Ordumuzun ayaq səsləri eşidilir

Naxçıvandakı hərbi təlimlər Ermənistana bir mesajdır



Azərbaycan və Türkiyənin iyunun 7-dən 11-dək Naxçıvanda keçirilən "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş təlimi bu gün başa çatır. Məlumat üçün deyək ki, 5 minədək şəxsi heyətin iştirak etdiyi təlimdə 200-dən artıq tank və zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil olunan müxtəlif növ müasir texnika nümunələri cəlb edilib. Birgə təlimin məqsədi müştərək döyüş əməliyyatları planlarının hazırlanması və Azərbaycan-Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaqdır. Sözügedən təlimlər Ermənistanda ciddi narahatlıqla qarşılanıb. 

Hətta təşviş yaşayan düşmən ölkə ATƏT-ə şikayət etməyə hazırlaşır. Səbəbi isə odur ki, rəsmi Bakı təlim keçirərkən Ermənistana xəbərdarlıq etməyib. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Onun sözlərinə görə, hətta bəzi erməni politoloqlar bu təlimlərin Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildiriblər: 

"Naxçıvanda Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında birgə təlimlər hər il keçirilir. Bəs niyə Ermənistan mediası və siyasi ekspertləri budəfəki təlimlərdən daha çox qorxublar? 

Görünür, bu, cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır. Atəşkəs daima pozulur və hər iki tərəfdən itkilər qeydə alınır. Ermənistan qorxur ki, Azərbaycan ordusu hücuma keçə bilər. Ermənistanın qorxusu anlaşılandır. 

Həqiqətən Azərbaycan siyasi elitasında və cəmiyyətində danışıqlara inam qalmayıb, ordunun imkanlarından istifadə edilməsi vacibliyindən danışılır. Birincisi, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək. İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hissəsi Naxçıvanı tərk etməsin, orada yerləşsin”.

Siyasi şərhçinin fikrincə, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir: 

"Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq etməkdədir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə qarşı etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir”. Analitikin sözlərinə görə, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var: "Davamlı hərbi təlimlər orduda torpaqları azad etmək ruhunu artırır. Yəni torpaqların güc yoluyla geri qaytarılmasına qərar verilməsə belə, hərbi təlimlər yoluyla artan ruh yüksəkliyi alternativ yollara başvurma istəyini artırır”.

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu