Tokayevin Nazarbayevi əvəzləməsi faydalı olacaq

"Xalq istəyir ki, Qazaxıstan türk dünyasındakı perspektivini davam etdirsin"



İyun ayının 9-da Qazaxıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrovun sözlərinə görə, namizədlərdən Kasım-Comart Tokayev seçkilərdə qələbə qazanıb. O, 71 faiz səs toplayıb. Nəticələr açıqlandıqdan sonra Tokayev komandasına və etimad göstərdikləri üçün xalqa təşəkkür edib. Yekun nəticələr iyunun 16-dan gec olmayaraq dərc olunmalıdır. Seçki günü ölkə ərazisində etiraz aksiyaları baş tutub. Etirazçılar seçkiləri ədalətsiz adlandıraraq nəticələrin öncədən bəlli olduğunu bildiriblər. Məlumat üçün bildirək ki, mart ayında Nursultan Nazarbayevin istefasından sonra müvəqqəti olaraq dövləti Kasım Comart Tokayev idarə edirdi. Qazaxıstan qanunlarına görə prezidentliyə namizəd qazax dilini bilməli ,40 yaşını keçməli, ölkədə ən az 15 il qeydiyyatda olmalı və dövlət təşkilatlarında 5 illik təcrübəsi olmalıdır. Ekspertlərin fikrincə, Tokayevin prezident seçilməsi Nazarbayev Qazaxıstanının davamı deməkdir.

Siyasi şərhçi Azər Həsrət də "Şərq”ə bildirib ki, Tokayevin qalib gəlməsi gözlənilirdi və arzuolunan idi. Onun sözlərinə görə, Orta Asiyanın ərazicə ən böyük dövləti olan Qazaxıstan Azərbaycan üçün də əhəmiyyətli ölkədir: 

"Qazaxıstanda sabitliyin və inkişafın davamlı olması Azərbaycanın maraqlarına cavab verir. Nursultan Nazarbayevin prezidentlikdən çəkilməsindən sonrakı dövrdə baş verən prosesləri maraqla izləyirdik. Bizə görə, onun Tokayevi irəli çəkməsi ən doğru seçim idi. Tokayev Nazarbayevin komandasının üzvüdür, uzun zaman onunla birlikdə işləyib. 

Ümumiyyətlə, o, Nazarbayevin həm ölkə daxilində, həm də xarici siyasətdəki kursunu ciddi şəkildə mənimsəyib. Hesab edirəm ki, Azərbaycanla münasibətlərdə də hansısa problem gözlənilmir. Əksinə, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni perspektivlər haqqında danışa bilərik. O baxımdan Tokayevin prezident olması həm Qazax xalqı, həm də bütövlükdə türk dünyası və Azərbaycan üçün çox əlverişlidir”.

Analitik vurğulayıb ki, qazax seçiciləri Tokayevin üzərində dayanmaqla öz sözlərini dedilər:

 "Xalq istəyir ki, Qazaxıstan türk dünyasındakı perspektivini davam etdirsin. Ona görə də Qazaxıstanın sakit, sabit, multikultural və tolerant bir ölkə kimi inkişafına səs verdilər. 

Çinlə münasibətlərdə Tokayevin prezident kürsüsündə oturması da yerinə düşür. Məlumdur ki, müxtəlif mərkəzlər Qazaxıstanla Çin arasında qarşıdurma və narazılıq yaradılmasında maraqlıdır. Nazarbayevin müdrik siyasəti nəticəsində bugünədək qarşıdurmalar çox da zirvəyə yüksələ bilməyib. Tokayevin Nazarbayevi əvəz etməsi qonşularla münasibətdə də faydalı olacaq. Qazaxıstan çoxmillətli ölkədir və orada azərbaycanlılar da yaşayır. Soydaşlarımız heç vaxt Nazarbayev siyasətindən narazılıq ifadə etməyiblər. Əminəm ki, Tokayevə səs verənlər arasında da azərbaycanlılar nisbət etibarı ilə çoxluq təşkil ediblər”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu