Göz muncuğu udan uşaq halımıza çox ağladı

Avropanın geyimini, həyat tərzini, avtomobilini mənimsəyirik, amma özlərini bəyənmirik
Çünki hələ də göz muncuğuna, pirə, ziyarətgaha, cin çıxardana, falçıya, çöpçüyə, sınıqçıya inanırıq



Biləsuvar rayonundan ağır vəziyyətdə Bakıya gətirilən və üzərində əməliyyat aparılaraq mədəsindən yad cisimlər – göz muncuğu, «ələm» çıxarılmış uşağın vəziyyəti kafidir. Xatırladaq ki, 7 aylıq körpə yaxasına taxılmış göz muncuğu və ələmi sancaqla birlikdə udmuşdu. Əməliyyatı həyata keçirən həkimlər sancağın körpənin qida borusuna ilişib qaldığını və iltihaba yol açdığını deyib. Amma hazırda lazımi tibbi müdaxilə aparıldığından körpənin vəziyyətinin stabil olduğu bildirilir.

Belə əhvalatlar tez-tez baş verir. Körpələr hansısa yad cismi ağzına alır və udur. Bu məsələdə valideynləri qınayanlar tamamilə haqlıdır. Birincisi, ona görə ki, valideyn körpənin yaxasına, nə bilim, papağına, örtüyünə hansısa cismi pərçimləməməlidir ki, guya, bunlar körpəni cin-şeytandan qoruyacaq, ya da yuxusunu şirin edəcək. 

Yatmayan, narahat körpənin sağlıq problemi var, əlbət və bunun da çarəsini həkimlər tapmalıdır. Ancaq təəssüf ki, bəzən həkimlər də çarə tapmayanda cahil və bəlkə də yazıq valideynin ümidi göz muncuğuna, hansısa yad cismə qalır.

İkincisi, yenə də valideyndən asılı səbəbdi. Lap tutalım, körpənin harasınasa yad cisim pərçimləyiblər. Bəs ana bu yad cismin birdən-birə qeyb olduğunu görmür? Bu qədərmi diqqətsizdir bizim analar?

Pediatr Vaqif Qarayev «Şərq»ə açıqlamasında baş verən hadisələrdən təsirləndiyini bildirdi:

- Biz avropalıyıq? Geyimimiz, həyat tərzimiz, idarə elədiyimiz avtomobillər, tikdirdiyimiz villalar... şəhərin ümumi görünüşü və s. Bütün bunlara görə deyə bilərik ki, avropalıyıq! Amma bəyənmirik oraları, guya əxlaqsızlıq-filan ixrac edirlər bizlərə. Yəni intellektlərinin yaratdığı maddi nemətlərdən müftə-müfəssəl istifadə edirik, özlərini bəyənmirik.

Çünki hələ də göz muncuğuna, pirə, ziyarətgaha, cin çıxardana, falçıya, çöpçüyə, sınıqçıya inanırıq.
Oğurlanmış 3 yaşlı qızcığazı evə qayıdan kimi valideynləri ziyarətgaha aparırlar. Həkimə, psixoloqa yox, məhz ziyarətgaha! «Qaloş ziyarətgahı»na baxın, insan seli var orda.

Hər cür cahilliyin kökündə təhsilsizlik dayanır! Pirə, çöpçüyə, falçıya gedənlər arasında kifayət qədər diplomlular var. Diplomu var, amma təhsili yoxdur. Təhsil məmurları gərək "bal sindromundan" xilas olsunlar ki, bizi də xilas eləsinlər. Təhsil vermək lazımdır, diplom yox.

Pediatr valideynləri də qınadı:

- Falçıya inanır, çöpçüyə inanır, mollaya – duaya inanır, göz muncuğuna inanır, həkimə inanmır. Amma iş ciddiləşəndə yenə həkimə üz tuturlar. Hələ də fikirləşirəm, 6 aylıq uşaq göz muncuğunu necə udub? Bəs sancağı?..

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu