsi bəlkə də, elə onda başladılmışdı. Tarix kitablarından, söz döyüşündən başlayan müharibə. Onda bizə çoxları: " Susun, dostluğa, qardaşlığa kölgə salmayın!"-deyirdilər. Başımızın altına beynəlmiləlçilik yastığı qoyur, həqiqəti deyəcək, ortaya çıxaracaq kitablarımızın yollarına daş- kəsək diyirlədirdilər. Elə özümüzünkülər, adı bizdən olub, əməli düşmənlərə yaxınlar da az mane olmurdu.

Tofiq müəllimin başı az ağrı çəkməmişdi. O, yuxarı, akademik dairələrdə sıxışdırılır, kitabının çapı ləngidilirdi. Hətta erməni alimlərinin üstünə yönləndirilib, onlardan rəy alması tələb olunurdu. "Yəni, ay erməni, mənə icazə ver həqiqəti deyim! "-demək deyildimi bu?!

Tofiq həqiqəti çoxlarının kürkünə birə salır, oturduqları kreslolarını itirəcəklərindən qorxub, min oyundan çıxırdılar. Mən onda Azərbaycan Elmlər Akademiyasının " Elm " nəşriyyatında işləyirdim, aparıcı redaktor idim. Tofiq müəllimin yana-yana, ağrıya-ağrıya danışdığı nəşr əngəllərinin neçə dəfə şahidi olmuşam. Bəlkə də çoxlarımız Alban tarixi ətrafında yaradılmış " oyunlardan " o vaxt yaxşı baş aça bilmirdi, yaxud xəbərdar deyildi. Bir də , kimin ağlına gələ bilərdi ki, Sovet hökuməti belə xəyanətkar yol tutar, bir ovuc erməninin əlində oyuncağa dönə bilər. Döndü, ölkə dağıldı, ermənilər işğalçılıq planlarını Moskvanın əliylə gerçəkləşdirdilər. Bax, onda anladıq ki, Tofiq müəllim kimi tarixçilər nəyi, necə vaxtında deyirmişlər.

Tofiq müəllim 84 illik bir ömrü pak, təmiz və təmənnasız yaşadı. Bu ömrün 62 ilini Akademiyaya bağladı. Ad günləri, yubileylər üçün özünü oda-közə çırpmadı. Boğazdan yuxarı tərif üçün darıxmadı, sinəsini bəzəyəcək orden, medal həsrəti çəkmədi. Nə də çırpınıb əldən-ayaqdan getmədi, minnətçi də salmadı. Bu fani dünyaya kişi kimi gəlib, kişi kimi də getdi. Sadə, səmimi bir həyat yaşadı, Tofiq müəllim!

Xəyalımda, yaddaşımda uca bir çinara bənzəyən Tofiq müəllim, mənim nəzərimdə, sanıram ki, ölməyib, yaşayır. Müqəddəs, xoş əməl sahibləri ölmür axı?! Nə qədər ki, torpağımız işğal altındadır, nə qədər ki, Alban düşüncəmiz, Alban tariximiz həqiqət donunda, həqiqət biçimində ortalıqda deyil, Tofiq müəllim də bizimlə çiyin-çiyinə addımlayacaq, ruhən, qəlbən həmişə bizimlə olacaq! Dəyərli əsərləri, işıqlı duyğuları ilə daim yaşayacaq!

Uca Tanrıdan min rəhmət, Tofiq müəllim!!


Paylaş

Bizi Facebookda izləyin
menu
menu