«Edam günü» həbsxana həyatından bəhs edir

Azərbaycanlı aktyorlar ağır senarinin öhdəsindən məharətlə gəliblər



Hər film bir millətin, bir dövlətin tarixini, mədəniyyətini, həyat tərzini təqdim etmək üçün ən gözəl təsir vasitələrindən sayıla bilər. Son dönəmlər Azərbaycan filmləri barədə danışanda köks ötürüb, ötən əsrdə çəkilən filmləri tərifləyir, son illər çəkilən filmləri tənqid etməyə adət etmişik. Amma yerli filmlərimiz arasında kifayət qədər dramaturji yükü ağır, senarisi çox təsirli olan ekran əsərimiz də olub. 

Yeri gəlmişkən, son vaxtlar yerli Azərbaycan filmləri sırasında «Edam günü» daha çox müzakirə olunur. Film bir çox beynəlxalq film festivallarında qalib olub. Tammetrajlı bədii film ABŞ-ın Kaliforniya ştatında keçirilən "Hollywood Screenings” Film Festivalında nominasiya alıb və 2019-cu ildə qızıl mükafat uğrunda mübarizə aparacaq.

Azərbaycanlı yazıçı, prodüser Cəlaləddin Qasımovun "Edam günü” bədii filmi Barselona Film Festivalında "Ən yaxşı danışıq bədii filmi” nominasiyasında qalib seçilib.

Məlumat üçün onu da qeyd edək ki, bu yaxınlarda film daha bir beynəlxalq festivalda önəmli nominasiyalardan birinin qalibi olub. Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun "Şollerin arxivi” bədii filmindən sonra "Edam günü” filmi də Yaponiyanın ən nüfuzlu festivalı "Genre Celebration Festival”ında uğur qazanıb. "Edam günü”nə festivalda "Best Drama Feature” ("Ən Yaxşı Dram – Bədii”) nominasiyası təqdim edilib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

Cəlaləddin Qasımov bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq: "Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. "Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etmişəm”.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. "Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin senarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə senari müəllifi bildirib.

Filmin baş rolunun ifaçısı Rövşən Kərimduxt «Edam günü» ilə bağlı hisslərini «Şərq»lə bölüşdü. «Film özü həddindən artıq ağır senari üzərində çəkilib. Mən bu günə qədər bir neçə həbsxana həyatından bəhs edən filmdə çəkilmişəm. Yəni bu baxımdan təcrübəm var idi. Avtoritet dunyasının qanunları və bu kimi məhkum həyatını əks etdirən məqamları az-çox bilirdim. Amma «Edam günü» bir çox məqamları ilə indiyə qədər çəkildiyim filmlərdən çox fərqli idi. 

Film sovet dövründə Bayıl həbsxanasında olan məhkumların həyatından bəhs edir. Mənə həvalə olunan obraz xarakterik baxımdan çox çətin, eyni zamanda maraqlı idi. Hətta müəyyən məqamlar oldu ki, çəkiliş meydançasında olanların təsiri altına düşə bilirsən. Azərbaycanda bu kimi filmlərin çəkilməsinə maraq daha çoxdur. 

Çünki belə filmlər fərqlənir, maraqla qarşılanır. Filmin senarisi mənə təqdim edildi, oxudum, maraq yaratdı və çəkilməyə qərar verdim. Onu deyə bilərəm ki, bir aya yaxın çəkiliş meydançasında olduq, maraqlı məqamlar oldu. İnsan bir anlıq filmin qəhrəmanının həyatını düşünməyə məcbur qalır. Bəzən yuxunda belə o məhkumun hisslərini yaşaya bilirsən. Obraz özü çox ağır bir obrazdı. Psixoloji yükü var. Film həqiqətən bir neçə festivalda uğur qazanıb. Bu, Azərbaycan kinosunun uğuru hesab edilir. Çünki orda təkcə baş rolun aktyoru deyil, bütünlükdə komandanın əməyinin nəticəsidir ki, «Edam günü» bu qədər tamaşaçı marağı əldə edə bilib».

Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədov da «Edam günü» filmi ilə bağlı fikirlərini bölüşüb: 

«Ağır və maraqlı filmdi. Çəkilişlər, situasiyalar ağır idi. Filmin senarisi həbsxana həyatından bəhs edir. Filmin çəkilişlərində olmuş hadisələrdən də istifadə olunub. 

Amma bütün bunlara baxmayaraq film bədii əsərdi, senarisi yazılıb, rejissor fantaziyası, senari müəllifinin təxəyyül gücü özünü göstərir. Mən filmdə məhkumlara nəzarət edən həbsxana işçisinin obrazını yaratmışam. Bir məhkumun islah olunması üçün çalışıram. Yəni film özü psixoloji baxımdan ağırdı. Amma peşəkar aktyor olaraq mən təbii ki, rolun təsiri altına düşmürəm. 

Bu mənim işimdir, peşəm, ixtisasımdır. Ona görə də rejissorun və senarinin tələblərini yerinə yetirmişəm. Yəni mən peşəkar aktyoram, mənə həvalə olunan obraz nə qədər psixoloji məqamları ilə çətin olsa belə, obrazın tələb etdiyi şəkildə oynayıram. Peşəkar aktyor heç vaxt obrazın təsiri altına düşə bilməz. Bilirsiz, mən bütün gücümü bir obrazın təsiri altına düşməklə xərcləmiş olsam, digər rolları oynamağa gücüm qalmaz. 

Yenə deyirəm, peşəkar aktyor çəkiliş meydançasına daxil olanda o obrazın tələb etdiyi xarakteri yaratmalıdır. Çəkiliş bitdikdən sonra isə öz həyatıma davam edirəm. Amma film həqiqətən maraqlı alınıb».

Tahirə

Paylaş

Bizi Facebookda izləyin
menu
menu