Lənət olsun o nimdaş portfellərə - Bir düşünün, bu susqunluq bölgəyə baha başa gələcək

İkinci Qarabağ savaşı başlasa, bombardmanın tozu-dumanı ABŞ, Rusiya, Fransanın da gözlərini qaraldacaq
"Necə olur ki, həmsədrlər regionda səfərdə olarkən, Ermənistan atəşkəsi pozur, diplomatlar isə susurlar?!"








Ermənistan silahları susmur. Hər zamankı kimi işğalçı dövlət cəbhədə atəşkəsi pozaraq təxribat törətməkdən əl çəkmir. Düşmən ölkə ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində erməni hərbiçiləri tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Xəlilov Elşən Vüqar oğlu şəhid oldu.
Bu, 12 gün içərisində Azərbaycan Silahlı Qüvvələrinin ikinci itkisidir. Mayın 30-da ordumuzun zabiti Aqil Ömərov da düşmən snayperinə tuş gələrək həlak oldu.

Rəsmi İrəvanın təxribatı ilə bağlı rəsmi Bakı münasibətini açıqlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin cəbhə xəttində hərbçimizin həlak olması ilə bağlı açıqlamasında bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir. Məlumatda vurğulanır ki, bu senarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.

Bəli, məsuliyyət Azərbaycanın əzəli və əbədi ərazisi olan Dağlıq Qarabağ bölgəsini və 7 Qarabağ ətrafı rayonları işğal edən, 30 ilə yaxındır işğalçılıq siyasətindən dönməyən Ermənistanın üzərindədir. Amma Ermənistan bu məsuliyyətini dərk edirmi? Xeyr, rəsmi İrəvan məsuliyyətini dərk etmir, etmək istəmir. Məsuliyyətini dərk etsəydi, işğalçı dövlət bu işğalçılıq siyasətinə son qoyardı, atəşkəsə əməl edərdi. İllərdir Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində imitasiya siyasəti aparan, münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun tövsiyələrinə dilucu "hə” deyib, amma bu tövsiyələri yerinə yetirməyən, qulaqardına vuran Ermənistan cəbhədə gərginlik yaratmaqla müharibə istəyini ortaya qoyur. Faktiki olaraq rəsmi İrəvan təxribat törətməklə sülh danışıqlarında maraqlı olmadığını demək istəyir. Əks təqdirdə XİN başçılarının qarşıdan gələn görüşü ərəfəsində bu təxribatlar nəyə hesablana bilər ki?! Maraqlıdır, hər dəfə "snayperləri çəkin”, "sülh danışıqlarının alternativi yoxdur”, "tərəflər səbrli olmalıdırlar” kimi mənasız bəyanat verən həmsədrlər, Minsk Qrupunun üzvləri susqunluq nümayiş etdirirlər. Bəlkə artıq danışıqların mənasızlığını Minsk Qrupu da anlayıb, susmaqları bu səbəbdəndir?! Yoxsa necə olur ki, həmsədrlər regionda səfərdə olarkən, Ermənistan atəşkəsi pozur, diplomatlar isə susurlar?! "Danışıqların alternativi yoxdur” deyən Minsk Qrupunun ildə bir neçə dəfə regiona sanki turist səfəri edən həmsədrləri niyə rəsmi İrəvana xəbərdarlıq etmirlər? Niyə İrəvana təzyiq etmirlər ki, təxribatlara son vermək, danışıqlar masasına əyləşib nizamlanmanı başa çatdırmaq, qoşunları işğal etdiyiniz ərazidən çəkmək, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasına şərait yaratmaq lazımdır?! 

Regionda sülh istəyirlərsə, "snayperləri geri çəkin” deməkdənsə, Ermənistanı yola gətirmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Əks təqdirdə, Azərbaycanın səbri tükənməz deyil. Rəsmi Bakı bu qədər səbr edib, sülh tərəfdarı olduğunu nümayiş etdirib, danışıqlara sadiqlik göstərib, münaqişənin sülhlə həllini istəyib. Amma səbr də bir yerə qədərdir axı... Məlum məsələdir ki, Azərbaycan bir qarış da torpağından keçməyəcək. Sülhlə torpaqlarımız azad olunmursa, müharibə qaçılmaz olacaq. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ərazi bütövlüyü məsələmiz heç vaxt müzakirə mövzusu olmayıb, ola bilməz.

Yenə də vurğulamaq lazımdır ki, Ermənistan yola gəlməyəcəyi halda, Qarabağdakı separatçı - terrorçu qruplar ərazimizdən çıxmayacağı halda müharibə variantı gündəmə gəlir ki, bu da İrəvan üçün fəlakət deməkdir. Azərbaycan qısamüddətli hərbi əməliyyatla işğalda olan ərazisindəki separatçı terrorçuları təmizləyərək, ərazi bütövlüyünü təmin edəcək. Buna Azərbaycanın hərbi potensialı imkan verir. Azərbaycan Ordusunun gücü, maddi-texniki təchizatı, qısamüddətli hərbi əməliyyatla ərazilərini azad etmək üçün yetərlidir. 2016-cı ildə, tarixə "Aprel döyüşləri” kimi düşən qısamüddətli müharibədə bunu gördük, şahidi olduq.

İndi həmsədrlər nimdaş portfellərini kənara qoyub düşünməlidirlər. Anlamalıdırlar ki, ikinci Qarabağ müharibəsi hər an başlaya bilər. Bir çox analitiklərin də bildirdiyi kimi, cəmiyyətin də, hökumətin də artıq səbri tükənib. Cəmiyyət tez zamanda ölkəsinin ərazisinin işğaldan azad edilməsini istəyir. Hökumətin də artıq səbri tükənir. XİN-in son bəyanatında "məsuliyyət Ermənistanın üzərindədir” qeydi bunu deməyə əsas verir. Odur ki, Minsk Qrupu hərəkətə gəlməlidir. Bu illər ərzində bütün şıltaqlıqlarına göz yumduğu, ərköyünlüyünə dözdüyü işğalçı Ermənistana, onun rəhbərliyinə təzyiq etməlidirlər ki, sülh danışıqlarında konstruktivlik sərgiləyərək, İrəvan işğala son versin. Əks təqdirdə şanlı, güclü Azərbaycan Ordusunu dayandırmaq çətin olacaq. Başqa yol qalmayıb!

Anar Bayramoğlu

Paylaş

Bizi Facebookda izləyin
menu
menu