Deputat: “AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan xaos içində idi”






"Ulu öndər Azərbaycanı üzləşdiyi çox böyük problemlərdən, fəlakətlərdən xilas edib”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı qəlbində Ümummilli Liderə əbədi heykəl qoyub:

"1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdıb. Bununla da Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar edilib. Bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də köklü dəyişiklər baş verib. AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan xaos içində və dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə idi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Bütün müharibələrin ən dəhşətlisi məhz vətəndaş müharibəsidir. Ölkədə aclıq hökm sürürdü, insanlar çörək maşınlarının arxasınca qaçırdılar. Ulu Öndər bizi o qaranlıq tuneldən çıxardı və xalqımızı xilas etdi. 

O zamandan başlayaraq Azərbaycanda inkişafın əsası qoyuldu. 1992-ci ildə ökəmizdə inflyasiyanın səviyyəsi 1174 faiz, 1993-cü ilin əvvəllərində 1081 faiz təşkil edirdi. Ümummilli Lider 1996-cı ildə Azərbaycanda iqtisadi inkişafı bərpa etdikdən sonra qısa zaman ərzində ölkəmizdə inflyasiyanın səviyyəsi 2,8 faizə düşdü. Bu isə Heydər Əliyevin dahi şəxsiyyətini bir daha sübut edir. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri, Ulu Öndərə qarşı planlaşdırılan sui-qəsdlər, düşmənlər müxtəlif üsullardan istifadə edirdilər ki, Ümummilli Liderin Azərbaycanın inkişafı ilə bağlı tutduğu yoldan uzaqlaşdırsınlar. Lakin heç biri çirkin niyyətlərinə nail ola bilmədilər”.

Parlament üzvünün sözlərinə görə, Ulu Öndərin arxasında ümumxalq sevgisi dayanırdı:

"Ümummilli Lider xalqına söykənərək müstəqil Azərbaycan dövlətinin siyasətini müəyyən etdi. Bu gün də hər bir Azərbaycan vətəndaşı, xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin nurlu xatirəsini ehtiramla yad edir. Bugünkü inkişaf və tərəqqimizin, sabitliyimiz və təhlükəsizliyimizin kökündə Ulu Öndərin müəyyən etdiyi siyasət dayanır. Prezident İlham Əliyevin də dəfələrlə çıxışlarında vurğuladığı kimi, bizim bütün qazandığımız nailiyyətlərin əsasında Ümummilli liderin müəyyən etdiyi siyasətə sadiqlik dayanır. Bunun nəticəsidir ki, Azərbaycan bu gün sürətlə inkişaf edir, beynəlxalq səviyyədə böyük bir nüfuza malik bir dövlətə çevrilir”.

E.Nəsirov bildirib ki, Azərbaycan bu gün beynəlxalq aləmdə təkcə subyekt deyil, bir aktor səviyyəsində fəal oyunçudur:

"Avropanın enerji təhlükəsizliyində ölkəmiz çox böyük töhfələr verir. Ümumiyyətlə, dünyanın təhlükəsizlik təminatında ölkəmizin böyük töhfələri var. Bunun hər biri Ulu Öndərin müəyyən etdiyi siyasətdən qaynaqlanır, onun yolunun Prezidentimiz İlham Əliyev tərəfindən novatorcasına davam etdirməsindən qaynaqlanır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu