Deputat: “Neftin qiyməti birjalarda yox, kabinetlərdə müəyyənləşdirilir” – UCUZLAŞIR ?





Son günlər neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Brent markalı neftin qiyməti 10 dollar ucuzlaşıb.

Bəzi ekspertlər isə bu ucuzlaşmanın Azərbaycana təsirsiz ötüşməyəcəyini iddia edirlər. Bildirirlər ki, bu hal Azərbaycan manatının növbəti dəfə devalvasiyaya uğramasına səbəb ola bilər.

Bəs, neftin qiymətinin ucuzlaşması ölkəmizdə yeni devalvasiyaya yol aça bilərmi ?

Sualımızı cavablandıran millət vəkili Vahid Əhmədov "Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə növbəti devalvasiyanın baş verəcəyini düşünmür.

Deputat qeyd edib ki, buna baxmayaraq neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün o qədər də əlverişli deyil:

"Çünki, biz neft ixrac edən ölkəyik və qiymətlər nə qədər yüksək olarsa, bizim üçün bir o qədər yaxşı olar. 2019-ci il üçün dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 60 dollar müəyyən edilib. Amma indiki qiymətlər 65-66 dollar səviyyəsindədir. Bir müddət öncə isə qiymətlər təxminən 75 dollara yüksəlmişdi. Hesab etmirəm ki, neftin qiyməti kəskin aşağı düşəcək. İndiki vəziyyətdə qiymətləri proqnozlaşdırmaq çox çətindir. 

Xüsusilə İranla olan münasibətlər, yaxın Şərqdə baş verən hadisələr, Venesuela ətrafında gedən mübahisələrin hamısı neft uğrunda gedən mübarizələrdir. Əvvəllər çox deyirdik ki, neftin qiyməti birjalarda müəyyən edilir. Amma indi görürük ki, qiymətlər daha çox kabinetlərdə müəyyənləşdirilir. Xüsusilə Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyinin neftin qiymətində rolu çox böyükdür. Yəni, müəyyən danışıqlar və telefon zəngləri, verilən informasiyalar neftin qiymətinə öz təsirini göstərir”.

V.Əhmədovun sözlərinə görə, təbii ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza müəyyən təsir göstərə bilər:

"Lakin hesab edirəm ki, bu il üçün elə bir ciddi problemimiz yoxdur. Azərbaycanın 47 milyard dollara yaxın ehtiyatı və rezervi var. Ölkəmiz istənilən vaxt bu ehtiyatlardan istifadə edə bilər. 2019-cu ildə manat devalvasiyaya uğraya bilməz. Çünki biz hələ də iki devalvasiyanın əziyyətini çəkirik. Ona görə də neftin qiymətinin düşməsi ilə ölkəmizdə devalvasiyanın olacağını düşünmürəm”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu