“Bu təxribat Paşinyan və Tonoyanın rəhbərliyi altında baş verir” – ANALİTİK





Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub.

ATƏT Minsk Qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda XİN rəhbərlərinin görüşü ərəfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir.

Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərin yüksək mükafat təqdim edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt- Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması bardə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır. Və sülh danışıqlarının imitasiyasıdır.

İstənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri və beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.

Baş verənləri "Sherg.az”a dəyərləndirən analitik Arzu Nağıyev bildirib ki, Dağlıq Qarabağ separatçıları və Paşinyan hakimiyyəti arasında dərin bir uçurum yaranıb:

"Məlumdur ki, Paşinyan hakimiyyətinin bir ili tamam oldu. Bir il müddətində o görülən işlərə dair hesabat verməli idi. Paşinyan son vaxtlar baş verən hadisələri birmənalı şəkildə üzərindən atmağa çalışır. Təxribat hadisələri Dağlıq Qarabağda baş verib və guya buna da cavabdeh separatçılardır. Lakin Ermənistanın müdafiə naziri Tonoyan əsgərlərə hansısa mükafat ayırması bir daha göstərir ki, bu təxribat Paşinya və Tonoyanın rəhbərliyi altında baş verir”.

A.Nağıyev ermənilərin uzun müddət cəbhə bölgəsində zabitimizin vurulması ilə bağlı hazırlıq işləri gördüyünü də diqqətə çatdırdı:

"Məhz ATƏT-in Minsk qrupu həmsədrləri regionda olanda belə iyrənc əməli törətdilər. Bu olanlarda nəticə ondan ibarət idi ki, guya Azərbaycan tərəfi adekvat cavab verdikdən sonra bu məsələ uzanacaq və danışıqlar predmeti kimi başqa məsələlər müzakirə ediləcək”.

Analitik təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu olanlarda cılız bir bəyanatla yadda qaldılar:

"Düşünürdüm ki, həmsədrlər həmin zabitin yas mərasimində iştirak edəcək və onun körpələrinin gözünə baxacaqlar. Bu proses deklarativ bəyənatlarla davam etdikcə ermənilər özlərini belə aparacaqlar. Məlum məsələdir ki, guya Dağlıq Qarabağ formal olaraq ayrı, Paşinyan hakimiyyəti olduğu Ermənistan da digər bir qurumdur. Bu həm daxili, həm xarici siyasətə hesablanmış məsələlərdir.

Sankt-Peterburqda keçirilən görüşdə Paşinyan dolayı yolla Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia etdi. Ümumi məqsəd odur ki, proseslər uzansın və ermənilər nəyin bahasına olursa -olsun, işğal olunmuş ərazilərdən çıxmasınlar. Lakin onlar bilir ki, Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Çünki BMT-nin tanıdığı ərazimiz var. 

Bu ərazi məhz Dağlıq Qarabağdır. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ öz nüfuzu altında bu məsələlərlə bağlı danışıqlar aparmaq istəyir. Bu olanlar sülh yolu ilə həll edilən məsələ deyil. Nə qədər ki, Ermənistana təzyiq olmayıb, o zamana qədər də proseslər uzanacaq. Müharibənin alovlanması ehtimalı böyükdür. Bunu həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də regional dövlətlər başa düşməlidir. Paşinyan sadəcə olaraq bu olanlarda bir vasitə kimi istifadə olunur”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu