“Qaloş piri” nə əvvəldir, nə son...

Cahillik bataqlığı insanları özünə çəkib batırır
"Normal düşüncəli insan hansısa bir nəsnədən, köynəkdən, papaqdan, qaloşdan necə sağlamlıq gözləyə bilər?!"


Son günlər mətbuat və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu Goranboyun Qurbanzadə kəndində "Qaloş piri” ilə bağlı yayılan video-görüntülərdir. Səs-küylü müzakirələrə səbəb olan videoda çox sayda insanın pirə yığışdığı və bir nəfərin "şəfa tapmaq” niyyəti ilə adamların başına qaloş sürtdüyü görünür. İddialara görə, insanlar kənddə yaşamış və 30 il əvvəl vəfat etmiş Miribiş ağaya məxsus bir sıra şəxsi əşyaları aşırı şəkildə müqəddəsləşdirirlər. Əvəzində isə pul və qiymətli əşyaları həmin yerə qoyurlar. Məsələ ilə bağlı mətbuata açıqlama verən Goranboy Rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov deyib ki, orada insanların başına çəkilən qaloş yox, mərhumun papağı olub: "Baş geyimini sellofana büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb, deyə bilmərəm. 

Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”. Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır: "Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”.

Videogörüntülər cəmiyyət tərəfindən istehza ilə qarşılansa da, bəzi ziyalılar bunun bir faciə olduğu qənaətindədirlər. Məsələn, millət vəkili Fazil Mustafa feysbukda məsələnin genetik cəhalətdən qaynaqlandığını deyib: 

"Bu, sadəcə insanlarımızın ümidsizliyi ilə bağlı durum deyil, cəhalətə genetik sevgimizdən doğan nəticədir. Şair Nəcib Fazil demişkən, "siz ey yeriyən leşlər, sizi kim dirildəcək?”. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə bildirib ki, bu kimi inancların qəti şəkildə dinə uyğunluğu yoxdur. Hamısı xurafat və sağlam məntiqə sığmayan əməldir: "Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Lakin bu şəkildə "ibadət formaları” dinin adına ləkədir. "Qurani-Kərim" insanları düşünməyə, təfəkkürə dəvət edir. Bu kimi əməllər dinimizi gözdən salır”.

Məsələni "Şərq”ə dəyərləndirən AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənovun fikrincə, insanlar mənəvi boşluq içərisindədir. Ona görə də daş, ağac, nəsə bir əşya taparaq özlərinə "ilah” düzəldirlər: 

"Əslində dərk edirlər ki, əşya heç nəyə qadir deyil. Sadəcə əşyaları müqəddəsləşdirib onunla Allahdan kömək istəyirlər. Bu isə islamda şirk hesab edilir. Yəni bu avam insanlar bəzi cansız əşyaları və ölüləri Allaha şərik qoşurlar. Hətta cəmiyyətdə xüsusi məzhəblər var ki, bu cür şəxsləri və əşyaları "müqəddəs” edərək insanları şirkə yuvarlayırlar. Məsələn, bu yaxınlarda bir video yayılmışdı. Bir qrup gənc qışqırırdı ki, "mən İmam Hüseyndən kömək istəyirəm, o mənə kömək edəcək”. Surxay adında məscid imamı var, bu adam hər gün İçəri Şəhər Məscidində insanları şirkə dəvət edir. Deyir, "kim 133 dəfə Ya Abbas desə, bütün borcu ödəniləcək.

 Əgər insanlar belə şeylərə inanırlarsa, deməli, cəmiyyət uçuruma gedir. Cəmiyyəti qaranlıqdan nura çıxaran ilahiyyatçıları isə efirlərə dəvət etmirlər, onlara layiq olduqları qiyməti vermirlər. Biz islamdan, dindən danışanda bəzi ateistlər bundan narahat olurlar. Anlamırlar ki, biz həqiqəti demədikdə, cəmiyyətdə daha böyük yanlış, batil inanclar formalaşır”.

Sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında bildirib ki, din adı altında əşyalara bu dərəcədə bağlılıq cahilliyə sürüklənməkdir:

 "Gəncə-Basar zonası belə məsələlərdə nisbətən neytral olublar. Çünki bölgənin əksər insanları savadlıdır. Amma nadir də olsa bu cür hadisələrə rast gəlinir. Savadlı toplumda qaloşdan mədət umanları görmək məni həddindən artıq təəccübləndirdi və güldürdü. Normal düşüncəli insan hansısa bir nəsnədən, köynəkdən, papaqdan, qaloşdan necə sağlamlıq gözləyə bilər?! Guya islam dininə riayət etdiyini iddia edən adamlar da bəzən belə yerlərdən mədət umurlar. Halbuki, islam dini bu cür hadisələri öz təməl prinsiplərinə zidd hesab edir. Ziyarətgahlara getmək olar, bu, kifayət qədər təbiidir. Amma islam dininə görə, yalnız övliyalığı, müqəddəsliyi sübut olunmuş şəxslərin məzarını ziyarət etmək olar. Həmin ziyarətin məqsədi daxili rahatlıq tapmaqdır. Bu da inamdan irəli gəlir. Əgər siz bir ağacın ətrafına dövr eləsəniz də eyni hissləri yaşayacaqsınız”.

Sosioloqun sözlərinə görə, insanlar həkimdən, tibdən çarə tapmaq əvəzinə qaloşdan kömək istəyirlər: 

"30 il əvvəl dünyasını dəyişmiş bir şəxsin əşyasında hikmət axtarmaq, mədət ummaq cahilliyin maksimum həddidir. Toplumda belə bir adət var. İnsanlar müxtəlif problemlərindən qurtulmaq üçün əhd edirlər. Məsələn, övladı olmayanlar əhd edirlər ki, uşağı olarsa, 9 qapıdan dilənçilik edəcək, dizin-dizin sürünəcək və s. Olduqca miskin arzudur və dilənçiliyin bir qədər müasirləşdirilmiş variantıdır. Ondansa körpələr evinə, sığınacaqda yaşayan insanlara yardım etsələr daha yaxşı olar”.

İlahiyyatçı-alim Rəşad Məmmədov da qəzetimizə açıqlamasında vurğulayıb ki, islam dinində pir anlayışı yoxdur: 

"Bu sayaq pirlər insanların qazanc əldə etmələri üçün yaradılıb. Hansısa bir övliyanın, seyidin yatdığı məzarı insanlar üçün "nicat” yeri edərək cahil insanları aldadırlar. Onların mallarını və pullarını mənimsəyirlər. Məlumat üçün deyim ki, "övliya” sözü ərəbcə vəli, dost deməkdir. 

Hər bir müsəlman Allahın dostudur, burada xususi seçilmiş insan ola bilməz. Seyid isə cənab, ağsaqqal mənasını verir. Ölkəmizdə "qaloş piri” kimi yüzlərlə xurafat məkanları var. Ən ümdə məsələ xurafatla mübarizədir. QMİ və Dini Komitə bu kimi dələduzlarla ciddi mübarizə aparmalıdır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu